Bakıda polo üzrə Avropa çempionatının rəsmi açılış mərasimi olub

Bakıda polo üzrə Avropa çempionatının rəsmi açılış mərasimi olub
21:48 4 Sentyabr 2015
96 İdman
Ölkə mətbuatı
A- A+


Bakı, 4 sentyabr, AZƏRTAC
Azərbaycan Respublikası Atçılıq Federasiyası (ARAF), “Elite Horse and Polo Club” və “World Polo”nun birgə təşkilatçılığı ilə Beynəlxalq Polo Federasiyası (BPF) tərəfindən ölkəmizdə keçirilən arena polo üzrə Avropa çempionatının sentyabrın 4-də rəsmi açılışı olub.
AZƏRTAC xəbər verir ki, əvvəlcə milli geyimli çaparlar Azərbaycan Respublikasının, ARAF-ın və Azərbaycan Milli Olimpiya Komitəsinin bayraqlarını meydana gətiriblər. Milli geyimli qızlar və oğlanlar at belində meydana daxil olub, nümunəvi çıxışlar ediblər.
Mərasimdə fəxri qonaq qismində çıxış edən BPF-nin nümayəndəsi arena polo üzrə birinci Avropa çempionatının Bakıda keçirilməsindən məmnunluğunu bildirib. O, diqqətə çatdırıb ki, BPF-nin gənc üzvü olan ARAF artıq polo üzrə iki dünya kuboku yarışlarına ev sahibliyi edib. İndi isə daha böyük tədbir keçirilir. Bütün bunlar Azərbaycanda idmanın, o cümlədən polonun sürətli inkişafından xəbər verir.
Azərbaycan Respublikası Atçılıq Federasiyasının prezidenti Elçin Quliyev ölkəmizdə ilk dəfə keçirilən arena polo üzrə Avropa çempionatının iştirakçılarına uğurlar arzulayıb. Federasiya prezidenti bildirib ki, cari ilin iyununda ilk Avropa Oyunlarına uğurla ev sahibliyi edən Azərbaycan yarışların keçirildiyi mükəmməl idman infrastrukturunu, eləcə də xalqımızın qonaqpərvərliyini, tolerantlığını, qədim və zəngin mədəniyyətimizi, Azərbaycan təbiətinin füsunkarlığını bütün dünyaya nümayiş etdirərək bu mötəbər idman turniri üçün yüksək təşkilatçılıq standartlarını müəyyənləşdirdi. Azərbaycan Prezidenti İlham Əliyevin və ölkəmizin birinci xanımı, Oyunların Təşkilat Komitəsinin sədri Mehriban Əliyevanın rəhbərliyi ilə təşkil olunmuş birinci Avropa Oyunları Azərbaycan dövlətinin iqtisadi qüdrətinin nümayişi olmaqla yanaşı, ölkəmizin beynəlxalq nüfuzunun artmasına mühüm təsir göstərib. Bu baxımdan arena polo üzrə ilk Avropa çempionatı Azərbaycanın idman sahəsində əldə etdiyi uğurların növbəti ifadəsidir. Çünki ötən iki il ərzində ARAF tərəfindən Bakıda təşkil edilən arena polo üzrə dünya kuboku yarışlarından sonra ilk Avropa çempionatına ev sahibliyinin ARAF-a həvalə edilməsi ölkəmizdə idmanın inkişafına göstərilən ali diqqətin, beynəlxalq ictimaiyyət tərəfindən verilən yüksək qiymətin daha bir təzahürüdür.
Federasiya prezidenti Elçin Quliyev ARAF-a göstərilən bu yüksək etimada görə Beynəlxalq Polo Federasiyasının ötən ilin dekabrında Argentinada keçirilən Baş Assambleyasının iştirakçılarına minnətdarlığını bildirib.
Bu turnirdə ilk dəfə olaraq Azərbaycan milli komandasının rəsmi iştirakını xüsusi vurğulayan Elçin Quliyev çaparlarımızın qələbə əzminin yüksək olduğunu qeyd edərək idmançılarımızın onlara bəslənlən ümidləri doğruldacaqlarına əminliyini bildirib. ARAF prezidenti turnirin təşkilində əməyi olan heyətə dərin minnətdarlığını çatdırıb. Qeyd edilib ki, yeni inşa olunan və atçılıq idmanının müxtəlif növləri üzrə bütün yarışlara ev sahibliyi edə biləcək qapalı idman manejində ilk dəfə olaraq arena polo üzrə Avropa çempionatı kimi mötəbər turnir keçiriləcək.
Bütün komandalara uğurlar arzulayan Elçin Quliyev turniri açıq elan edib.
Mərasimdə Azərbaycanın dövlət himni səsləndirildikdən sonra çövkən oyununun tarixi barədə məlumat verilib.
Sonra yarış iştirakçıları meydana dəvət edilib və komandaların təqdimatı olub.
Daha sonra oyunlara start verilib.
Yarışın birinci turunda Binə Atçılıq Mərkəzinin qapalı manejində keçirilən ilk görüşdə Azərbaycan komandası Almaniya yığması ilə qarşılaşıb. Gərgin idman mübarizəsi şəraitində keçən oyunda Azərbaycan komandası 9:7 hesabı ilə qalib gələrək Avropa çempionatına qələbə ilə başlayıb. Seçmə komandamızın heyətində Elçin Camallı, Tərlan Qurbanəliyev və Silvester Qarros yer alıblar.
Digər oyunda İspaniya kollektivi İtaliya komandasını 10:4 hesabı ilə məğlub edib. İsveçrə seçməsi isə İrlandiya millisini 9:6 hesabı ilə məğlubiyyətə uğradıb.
Sentyabrın 5-də - Avropa çempionatının ikinci günündə ilk oyunda Azərbaycan və İtaliya komandaları yarışacaqlar. Sonra İsveçrə - İspaniya, İrlandiya - Almaniya qarşılaşmaları keçiriləcək.
Turnir altı turdan ibarət olaraq keçirilir. Yarışda beşinci və üçüncü yer uğrunda oyun, Avropa çempionatının finalı və yarışların qaliblərinin mükafatlandırılması mərasimi sentyabrın 12-də olacaq.
Keçən il keçirilmiş polo üzrə ikinci dünya kuboku yarışlarında uğurlu çıxışı ilə yadda qalan Azərbaycan komandası bu il də azarkeşlərini sevindirməyə davam edir.
Azərbaycan Respublikası Atçılıq Federasiyası 2013-cü ildən Beynəlxalq Polo Federasiyasının üzvüdür. Bu beynəlxalq turnirin Azərbaycanda keçirilməsi barədə qərar 2014-cü ilin dekabrında Beynəlxalq Polo Federasiyasının Baş Assambleyasında qəbul edilib.



















Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Bakida_polo_uzre_Avropa_chempionatinin_resmi_achilis_merasimi_olub-882197

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR