Ruslar ətimizi yeyəcək

Ruslar ətimizi yeyəcək
12:31 27 Dekabr 2014
172 Sosial
Ölkə mətbuatı
A- A+

Rauf 35 ildən çoxdur ki, Rusiyada yaşayır, əvvəllər Azərbaycana gələndə özü ilə kolbasa gətirirdi, indi tərsinədir. Hər dəfə gedəndə özü ilə xeyli kolbasa aparır. “Burdakı kolbasaların tərkibində ət daha çoxdur. Rusiyada kolbasa soyadan, zülal əlavələrindən düzəldirilir, yemək olmur. Ənənəvi dad sizin kolbasalardadır”,- deyə Rauf ANS PRESS-in əməkdaşı ilə söhbət zamanı bildirib.

Hələ ki, Azərbaycan kolbasaları Rusiyaya bu cür fərdi yollarla aparılır. Amma ANS PRESS-in məlumatına görə, yaxın zamanlarda bu, rəsmi yollarla gerçəkləşdiriləcək və bir neçə şirkət Rusiyaya emal edilmiş ət məhsullarının ixracına başlayacaq. Bir neçə həftə öncə Azərbaycanın ət və süd emalı müəssisələrinə baş çəkmiş Rusiya istehlakçı hüquqlarının müdafiəsinə nəzarət üzrə federal agentliyinin (Rospotrebnadzor) nümayəndələri Azərbaycanın iki kolbasa zavodunda da olublar. Bakıda və Gəncədə yerləşən zavodlar istehsal etdikləri kolbasa məhsullarını çoxdan Rusiyaya ixrac etmək istəyirlər və onlar ilk növbədə halal üsulla istehsal etdikləri məhsullara alıcı tapacaqlarına ümid edirlər.

“Rospotrebnadzor” yaxın zamanlarda öz fikrini deməlidir və Dövlət Baytarlıq Xidmətinin (DBX) baş məsləhətçisi, aparıcı baytar həkimi Fizuli Qurbanovun fikrincə, Rusiyadan müsbət cavab gələcək. Onun sözlərinə görə, Azərbaycanın kolbasa zavodları istehsal zamanı bütün baytarlıq-sanitariya normalarına cavab verirlər. “5-10 il qabaq ət emalı müəssiələri baytarlıq nəzarətindən keçmək istəmirdilər. Amma indi vəziyyət dəyişib. Artıq müəssisələrin əksəriyyətində xüsusi laboratoriyalar var. Onlar daxil olan məhsullara, həm də istehsal olan məhsullara özləri nəzarət edirlər”,- deyə Fizuli Qurbanov ANS PRESS-ə bildirib.

O, Azərbaycan kolbasalarının Hindistandan gətirilən və bu, halal qaydalarla kəsilmiş keyfiyyətli ətdən istehsal edildiyini bildirir. Fizuli Qurbanovun bildirdiyinə görə, bir neçə il öncə Azərbaycandan Hindistana xüsusi nümayəndə heyəti gedib və onlar 20-yə yaxın ət emalı sənayesi müəssisəsində olublar. “Onlardan 5-6 müəssisə seçilib və ölkəyə ət həmin müəssisələrdən gəlir. Həmin müəssisələrdə heyvanlar islam qaydaları ilə kəsilir. Hindistanda əte malı müəssisələrinin əksəriyyəti ərəblərin nəzarətindədir. Həmin müssisələri dövlət tərəfindən dəstəklənən Hindistan ət emalı istehsalıları assosiasiyasına daxildir və orada heyvanlar konveyer üsulu ilə, təmizlik qaydalarına tam riayət edilmiş şəkildə kəsilir”,- deyə Fizuli Qurbanov vurğulayır.

Ekspert bəzi “halal” kolbasalarda donuz əti tapılması ilə bağlı deyilənlərə də aydınlıq gətirib. Onun sözlərinə görə, donuz piyini əsasən hisə verilmiş kolbasa istehsalında istifadə edirlər: “Amma halal məhsul istehsalında bitki mənşəli piylərdən istifadə edilir. Həm də ətin tərkibinə donuz əti vurulmur. Geniş istifadə üçün nəzərdə tutulmuş kolbasalara yumşaqlıq vermək üçün onun tərkibinə mütləq donuz əti vurulur. Amma Azərbaycanda halal markalı kolbasalarda bunun əvəzinə soya istifadə edilir”.

Ancaq ekspertin sözlərinə görə, indi dünyada donuz əti bahalaşdığına görə, bu meyl bütün dünyaya yayılmaqdadır. Çünki donuz piyinin əsas istehsalçısı olan ölkələr - Polşa, Almaniya və qismən də Macarıstan Afrika taunu xəstəliyi üzündən məhsulu azaldıb. Rusiyada da bu məhsul azalıb. “Ümumi dünya miqyasında götürəndə kolbasa-sosis istehsalı üçün donuz əti çatdırmaq mümkün deyil. Dünyanın əksər ölkələrində soyadan alınmış piylərdən istifadə edilir. Ona görə də inanmıram ki, kimsə ucuz soya piyini qoyub bahalı donuz ətindən istifadə etin”,- deyə Fizuli Qurbanov vurğulayır.

Rusiyaya ixrac üçün ən çox şansı ət məhsulları sırasına broyler də daxildir. “Rospotrebnadzor” təmsilçiləri Abşeronda, İmişlidə, Kürəmirdə, Ucar və sair rayonlarda yerləşən broyler fabriklərində olublar və hətta Naxçıvana gediblər. Fizuli Qurbanov bu məhsulların da Rusiyaya ixrac üçün şanslı olduğunu bildirir. Onun fikrincə, Azərbaycanda istehsal edilən broyler və ət məhsulları yetərincə keyfiyyətlidir.

O, broyler ətində zərərli hormonlar olması barədə deyilənlərə də açıqlıq gətirib. “Bu quşlara 10-15 gün ərzində müəyyən yem əlavələri verilir ki, böyüsünlər. Daha sonra isə dayandırılır və yalnız yemlə qidalandırılır. Bütün dünyada broyler texnologiyası belədir. Əslində broylerin çəkisi hərəkətsizlikdən artır. Ümumiyyətlə broyler sürətlə böyüyən cinsdir, onlar xüsusi broyler yumurtalarından alınır. 40 günə 1-1,2 kiloqram çəki yığır. Əgər broyler 2-2,5 kiloqram gələrsə, bu, artıq şübhəlidir, deməli, hormonlardan istifadə edilib”, - deyə Fizuli Qurbanov bildirir. Onun sözlərinə görə, Azərbaycanın broyler istehsalçıları hormonlardan çox istifadə etmirlər, çünki bahadır.

“Biz hamımız broylerdən istifadə edirik, gördüyünüz kimi, heç nə olmur. Son dövrdə uşaqların əksəriyəti ev toyuğundan çox broylerə meyl edir. Ev toyuqları ora-bura çox qaçır. Buna görə də onların əzələlərinin rəngi bir qədər fərqli olur, qırmızıya çalır. Amma broylerin bütün əti ağ olur”, - deyə Fizuli Qurbanov bildirir.

Ekspertin fikrincə, Rusiyaya ixrac başlayarsa, indi işləməyən bəzi broylerlər fəaliyyətini bərpa edəcək. Çünki ruslar Azərbaycanın hətta tikilməkdə olan broyler fabriklərinə də baş çəkiblər. “Ruslar Ucarda tikilməkdə olan broyler fabriki ilə də maraqlanırdılar. Yəqin orada istehsal ediləcək məhsulları da almaq barədə fikirləşirlər”,- deyə Fizuli Qurbanov vurğulayır.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR