x
Loading...

Muxtar respublikanın yol infrastrukturu müasir standartlara uyğun olaraq yenidən qurulur

Muxtar respublikanın yol infrastrukturu müasir standartlara uyğun olaraq yenidən qurulur
17:13 4 Sentyabr 2015
46 Ölkə
Ölkə mətbuatı
A- A+
.


Naxçıvan, 4 sentyabr, AZƏRTAC
“Azərbaycan Respublikasında avtomobil yolları şəbəkəsinin yeniləşməsinə və inkişafına dair (2006-2015-ci illər) Dövlət Proqramı” Naxçıvan Muxtar Respublikasında da yol-nəqliyyat kompleksinin yenilənməsi və beynəlxalq standartlara uyğunlaşdırılması istiqamətində kompleks işlərin görülməsinə təkan verib.
AZƏRTAC xəbər verir ki, Naxçıvan ərazisindən keçməklə Qərb və Şərq sivilizasiyalarını birləşdirən Böyük İpək Yolunun bərpası ölkəmizdə uğurla həyata keçirilən irimiqyaslı layihələrdən sayılır. Ötən illər ərzində bu yol üzərində yerləşən 88 kilometrlik Naxçıvan-Sədərək magistralının, 8 kilometrdən çox uzunluğu olan Naxçıvan dairəvi avtomobil yolunun, 32 kilometr uzunluğundakı Naxçıvan-Culfa magistral avtomobil yolunun inşası uğurla başa çatdırılıb.
Dövlətimizin başçısının müvafiq sərəncamları ilə uzunluğu 39 kilometr olan Təzəkənd-Çalxanqala-Qıvraq dairəvi və uzunluğu 57 kilometr olan Çeşməbasar-Boyəhməd avtomobil yollarının yenidən qurulması həmin istiqamətlərdə yerləşən yaşayış məntəqələrinə gediş-gəlişi asanlaşdırıb.
Bundan əlavə, tikintisinə 2012-ci ildən başlanılmış və ötən il istifadəyə verilmiş Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun yenidən qurulması da muxtar respublikanın əsas avtomobil yolları şəbəkəsini özündə birləşdirən kompleks quruculuq tədbirlərindəndir. Bu avtomobil yolunun yenidən qurulması digər cəhətləri ilə yanaşı, muxtar respublikanın turizm potensialından səmərəli istifadə üçün də hərtərəfli şərait yaradıb.
Muxtar respublikada yol quruculuğu sahəsində görülən işlərin növbəti ünvanı yenə də dövlətimizin başçısının müvafiq Sərəncamı ilə yenidən qurulan və 13 yaşayış məntəqəsini birləşdirən Hacıvar-Sirab-Vayxır avtomobil yoludur. Bu yol Naxçıvan-Şahbuz-Batabat avtomobil yolunun Vayxır kəndi ərazisindən Babək rayonunun Hacıvar kəndinədək olan 26 kilometr hissəsini özündə birləşdirməklə avtomobillərin Naxçıvan şəhərinə daxil olmadan Şahbuz-Culfa-Ordubad və əks istiqamətdə 12 kilometr məsafəyə qənaət etməsinə imkan verir.
Hazırda Azərbaycan Respublikası Prezidentinin 2014-cü il avqustun 27-də imzaladığı “Naxçıvan Muxtar Respublikasının Babək rayonunda Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun yenidən qurulması ilə bağlı tədbirlər haqqında” Sərəncamına uyğun olaraq müvafiq iş aparılır. Yenidən qurulan yol 31 min sakinin yaşadığı 7 yaşayış məntəqəsini birləşdirir. Şəkərabad-Babək qəsəbə-Nehrəm-Arazkənd dairəvi avtomobil yolunun uzunluğu 35 kilometrdir. İlkin olaraq burada yolun genişləndirilməsi həyata keçirilib, torpaqbərkitmə işləri görülüb, ehtiyac duyulan yerlərdə su keçidləri qoyulub. İnşaatçılar dairəvi yolun ayrı-ayrı hissələrinə asfalt salınması ilə məşğuldurlar.
Xatırladaq ki, 1995-2014-cü illər ərzində muxtar respublikada 2592,4 kilometr uzunluğunda yol yenidən qurulub, avtomobil yolları üzərində 100-dən çox körpü tikilib.




Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Muxtar_respublikanin_yol_infrastrukturu_muasir_standartlara_uygun_olaraq_yeniden_qurulur-882119

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR