Azərbaycan Prezidentinin ibrətamiz tələbləri

Azərbaycan Prezidentinin ibrətamiz tələbləri
10:53 28 Yanvar 2015
95 Ölkə
Ölkə mətbuatı
A- A+

Baş direktorun müavini, siyasi icmalçı

Arzu Nağıyev - Trend:

Prezident İlham Əliyevin "Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda çıxışı bir daha göstərdi ki, xalqla hakimiyyət arasında səmimi inam var. Cəmiyyət hakimiyyətinə, Prezidentinə inanır. Prezident isə xalqın birinci xidmətçisi olduğunu bir daha bəyan etdi. Budur Azərbaycanı dünyada, regionda fərqləndirən cəhət. Birlik, inam, qarşılıqlı hörmət ölkəni qüdrətləndirir, ictimai-siyasi sabitliyi inkişaf etdirir.

Məlumdur ki, ölkədə quruculuq işləri böyük vüsətlə gedir, müxtəlif layihələr həyata keçirilir. Bunların icraçıları isə eyni zamanda, yerli sahibkar və iş adamlarıdır. Məlumdur ki, hər bir yerdə yerli icra orqanlarının rəhbərləri, icra başçıları, vəzifəli şəxslər sahibkarlara kömək göstərməlidirlər. Onların fəaliyyətinə dəstək verməlidirlər, onları incitməməlidirlər, onların işinə müdaxilə etməməlidirlər, qanunsuz tələblər irəli sürməməlidirlər. Budur Prezidentin tələbi.

Dünyada baş verən təlatümlərə, iqtisadi tənəzzülə və ümumiyyətlə, bütün çətinliklərə baxmayaraq, Azərbaycanda bu gün mövcud olan resurslarla regionlarda quruculuq işlərini daha sürətlə davam etdirmək mümkündür. Bu istiqamətdə işlər gedir. Lakin buna əngəllər törətməyə çalışan məmurlar, iş icraçıları var, saxtakarlıq, rüşvətxorluq halları tam aradan götürülməyib.

Azərbaycan Prezidenti öz çıxışında korrupsiya və rüşvətxorluğa qarşı mübarizənin gücləndirilməli olduğunu da vurğuladı: “Korrupsiyaya və rüşvətxorluğa qarşı mübarizədə böyük uğurlar var. Beynəlxalq qurumlar da bunu qeyd edir, əhali də bunu yüksək qiymətləndirir. Cəza tədbirləri, inzibati tədbirlər və sistem xarakterli islahatlar aparılır ki, biz bu bəlanı, bu yaranı aradan götürək”.

Dövlət başçısının bu ifadələri bir daha onu göstərir ki, hakimiyyətin apardığı siyasətin prioritet istiqaməti Azərbaycan xalqının rifahına, problemlərin yüksək səviyyədə həllinə yönəlib və Prezident üçün Azərbaycanın adi bir vətəndaşının hüquqları istənilən bir məmurun səlahiyyətlərindən dəfələrlə üstündür. Bu şəraitdə hər bir dövlət məmuru öz vəzifə borcunu şərəflə yerinə yetirməlidir, insanlara qulluq etməlidir və təvazökar olmalıdır. Ancaq bəzi hallarda təvazökarlıqdan, ümumiyyətlə, söhbət getmir.

Prezident çox düzgün olaraq ən ümdə məsələni qaldırdı: kimliyindən asılı olmayaraq, hər kəs millətə, xalqa, dövlətə xidmət etməlidir. Prezident öz çıxışında "xalqın birinci xidmətçisi mənəm" fikrini səsləndirib. Bu, bir ibrətamiz məsləhət, tələb kimi səslənir. Hər bir məmur da bundan özü üçün müvafiq nəticə çıxarmalıdır və bu onun birbaşa vəzifə borcudur…

Həmişə xalq qarşısında alnıaçıq, üzüağ olması üçün isə hər bir məmurun, icra strukturunun insanların həyatı ilə yaşaması, onların problemlərinə biganə yanaşmaması, diqqətli olması, problemlərin həllində peşəkarlıq və diqqət nümayiş etdirməsidir.

Yəni öz işinə məsuliyyətlə yanaşmayan, bu xalqın zəhməti, əziyyəti hesabına varlanan məmurlar ən ağır vicdan əzabı və cəzalarını çəkməlidirlər. Prezidentin xəbərdarlığı da bundan ibarətdir və hər bir vətəndaş əmin olmalıdır ki, xalqın malına xor baxanlara heç bir güzəşt olmur, cəzanın geci-tezi var…

Azərbaycan Prezidentinin təvazökarlıqla dediyi "xalqın birinci xidmətçisi mənəm” kəlamı hər bir məmur üçün örnəkdir.


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/politics/2357921.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR