Play Store

"İnsan kapitalı" ixracının qarşısını alacaq sənəd

"İnsan kapitalı" ixracının qarşısını alacaq sənəd
13:05 28 Yanvar 2015
457 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan gənclərinin İnkişaf Strategiyası mükəmməl təhsil, vətənpərvərlik və azərbaycançılıq ruhunda tərbiyəni prioritet elan edir
Srağagün Prezident İlham Əliyev “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın təsdiq edilməsi haqqında Sərəncam imzalayıb. Gənclərin intellektual, fiziki və mənəvi inkişafını, ölkənin sosial-iqtisadi, ictimai-siyasi və mədəni həyatında fəal iştirakını təmin etmək məqsədi daşıyan Strategiyadan irəli gələn vəzifələrin yerinə yetirilməsi Gənclər və İdman Nazirliyinə həvalə edilib. Strategiyanın giriş bəndində qeyd olunub ki, son 10 ildə Azərbaycan bütün sahələrdə mühüm uğurlar qazanıb, insan potensialının inkişafına görə “orta insan inkişafı ölkələri” qrupundan “yüksək insan inkişafı ölkələri” kateqoriyasına daxil olub. Bildirilib ki, bu, əhalinin müxtəlif təbəqələri, o cümlədən gənclər üçün iqtisadi imkanların yeni səviyyədə yaradılması, hüquqların genişləndirilməsi və maddi təminatın möhkəmləndirilməsi deməkdir.

Gənclərin ictimai fəallığı

Strategiyada Azərbaycan gəncliyinin öhdəsinə düşən vəzifələri həmişə layiqincə yerinə yetirdiyi, ölkədə gedən proseslərin önündə olduğu, gənc nəslin istər sovet dövründə, istərsə də müstəqillik illərində Azərbaycanın ictimai-siyasi, sosial-iqtisadi və mədəni həyatında fəal iştirak etdiyi vurğulanıb. Bildirilib ki, minlərlə gənc beynəlxalq miqyaslı tədbirlərdə ölkəmizi uğurla təmsil edib, idmançılarımızın qələbələri sayəsində Azərbaycan bayrağı xarici dövlətlərdə yüksəlib. Gənclər mədəniyyətlərarası dialoqun aparılmasında, beynəlxalq əməkdaşlığın inkişafında fəal olublar. Bunun nəticəsində müxtəlif dövlətlərdə və beynəlxalq qurumlarda ölkəmiz daha yaxından tanınıb, onun tarixi, mədəniyyəti və bu günü haqqında geniş məlumatlar çatdırılıb. Xarici ölkələrdə təhsil alan azərbaycanlı gənclər və məzunlar, orada çalışan gənc mütəxəssislər Azərbaycan diasporunun formalaşmasında və lobbiçilik fəaliyyətində yaxından iştirak ediblər. Son illər ərzində gənclərin ictimai fəallığı daha da yüksəlib, onların idarəetmədəki rolu artıb. Sənəddə gəncliyin inkişafının dövlətin sosial siyasətinin vacib tərkib hissələrindən biri, gənclər siyasətinin gənclərin dinamik inkişafı üçün həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlər kompleksi olduğu xatırlanıb. Qeyd olunub ki, dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar, həmçinin ölkənin yeni inkişaf imkanları Azərbaycanda gənclər siyasətinin yeni strategiyasının hazırlanmasını və qəbulunu zəruri edir.

Beynəlxalq təcrübəyə əsaslanan dövlət gənclər siyasəti

Sənədin “Azərbaycanda gənclər siyasəti sahəsində mövcud vəziyyət” bəndində ölkəmizdə gənclər siyasəti sahəsində mövcud vəziyyət geniş təhlil olunub, ölkənin demoqrafik inkişafında gənclərin mühüm rol oynadığı konkret faktlarla öz əksini tapıb. Bildirilib ki, ölkə əhalisinin 2,7 milyon nəfərini və ya 28,9 faizini yaşı 14-dən 29-dək olan şəxslər təşkil edir. Gənclərin 52 faizi şəhər yerlərində, 48 faizi isə kəndlərdə yaşayır. Onların 49,2 faizini qadınlar təşkil edir. Bağlanılan nikahların böyük əksəriyyəti gənclərin payına düşür. Yeni doğulan uşaqların 82,6 faizi məhz gənc ailələrdə dünyaya gəlir. Gənclərin təhsil səviyyəsi ilbəil artır. 2013/2014-cü tədris ilinin əvvəlinə olan məlumata görə, Azərbaycanda 63 min tələbənin təhsil aldığı 57 dövlət və 1 qeyri-dövlət orta ixtisas təhsili müəssisəsi, tələbələrinin sayı 151 min nəfər olan 37 dövlət və 15 qeyri-dövlət ali təhsil müəssisəsi fəaliyyət göstərir. Xarici ölkələrdə təhsil alan Azərbaycan gənclərinin sayı da artmaqdadır. Son 7 il ərzində 3000-dən çox gənc “2007-2015-ci illərdə Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı” çərçivəsində dünyanın qabaqcıl ali məktəblərinə göndərilib.

“İnsan kapitalı” ixracının qarşısını almaq

Strategiyada qeyd olunub ki, bu gün dövlət siyasətinin əsas prioritetlərindən biri “insan kapitalı”nın ixracının qarşısını almaqdır. Azərbaycan da daxil olmaqla, dünya ölkələrindəki təbii sərvətlərin böyük əksəriyyətinin bərpa olunmaması bu məsələnin əhəmiyyətini daha da artırır. Azərbaycanın beynəlxalq miqyasda öz layiqli yerini tutması da gənclərin üzərinə müəyyən vəzifələr qoyur. Belə ki, ölkəmizi xaricdə yüksək səviyyədə təmsil etmək üçün onların xarici dillərə mükəmməl yiyələnməsi, vətənpərvər olması və azərbaycançılıq ruhunda tərbiyə edilməsi vacib şərtlərdir. Eyni zamanda, yeni nəslin elmi bacarıqlarının inkişaf etdirilməsi və innovativ fəaliyyətinə dəstək göstərilməsi də zəruridir. Gənc nəslin nümayəndələri qanunvericiliyin təkmilləşdirilməsində daha yaxından iştirak etməli, onların institusional bacarıqları artırılmalıdır. Gənclər vətəndaş cəmiyyətinin inkişafında aparıcı rol oynamalı, onların ictimai fəallığının bundan sonra da dəstəklənməsi üçün müvafiq şərait formalaşdırılmalıdır.

Gəncliyin əsas sosial qrupları

“Strategiyanın hədəf qrupları” bəndində sözügedən sənədin əsas hədəfinin yaşı 14-dən 29-dək olan şəxslər, həmçinin yaşı 35-dən çox olmayan şəxslərin nikaha daxil olmasından yaranan gənc ailələr, habelə himayəsində azı bir uşağı olan və yaşı 35-dən çox olmayan tək valideynlər olduğu göstərilib. Yəni, ümumtəhsil məktəblərinin yuxarı siniflərinin və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagirdləri, orta ixtisas və ali təhsil müəssisələrinin tələbələri, gənc alimlər, xaricdə təhsil alan və işləyən, hərbi xidmətdə olan, istehsal və xidmət sahələrində çalışan, dövlət qulluqçuları və seçkili orqanlarda təmsil olunan, yaradıcı və istedadlı, siyasi partiyalarda və qeyri-hökumət təşkilatlarında təmsil olunan, işsiz, ailəli, aztəminatlı ailələrdən olan, qaçqın və məcburi köçkün, sağlamlıq imkanları məhdud və əlil olan, narkomaniyaya və ya QİÇS-ə düçar olmuş gənclər, gənc sahibkar və fermerlər, gənc idmançılar əsas hədəf qruplarıdır.

Məqsəd və vəzifələr

Strategiyanın “Gənclərin inkişafında çağırışlar” bəndində iqtisadi sahədə qazanılan uğurların Azərbaycanda insan inkişafının davamlı yaxşılaşması üçün zəruri resursları təmin etdiyi vurğulanıb. Qeyd olunub ki, bu resursları gənclər üçün imkanların artırılmasına, səmərəli idarəçiliyə və institusional inkişafa yönəltmək zəruridir. Sənəddə Azərbaycan gəncliyinin ümumbəşəri-daxili çağırış və hədəflərinə cavab vermək məqsədilə hazırlanan Strategiyanın 2015-2025-ci illərdə gənclər siyasətinin məqsədlərini, vəzifələrini və icra mexanizmlərini müəyyən edəcəyi bildirilib. “Strategiyanın məqsəd və vəzifələri” bəndinə gəlincə, burada qeyd olunub ki, Strategiyanın məqsədi Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirmək, həmin potensialdan ölkə mənafeləri naminə istifadə etmək, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmaqdır. Bunun üçün gənclər forumlarının təşkili və keçirilməsi barədə gənclərlə məsləhətləşmələr aparmaq, forumlararası dövrdə vəziyyətin təhlili və əldə edilmiş təcrübə barədə müzakirələr təşkil etmək, illik hesabatlar hazırlamaq və maraqlı tərəflərə təqdim etmək, gənclər siyasəti sahəsində çalışan mütəxəssislərin bilik və bacarıq səviyyəsini yüksəltmək, onların hazırlığı və yenidənhazırlığı üçün mütəmadi təlimlər keçirmək, gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlər həyata keçirmək və bu kimi çoxsaylı vəzifələr nəzərdə tutulub.

Kadr potensialının təkmilləşdirilməsi

“Strategiyanın icra mexanizmləri” bəndində göstərilib ki, strategiya ilə müəyyənləşdirilmiş vəzifələrin icrası istiqamətində institusional tədbirlərin, müvafiq strukturların rolu böyükdür. Bu strukturlara mərkəzi və yerli icra hakimiyyəti orqanlarının, habelə bələdiyyələrin və digər təşkilatların nəzdindəki qurumlar daxildir. Həmin qurumlar üç funksiyanı icra etməlidir: tənzimləmə, təşkilati-sərəncamverici və nəzarət. Strategiyanın həyata keçirilməsi üçün dövlət gənclər siyasətinin kadr potensialının təkmilləşdirilməsi də nəzərdə tutulub. Bunun üçün dövlət gənclər siyasəti sahəsində çalışanların hazırlığı və yenidən hazırlığı sisteminin təkmilləşdirilməsi, dövlət gənclər siyasətinin məlumat bazasının yaradılması, davamlı təkmilləşdirilməsi və zənginləşdirilməsi kimi tədbirlər icra ediləcəkdir. Bu bənddə Strategiyanın icra mexanizmlərinin digər tərkib hissəsinin maliyyələşdirmə ilə bağlı olduğu vurğulanıb. Bildirilib ki, maliyyələşdirmə dövlət vəsaiti (büdcə və büdcədənkənar fondlar), həmçinin qanunvericiliklə nəzərdə tutulan digər mənbələrdən həyata keçiriləcək.

Gözlənilən nəticələr

Sənədin sonuncu “Gözlənilən nəticələr” bəndində strategiyanın səmərəliliyini qiymətləndirmək məqsədi ilə qiymətləndirmə indikatorları sistemi və onların ölçmə mexanizmlərinin yaradılması vurğulanıb. Bildirilib ki, bu indikatorlar görülən işlərlə gənclərin vəziyyəti arasında əlaqəni özündə ehtiva etməlidir. Strategiyaya görə, mövcud “Azərbaycan gəncləri” statistik toplusunun təkmilləşdirilmiş formatı və keçirilən sosioloji tədqiqatlar bu sistemin əsasını təşkil edəcək. Strategiyanın icrasının nəticəsi olaraq 2025-ci ilin sonuna qədər gənclər arasında təhsil səviyyəsinin və peşə təhsili alanların sayının artması, gənc məzunların ixtisaslarına uyğun işlə təmin edilməsi səviyyəsinin yüksəldilməsi, gənclər arasında işsizliyin səviyyəsinin aşağı salınması, gənclərin təhsil müddətində yaşayış şəraitinin yaxşılaşdırılması üçün ali, orta ixtisas və ilk peşə-ixtisas təhsili müəssisələrinin şagird və tələbələrinin yataqxanalarda yerlə təmin edilməsi, ali və orta ixtisas təhsili müəssisələri məzunlarının öz regionlarında ixtisaslarına uyğun işlə təmin edilməsi məsələləri öz həllini tapmalıdır.

Azərbaycan gəncliyinin daha da inkişafı

Bunlarla yanaşı, strategiyanın həyata keçirilməsi ilə gənclərin işçi qüvvəsi çatışmayan regionlara getməsini stimullaşdırmaq məqsədi ilə zəruri məişət və məşğulluq infrastrukturunun yaradılmasına, əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli gənc kadr potensialının formalaşdırılmasına, gənclərin və gənc ailələrin mənzil şəraitinin yaxşılaşdırılması mexanizmlərinin davamlı olaraq təkmilləşdirilməsinə də nail olunacaq. Həmçinin, gənclərdə vətənpərvərlik ruhu daha da yüksəldiləcək, gənclərin ibtidai hərbi hazırlığının səviyyəsi artırılacaq, bu prosesə hərbi mütəxəssislər cəlb ediləcək, gənclərin innovativ ideyalarının və yaradıcı təşəbbüslərinin reallaşdırılması, onların praktikada tətbiqi üçün zəmin yaradılacaq, elm və texnika sahəsində çalışan gənclərin sayı artacaqdır. Strategiyanın reallaşması ilə mədəniyyət və incəsənət, o cümlədən teatr, kino, dizayn və memarlıq sahəsinə gənclərin marağının artmasına, ölkənin regionlarında yaradıcı gənclərin çıxışlarının, sərgilərinin və ustad dərslərinin təşkil, habelə xarici dövlətlərdə onların yaradıcılığının layiqincə təqdim və təbliğ edilməsinə də nail olunacaq. Ən nəhayət, sənəddən irəli gələn vəzifələrin həyata keçirilməsi gənc sahibkarların sayının artmasına, gənclər arasında hüquqpozmaların sayının azalmasına, gənclərin beynəlxalq əlaqələrinin, habelə Azərbaycan üçün prioritet kəsb edən ölkələrin gəncləri ilə əlaqələrinin inkişaf etdirilməsinə səbəb olacaqdır.

Kaspi.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/321375.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR