Prezident təqaüdçüsü: "Bakı Ali Neft Məktəbi öz seçimim idi"

Prezident təqaüdçüsü: "Bakı Ali Neft Məktəbi öz seçimim idi"
11:37 28 Yanvar 2015
138 Sosial
Ölkə mətbuatı
A- A+

“Burada təhsilin keyfiyyəti çox yüksəkdir”
Məmişov Şaiq Paşa oğlu 1997-ci ildə Kürdəmir rayonunun Muradxan kəndində anadan olub. 2003-2014-cü illərdə Məmiş Abdullayev adına Muradxan kənd tam orta məktəbində təhsil alıb.

BANM İctimaiyyətlə əlaqələr şöbəsindən Milli.Az-a verilən məlumata görə, 2014-cü ildə həmin məktəbi əla qiymətlərlə bitirərək, TQDK-nın keçirdiyi qəbul imtahanlarında yüksək bal – 685 bal yığaraq, Bakı Ali Neft Məktəbinin Proseslərin avtomatlaşdırılması mühəndisliyi fakültəsinə qəbul olub, Prezident təqaüdçüsüdür.

- Şaiq, Bakı Ali Neft Məktəbinə yüksək balla daxil olan Prezident təqaüdçülərindən biri sənsən. Yəqin ki, orta məktəbdə yüksək qiymətlərlə oxumusan.

- Kiçik yaşlarımdan elmə böyük marağım olub. Orta məktəbi əlaçı olaraq bitirdim. On birinci sinifdə oxuyarkən riyaziyyat üzrə fənn olimpiadasında iştirak etdim və rayon üzrə 1-ci yeri tutdum. Məktəbi bitirdikdən sonra qəbul imtahanında 685 bal yığaraq Bakı Ali Neft Məktəbinin (BANM) Proseslərin avtomatlaşdırılması mühəndisliyi ixtisasına qəbul oldum.

- Qəbul imtahanı necə keçmişdi? İmtahandan qabaq və imtahandan sonrakı təəssüratların hansılardır?

- Qəbul imtahanından əvvəl də, sonra da, xüsusilə nəticələri gözləyərkən çox həyəcanlıydım. İmtahana 700 bal yığmaq və Prezident təqaüdçüsü olmaq ümidi ilə girmişdim. Əvvəlcə imtahanda topladığım balımı, sonra daxil olduğum ali təhsil ocağını, sonda isə Prezident təqaüdçüsü olduğumu öyrəndim. Xüsusilə, son iki xəbərdən sonra özümü çox xoşbəxt hiss edirdim.

- İmtahanda 600 baldan yüksək nəticəni göstərmək üçün abituriyent hansı öhdəlikləri üzərinə götürməlidir və ixtisas seçimini necə etməlidir? Niyə bu ixtisası və BANM-ni seçdin və bu seçimi etdikdə hansı məqsədləri qarşına qoydun?

- Sınaq imtahanlarında nəticələrim getdikcə yüksəlir, eyni zamanda, həyəcan getdikcə artırdı. Bütün yaxınlarım, həmçinin müəllimlərim də məndən yüksək nəticə gözləyirdilər. Onların bu diqqəti məndə olan həvəsi daha da artırırdı. Abituriyentlərə məsləhətim odur ki, dərslərinə və müəllimlərin tapşırıqlarına xüsusi məsuliyyətlə yanaşsınlar. İxtisas seçiminə gəldikdə isə, təhsil keyfiyyətini üstün tutaraq, öz bacarıqlarına, biliklərinə uyğun olan istədikləri ixtisası seçsinlər. Yaxınlarından və valideynlərdən bu seçimdə kömək ala bilərlər, mənim üçün də valideynlərimin xeyir-duası önəmli oldu. Qazandığım uğurlarda valideynlərimin əvəzsiz rolu var. Amma son qərarı özün verməlisən. Bakı Ali Neft Məktəbi öz seçimim idi. Əlbəttə ki, burada təhsilin yüksək keyfiyyətli, o cümlədən, tədrisin ingilis dilində olması məni cəlb etdi və inandım ki, ali təhsil həyatımı burada müvəffəqiyyətlə davam etdirə bilərəm. Bu, belə də oldu.

- Gələcəyin mühəndisi olmaq fikrinə necə gəlmisən?

- Dəqiq elmlərin bu sahəyə xüsusi təzahürü və mühəndis peşəsinə marağım mənim bu qərara gəlməyimə güclü təsir göstərdi. Dəqiq elmləri sevirəm və onların ən gözəl tətbiqinin mühəndislikdə olduğunu hesab etdiyim üçün mühəndis olmaq fikrinə gəlmişəm. Gələcəkdə BANM-dəki təhsili uğurla bitirib daha da yüksək pillələrə qalxmaq və öz ixtisasım üzrə güclü mühəndis olmaq niyyətindəyəm. İstərdim ki, Azərbaycanın neft-qaz sektorunda xususi töhfəm olsun və aparıcı yerlərdən birində olum.

- BANM-də ali təhsil almaq arzusunda olan abituriyentlərə nə məsləhət görərdin? Buradakı təhsili necə dəyərləndirirsən?

- BANM-yə qəbul olmaq arzusunda olanlar çox yaxşı çalışmalıdırlar. Bura daxil olmaqla da hər şey bitmir, əksinə, bundan sonra dinamik sosial və mədəni həyat, müasir və yüksək keyfiyyətli təhsil başlayır. Bunun üçün də güclü zehin, texniki fənlərdən biliklər, zəhmətkeş və bacarlqlı olmaq lazımdır. Burada təhsilin keyfiyyəti çox yüksəkdir. Bu ali məktəbi uğurla bitirən hər bir tələbə Avropa standartlarına cavab verən və ən çox tələb olunan mühəndis kadrlardan birinə çevrilir.

- Özünü gələcəkdə harada görürsən və hansı planların var?

- Gələcək üçün məqsədlərimdən birincisi ingilis dili üzrə biliklərimi mükəmməlləşdirmək, ali məktəbi fərqlənmə diplomu ilə bitirmək və peşəkar mühəndis olaraq Azərbaycanın neft-qaz sektorunda çalışmaqdır.

Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/321357.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR