Qaraçuxurun qara bəxtli yolları. Dərdə əlac tapılmır - FOTO

Qaraçuxurun qara bəxtli yolları. Dərdə əlac tapılmır - FOTO
08:47 28 Yanvar 2015
538 Sosial
Ölkə mətbuatı
A- A+

Bakı meri Hacıbala Abutalıbov bu qəsəbədə yaşayır
Bakının Suraxanı rayonu, Qaraçuxur qəsəbəsində illərdir davam edən yol problemi, orada yaşayan insanları bu qəsəbədən bezdirib.

Sakinlərin Milli.Az-a dəfələrlə göndərdikləri şikayət məktublarında da bildirilir ki, yollar illərdir təmir olunmur və bu da qəsəbədə dözülməz tıxacların yaranmasına gətirib çıxarır.

Qəsəbənin əsas yollarından biri olan Gənclik prospekti adlanan yolu adı ilə tərs-mütənasibdir. Prospekt ona verilən gənc adından daha çox qocanı xatırladır.



Bəhs etdiyimiz yol hər kəsin tanıdığı Qaraçuxur məscidindən Bakıxanov Ticarət Mərkəzinə (Razin "Tolkuçka"sı) qədər olan yoldur. Bu yol Əhməd Mehbalıyev küçəsi ilə Gənclik prospektinin kəsişdiyi yoldur.



Qaraçuxurun nəqliyyat sistemi xaos vəziyyətindədir. Bu isə cəmi 2-3 km olan yolun təmir edilməməsi ilə bağlıdır. Aidiyyəti qurumlar bu qəsəbəni, sanki, yaddan çıxarıb.

Xatırladaq ki, bu qəsəbədə Bakı meri Hacıbala Abutalıbov və daxili işlər nazirinin keçmiş müavini Əsgər Ələkbərov yaşayırlar.

Bakının mərkəzində günün ancaq pik saatlarında tıxac olduğu bir vaxtda, Qaraçuxurda məhz yol problemli olduğuna görə günün istənilən saatında tıxacda qalmaq mümkündür.





Bu tıxacların yaranması sürücüləri artıq Qaraçuxura "Neftçilər" metrosu və Bakıxanov qəsəbəsi tərəfdən yox, Babək prospekti tərəfdən gəlməyə məcbur edir. Bu isə əlbəttə, hər iki tərəfdən Qaraçuxura girişi çətinləşdirir.

Qəsəbə ilə bağlı poblemləri aydınlaşdırmaq üçün aidiyyəti qurumlara müraciət etdik. Lakin Suraxanı Rayon İcra Hakimiyyətindən heç kim telefon zənglərimizə cavab vermədi.

Hadisə yerindən çəkdiyimiz fotolar avtomobillərin gur olmadığı bir vaxtda, bazar günü çəkilib. Qeyri-iş günü olan gündə yaranan belə vəziyyəti ara günlərdə təsəvvür etmək, yəqin ki, çətin olmaz.



Xatırladaq ki, Prezident İlham Əliyev 2011-ci il martın 11-də Bakı şəhərinin qəsəbələrində avtomobil yollarının tikintisi və təmiri ilə bağlı tədbirlər haqqında sərəncam imzalayıb.

Sərəncama görə, Bakı şəhəri ərazisində qəsəbələrarası və qəsəbədaxili avtomobil yollarının tikintisi və təmiri üçün Azərbaycan Respublikasının 2011-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Respublikası Prezidentinin ehtiyat fondundan Bakı Şəhər İcra Hakimiyyətinə 10,0 (on) milyon manat məbləğində vəsait ayrılıb.

Sərəncam verilib, qalır onu icra etmək...

Elşən İmanov
Milli.Az
























Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/320919.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR