“Azərsu” ASC-nin sədri: Bir ildə 480 min nəfər içməli su ilə təmin olunub

“Azərsu” ASC-nin sədri: Bir ildə 480 min nəfər içməli su ilə təmin olunub
12:23 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 28 yanvar, AzərTAc 
2004-2008-ci və 2009-2013-cü illəri əhatə edən Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı Dövlət proqramlarına uyğun olaraq su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması üzrə böyük layihələr həyata keçirilmişdir və hazırda icra olunan Dövlət Proqramı çərçivəsində işlər davam etdirilir.
AzərTAc xəbər verir ki, bu barədə “Azərsu” ASC-nin sədri Qorxmaz Hüseynov “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının birinci ilinin yekunlarına həsr olunan konfransda məlumat verib.
Q.Hüseynov qeyd edib ki, ötən dövrdə dövlət investisiyaları və beynəlxalq maliyyə qurumları tərəfindən cəlb olunmuş kreditlər hesabına 40 şəhərdə içməli su və kanalizasiya layihələri icra olunub, artıq 12 şəhərdə işlər yekunlaşıb, digər 28 şəhərdə isə davam etdirilir. Görülmüş işlər nəticəsində bu şəhərlərdə 480 min nəfər içməli su ilə təmin olunub ki, onların da 175 mini ilk dəfə mərkəzləşdirilmiş qaydada su alanlardır.
Memarı ulu öndər Heydər Əliyev olan Oğuz-Qəbələ-Bakı su kəmərinin Abşeron yarımadası ilə yanaşı, su çatışmazlığı müşahidə olunan bəzi regionların problemlərinin həllinə də imkan verdiyini bildirən ASC sədri deyib: “Bu kəmər istismara veriləndən sonra Bakı şəhərinin digər mənbəyi olan Kür sutəmizləyici qurğularında emal olunan suyun bir hissəsi Aran və Muğan bölgəsinə yönəldilmişdir. Bundan əvvəlki proqramın icrası dövründə Şirvan-Muğan qrup su kəməri tikilmiş və Kür sutəmizləyici qurğularının potensialından istifadə etməklə Biləsuvar, Şirvan və Hacıqabul şəhərləri keyfiyyətli içməli su ilə təmin edilmişdir. Gələcəkdə bu mənbədən Salyan və Neftçala şəhərlərinə, həmçinin 121 kəndə də suyun verilməsi nəzərdə tutulmuşdur”.
Q.Hüseynov bildirib ki, 2014-cü ildə həyata keçirilən ən böyük layihə Kür sutəmizləyici qurğularından Sabirabad və Saatlı şəhərlərinə qədər çəkilən magistral su kəmərinin tikintisi olub. Diametri 810 millimetr olan 62 kilometr uzunluğunda magistral kəmərin inşası 8 aya başa çatdırılıb. Ötən ilin dekabr ayında Sabirabad şəhərinə içməli suyun verilməsi mərasimi keçirilib, eyni zamanda, Saatlı şəhərinə də suyun verilməsi təmin edilib. Kəmərlə ötürüləcək suyun həcmi perspektiv inkişaf nəzərə alınmaqla Sabirabad şəhəri və rayonun 28 kəndinin 100 min, Saatlı şəhəri və rayonun 12 kəndinin 47 min, Hacıqabul rayonunun isə 4 kəndinin 10 min sakininin tələbatının ödənilməsinə imkan verəcək.
Mingəçevir, Yevlax və Ucar şəhərlərində realşşadırılan layihələrdən də danışan Q.Hüseynov deyib: “Bu il ölkəmizdə keçiriləcək birinci Avropa Oyunlarının hazırlıq planına uyğun olaraq, Bakı şəhəri ilə yanaşı, Mingəçevir şəhərində də su təchizatı və kanalizasiya sistemlərinin tikintisi ilə bağlı mühüm işlər görülmüşdür. Bu məqsədlə Dövlət Proqramı çərçivəsində Mingəçevir şəhərində 41 kilometr yeni su xətti, 30 kilometr kanalizasiya xətti, 3 ədəd kanalizasiya nasos stansiyası tikilmiş, şəhərin əsas küçə və prospektlərində tikinti işləri qısa müddətdə yekunlaşmışdır.
Eyni zamanda, şəhərdə müasir texnologiyalara əsaslanan və məhsuldarlığı sutkada 50 min kubmetr olan sutəmizləyici qurğunun tikintisinin birinci mərhələsi may ayına qədər başa çatdırılacaqdır. Növbəti illərdə Yevlax şəhərinin içməli su təminatı məqsədilə qurğunun ikinci mərhələsinin tikintisi davam etdiriləcəkdir.
2014-cü ildə Ucar şəhərində su şəbəkəsinin tikintisi tam başa çatdırılmış, 4900 mənzildə smart sayğac quraşdırılmış və şəhər sakinləri fasiləsiz su ilə təmin olunmuşlar”.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Azersu_ASC_nin_sedri_Bir_ilde_480_min_nefer_ichmeli_su_ile_temin_olunub-827986

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR