İtaliyanın “Snam S.p.A.” şirkəti TAP layihəsində 20 faizlik səhmlərin alınması ilə bağlı qərarını bu ilin sonunadək verəcək

İtaliyanın “Snam S.p.A.” şirkəti TAP layihəsində 20 faizlik səhmlərin alınması ilə bağlı qərarını bu ilin sonunadək verəcək
17:18 4 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 4 sentyabr, Nihat Budaqov, AZƏRTAC
İtaliyanın “Snam S.p.A.” şirkəti Azərbaycan qazını Avropaya nəql edəcək “Trans-Adriatik” (TAP) qaz boru kəməri layihəsində 20 faizlik səhmlərin alınması ilə bağlı qərarını bu ilin sonunadək verəcək.
AZƏRTAC “Reuters”ə istinadla xəbər verir ki, bu sözləri “Snam S.p.A.”nın baş icraçı direktoru Karlo Malakarne deyib. O, ilin sonuna kimi bununla bağlı daha çox məlumatları olacaqları qənaətindədir.
K.Malakarne İtaliyanın illik qaz tələbatının bu il 5 faiz artaraq 70-71 milyard kubmetrə çatacağını hesab edir.
O, iyulda TAP-ın bəzi səhmdarlarının öz səhmlərini “Snam S.p.A.”a satmaqda maraqlı olduqlarını, layihədə 20 faizlik səhmin qiymətinin təxminən 400 milyon dollar hesablandığını və bu qiymətin hazırkı bazar qiymətinə tam uyğun olduğunu deyib.
Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Avropaya daşınacaq 3 min 500 kilometr uzunluğunda olan və dünyada inkişaf etdirilən ən kompleks təbii qaz boru kəmərləri zənciri kimi qiymətləndirilən “Cənub” qaz dəhlizi Cənubi Qafqaz Boru Kəməri (CQBK), Trans-Anadolu qaz boru kəməri (TANAP) və TAP-dan ibarətdir. Uzunluğu təxminən 870 kilometr olan Trans-Adriatik qaz boru kəməri Türkiyə ilə Yunanıstan sərhədində yerləşən Kipoi məntəqəsində TANAP-a birləşəcək. TAP-la “Şahdəniz-2”dən çıxarılan qazın Yunanıstan və Albaniya vasitəsilə, Adriatik dənizindən keçməklə İtaliyanın cənubuna, oradan da Qərbi Avropaya nəqli nəzərdə tutulur.
TAP-ın bu layihədəki səhmdarları belədir: bp (20 faiz), SOCAR (20 faiz), Statoil (20 faiz), Fluksiz (19 faiz), Enagas (16 faiz) və Axpo (5 faiz).

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Italiyanin_Snam_SpA_sirketi_TAP_layihesinde_20_faizlik_sehmlerin_alinmasi_ile_bagli_qerarini_bu_ilin_sonunadek_verecek-882084

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR