Prezident Belarus səfirinin etimadnaməsini qəbul edib

Prezident Belarus səfirinin etimadnaməsini qəbul edib
17:54 4 Sentyabr 2015
17 Ölkə
Ölkə mətbuatı
A- A+

Prezident İlham Əliyev sentyabrın 4-də Belarus Respublikasının ölkəmizdə yeni təyin olunmuş fövqəladə və səlahiyyətli səfiri Gennadi Axramoviçin etimadnaməsini qəbul edib. Lent.az-ın Azərtac-a istinadən məlumatına görə, səfir Gennadi Axramoviç fəxri qarovul dəstəsinin qarşısından keçib, etimadnaməsini prezidentə təqdim edib.

 

Prezidentlə görüşdə diplomat ölkəmizə gəldiyi ilk gündən xalqımız tərəfindən ona göstərilən qonaqpərvərliyin və səmimi münasibətin onda xoş təəssürat yaratdığını deyib.

 

Xoş sözlərə görə səfirə minnətdarlığını bildirən dövlət başçısı Azərbaycan xalqının da Belarus xalqına böyük rəğbət bəslədiyini vurğulayıb. Ölkələrimiz və xalqlarımız arasında yüksək səviyyəli əlaqələrə toxunan İlham Əliyev dövlət başçıları və ayrı-ayrı qurumların rəhbərləri arasında səmimi münasibətlərin mövcud olduğunu vurğulayaraq ikitərəfli münasibətlərimizin dostluq və qarşılıqlı yardım prinsipləri əsasında qurulmasından məmnunluğunu ifadə edib.

 

Xalqlarımızı bir-birinə yaxınlaşdıran çoxlu sayda dəyərlərin olduğunu qeyd edən prezident son illər Azərbaycan ilə Belarus arasında əlaqələrin bütün sahələrdə dinamik şəkildə inkişaf etməsinin önəmini diqqətə çatdırıb. Münasibətlərimizin daha da inkişaf etdirilməsinin əhəmiyyətini bildirən prezident bu əlaqələrin möhkəmləndirilməsi baxımından səfirliyin rolunu xüsusi vurğulayıb. Dövlət başçısı G. Axramoviçin diplomatik fəaliyyəti dövründə fəal çalışacağına, yeni əməkdaşlıq formalarının müəyyənləşdirilməsi istiqamətində səylərini əsirgəməyəcəyinə ümidvar olduğunu bildirərək ona diplomatik fəaliyyətində uğurlar arzulayıb.

 

Fövqəladə və səlahiyyətli səfir Gennadi Axramoviç Azərbaycan-Belarus ikitərəfli münasibətlərinin fəal şəkildə inkişaf etdirilməsi və əməkdaşlığımızın bütün sahələrdə daha da genişləndirilməsi ilə bağlı ölkələrimiz arasında əsaslı bazanın yaradıldığını vurğulayıb. G. Axramoviç Azərbaycana səfir kimi təyinatını qəbul edərkən ölkəsinin Prezidenti Aleksandr Lukaşenkodan əlaqələrimizin mövcud baza üzərində əhəmiyyətli və dinamik şəkildə daha da inkişaf etdirilməsi ilə bağlı çox dəqiq göstərişlər aldığını bildirib. Səfir ikitərəfli münasibətlərimizin bütün sahələrdə inkişaf etdirilməsi ilə bağlı səylərini əsirgəməyəcəyini deyib.




Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/213521

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR