Azərbaycandan 3 mindən çox tələbə xaricdə təhsil almaq hüququ qazanıb

Azərbaycandan 3 mindən çox tələbə xaricdə təhsil almaq hüququ qazanıb
12:43 27 Dekabr 2014
114 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 dekabr /Trend, müxbir İlkin İzzət/

Dövlət Proqramı çərçivəsində indiyədək 3000-dən çox gənc dünyanın aparıcı ali təhsil müəssisələrində təhsil almaq imkanı qazanıb. Trend Təhsil Nazirlyinin rəsmi saytına istinadən xəbər verir ki, "2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində seçilmiş ali təhsil müəssisələrinin və xaricdə təhsil proqramının prioritet ixtisas istiqamətlərinin siyahıları əvvəlki illərlə müqayisədə 2014-cü ildə daha tez təsdiq olunub.

2014-2015-ci tədris ilində azərbaycanlı gənclərə Dövlət Proqramı çərçivəsində dünyanın 33 ölkəsinin 544 ali təhsil müəssisəsində təhsil almaq məqsədilə müraciət etmək imkanı verilib.

Dövlət Proqramı çərçivəsində namizədlərlə tam şəffaf şəkildə təhsil alacaqları dildə ali təhsil müəssisələrinin, nazirliklərin, qeyri-hökumət təşkilatlarının əməkdaşlarından ibarət tərkibdə komissiyalar tərəfindən müsahibələr aparılıb və obyektiv seçim edilib.

Dövlət Proqramına 2014-2015-ci tədris ili üçün namizədlərin seçimi prosesində şəffaflığın təmin olunması məqsədilə müsahibə zamanı ilk dəfə audio-video çəkiliş aparılıb.

Yüksək rəqabət mühitində keçən seçim prosesində ötən illərə nisbətən fərqləndirici akademik göstəricilərə sahib olan tələbələrin sayı daha çox olub. Dövlət qurumlarının və ali təhsil müəssisələrinin nümayəndələrinin iştirakı ilə keçirilən müsahibələr nəticəsində 572 tələbənin adı dünyanın nüfuzlu ali məktəblərində təhsil almaq hüququ qazanmış proqram təqaüdçüləri siyahısına daxil edilib.

Dövlət Proqramının əsas məqsədi qısa perspektivdə ölkəmizin yüksək rəqabət qabiliyyətli kadrlara olan tələbatını ödəmək olduğundan bu ilki seçimlərdə bakalavriatdan sonrakı təhsil səviyyələrinə üstünlük verilib. Belə ki, seçimlər nəticəsində 309 nəfər magistratura, 44 nəfər doktorantura, 65 nəfər rezidentura təhsili almaq hüququ qazanıb.

Ölkəmiz üçün prioritet müəyyən olunan mühəndislik, tibb, informasiya texnologiyaları sahəsində yüksək göstəricilərə malik, beynəlxalq olimpiada iştirakçıları, müsahibə zamanı yüksək bilik, xarici dil hazırlığı nümayış etdirmiş 154 tələbə isə baza ali tibb və bakalavriat səviyyələrində təhsil almaq imkanı əldə edib.

Layihə çərçivəsində dünyanın nüfuzlu universitetlərində təhsil alan azərbaycanlı gənclərin müsahibələri dərc olunur. Azərbaycanlı tələbələr müsahibələrində oxuduqları universitetlərdəki təhsil mühiti, ixtisaslarına uyğun yüksək biliklər əldə etmək üçün lazım olan keyfiyyətlər, arzuları və gələcək perspektivlər barədə fikirlərini bildirirlər.

İlk dəfə olaraq, 9 nəfər kənd təsərrüfatı, 14 nəfər isə təhsilin təşkili və idarəolunması kimi vacib sahələr üzrə təhsil almaq hüququ qazanıb.

Tələbələr əsasən, Türkiyə, Böyük Britaniya və digər ingilisdilli ölkələrdə təhsil almağa üstünlük veriblər. Sadalanan ölkələrlə yanaşı, Kanadada 29, Rusiyada 25, Avstraliyada 19, ABŞ-da 16 nəfər tələbə təhsilini davam etdirmək imkanı qazanıb.

Təhsil Nazirliyi tərəfindən 2015-2020-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə yeni Dövlət Proqramı hazırlanır.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR