Play Store

Əhməd Əhmədzadə: "20 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib"

07:32 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

[ 28 Yanvar 2015 07:18 ]

"34 şəhər və rayonun 241 yaşayış məntəqəsinin əkin sahələrinin suvarılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə 300 subartezian quyusu qazılacaq"

Bakı-APA. 171 min hektar sahədə suvarılan torpaqların su təminatı və 178 min hektar sahədə meliorativ vəziyyəti yaxşılaşdırılıb, 20 min hektar yeni suvarılan sahələr kənd təsərrüfatı dövriyyəsinə cəlb edilib, 1194 ədəd subartezian quyusu qazılıb. APA-nın verdiyi xəbərə görə, bunu “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı zamanı “Meliorasiya və Su Təsərrüfatı” Açıq Səhmdar Cəmiyyətinin sədri Əhməd Əhmədzadə deyib. Onun sözlərinə görə, sel və daşqınlara qarşı Kür, Araz və dağ çaylarında 1000 kilometrdən artıq sahilbərkitmə, bəndlərin möhkəmləndirilməsi işləri həyata keçirilib.

 

Əhməd Əhmədzadə bildirib ki, “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda respublikanın 50 rayon və 3 şəhərində çoxsaylı meliorasiya-irriqasiya tədbirlərinin həyata keçirilməsi nəzərdə tutulub. Həmin tədbirlər üzrə 2014-cü ildə müvafiq işlər həyata keçirilib. Şimal zonasının 6 çayından Samur-Abşeron kanalına əlavə 320 milyon kubmetr su verilməsi üçün tikinti işlərinə başlanılıb və hazırda bu işlər davam etdirilir.

 

“Taxtakörpü su anbarının tikintisi ilə əlaqədar 30 min hektara yaxın yeni suvarılan torpaqların istifadəyə verilməsinin sürətləndirilməsi barədə verilən tapşırıqların icrası olaraq, ilkin mərhələdə rayonun 3400 hektar torpaq sahələrində meliorativ tədbirlərin həyata keçirilməsinə başlanılıb.

 

2014-cü il noyabrın 15-də  açılış mərasimi keçirilmiş Su Elektrik Stansiyası ilə birgə Şəmkirçay su anbarının tikintisinin başa çatdırılması ilə Şəmkir, Göygöl, Samux və Goranboy rayonlarının 54 min hektar torpaq sahələrinin su təminatının yaxşılaşdırılması, 17 min hektar yeni suvarılan sahələrin istifadəyə verilməsi, eləcə də Gəncə və Şəmkir şəhərlərinin içməli su ilə təmin edilməsi və ildə 56 milyon kilovat elektrik enerjisinin istehsal edilməsi mümkün olacaq.

 

2014-cü ildə Dünya Bankının krediti hesabına respublikanın 8 rayonunda içməli su təchizatı və kanalizasiya sistemləri infrastrukturunun bərpası və tikintisi işləri davam etdirilib, 10 rayonda isə 36 min hektar sahədə suvarma-drenaj şəbəkələrinin təmir-bərpası işləri başa çatdırılıb. Respublikanın 32 rayonunun 223 yaşayış məntəqəsində əkin sahələrinin suvarma və əhalinin içməli suya olan tələbatının ödənilməsi üçün 250, ümumilikdə isə 305 ədəd subartezian quyuları qazılıb”.

 

Əhməd Əhmədzadə qeyd edib ki, ölkədə iri taxılçılıq təsərrüfatlarının yaradılması barədə verilən tapşırığa əsasən Füzuli və Ağcabədi rayonlarının ərazilərində 1725 hektar az məhsuldar qış otlaq sahələri suvarma suyu ilə təmin edilib, Neftçala rayonunda isə bu məqsədlə Kür çayı üzərində nasos stansiyasının və suvarma kanalının tikintisi işləri davam etdirilir.

 

“İstismar tədbirləri və əsaslı təmir işləri üçün ayrılmış vəsait hesabına su anbarlarında, hidroqovşaqlarda, 67 kilometr suvarma və kollektor-drenaj şəbəkəsində, 90 hidrotexniki qurğuda, 71 nasos stansiyasında, 91 subartezian quyusunda və bir sıra digər obyektlərdə əsaslı təmir, bərpa və yenidənqurma işləri görülüb. Kür, Araz və onlara qovuşan çaylarda 91 kilometr məsafədə sahilbərkitmə və torpaq mühafizə bəndlərində möhkəmləndirmə işləri görülüb.

 

2014-cü ildə havaların kəskin isti və quraq keçməsi səbəbindən respublikanın çaylarında sululuq çoxillik normalardan xeyli az olub, bir sıra dağ çaylarının suyu tamamilə qurumuşdur. Mingəçevir, Şəmkir, Araz, Ağstafaçay, Coqazcay və digər su anbarlarında toplanılmış su həcmləri də normadan az olub. Lakin ölkəmizin su təhlükəsizliyi sahəsində strateji əhəmiyyətə malik olan Taxtakörpü su anbarının istifadəyə verilməsi nəticəsində yay mövsümündə Samur sərhəd çayında su ehtiyatlarının kəskin azalmasına baxmayaraq, anbarda toplanan su hesabına Bakı, Sumqayıt şəhərlərinin və Abşeron yarımadasının əhalisinin, sənayesinin və kənd təsərrüfatının su təminatını ödəmək üçün əlavə olaraq 260 milyon kubmetrə yaxın su verilməsi mümkün olub. Görülmüş təxirəsalınmaz tədbirlər nəticəsində suvarılan torpaq sahələri əsasən suvarma suyu ilə təmin edilib, respublika üzrə bütün kənd təsərrüfatı bitkiləri 1361 min hektar sahədə orta hesabla 3,2 dəfə suvarılmışdır.

 

Dövlət Neft Fondundan “Samur-Abşeron suvarma sisteminin yenidən qurulması” layihəsinə ayrılmış vəsait hesabına Xızı rayonunda ümumilikdə 7100 hektar (5415 hektar yeni suvarılan), Siyəzən rayonunda isə 4670 hektar (3963 hektar yeni suvarılan) sahədə meliorativ tədbirlər başa çatdırılacaq. Bu da yeni istifadəyə veriləcək 9378 hektar sahədə iri kənd təsərrüfatı müəssisələrinin yaradılmasına imkan verəcək. Şabran rayonunda isə yaxın vaxtlarda meliorativ tədbirlərin layihə sənədləri başa çatdırılaraq bu işlərə başlanılacaq. 20 min hektara yaxın əkin sahələrinin su təminatının yaxşılaşdırılması üçün ümumi sututumu 20 milyon kubmetr olan Tovuzçay su anbarının, Şəmkirçay su anbarı zonasında isə əkin sahələrini suvarma suyu ilə təmin edəcək magistral kanalların tikinti işləri başa çatdırılaraq istifadəyə veriləcək.

 

Ehtiyat fondundan ayrılan vəsait hesabına 34 şəhər və rayonun 241 yaşayış məntəqəsinin əkin sahələrinin suvarılması, habelə əhalinin içməli suya olan tələbatının ödənilməsi məqsədilə 300 subartezian quyusu qazılacaq.

 

Dünya Bankının krediti ilə respublikanın 8 rayonunda içməli su və kanalizasiya sistemlərinin yenidən qurulması, 15 rayonda təsərrüfatdaxili suvarma və drenaj şəbəkələrinin təmir-bərpası və tikintisi işləri davam etdiriləcək.

 

Cari ildə kənd təsərrüfatı əkinlərinin tələbata uyğun olaraq suvarma suyu ilə təmin edilməsi, torpaqların su təminatının və meliorativ vəziyyətinin yaxşılaşdırılması, mövcud sistemin modernləşdirilməsi, normal istismarının təmin edilməsi və su ehtiyatlarından səmərəli istifadə edilməsi istiqamətində işlər də davam etdiriləcək”, deyə Əhməd Əhmədzadə bildirib.

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370618

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR