x
Loading...

Yaqub Mahmudov “Ata yurdu” dərsliyində Lənkəran xanlığı barədə məlumat verilməməsinə aydınlıq gətirib

13:37 28 Yanvar 2015
153 Digər
Ölkə mətbuatı
A- A+
.

[ 28 Yanvar 2015 13:34 ]


Bakı. Ramiz Mikayıloğlu - APA. Azərbaycan Milli Elmlər Akademiyası Tarix İnstitutunun direktoru, millət vəkili Yaqub Mahmudov V sinif üçün “Ata yurdu” dərsliyində Lənkəran xanlığının adının olmaması ilə bağlı səslənən ittihamlara, tarixçi professor Cəmil Həsənlinin bu məqamı çatışmazlıq kimi qabartmasına münasibət bildirib.

 

APA-nın məlumatına görə, Y.Mahmudov jurnalistlərə açıqlamasında deyib ki, son günlər vaxtilə Azərbaycanı etnik qarşıdurma meydanına çevirməyə çalışanlar, cənub bölgəsini Azərbaycandan qoparıb dövlət yaratmağa çalışanlar indi İrəvanda erməni vandallarının ətrafına toplanaraq “Talışıstan” radiosu və televiziyası yaradıb.

 

Y.Mahmudov bildirib ki, Azərbaycanın qüdrətli dövlətə çevrilməsini çoxlarının qəbul edə bilmir və xaricdə müxtəlif istiqamətlərdən təxribat işləri aparılır: “Bu təxribat işlərinin mərkəzlərindən biri də İrəvandır. Dönüklərin İrəvanda çaldıqları “Talışıstan” havasına burada bəziləri oynamaq əvəzinə, Azərbaycan həqiqətlərini, xalqımızın tarixi keçmişini və cənub bölgəsinin yaxın keçmişini yada salmalıdırlar. Yaxın keçmişdə cənub bölgəsində təfriqə salmağa çalışanlara qarşı cənub bölgəsindəki soydaşlarımız vulkan kimi püskürərək cavablarını verdilər. İndi də bu cür havalar cənub bölgəsində müsbət qarşılanmayacaq. Azərbaycan dövlətçiliyinin mərkəzi olan cənub bölgəsi Azərbaycan havası ilə oynayır, onu təzədən çaşdırıb “Talışıstan” havası oynatmaq Vətənə xəyanətdir”.

 

Vaxtilə 5-ci sinfin tarix dərsliyinin “Ata yurdu” dərsliyi olduğunu xatırladan Y.Mahmudov nəzərə çatdırıb ki, bu dərslik təzə konsepsiya əsasındadır, Azərbaycanın elə bölgəsi yoxdur ki, o dərslikdə əksini tapmamış olsun: “İrad tuturlar ki, “Ata yurdu” dərsliyində guya bütün xanlıqların adları sadalanıb. Bu böhtan, yalandır, kitabda bütün xanlıqların adları sadalanmayıb. Kitabda 20-dən artıq xanlıq və sultanlıqdan yalnız 4-nün adı çəkilir. Hansı xanlıqların adı çəkilir? Şəki xanlığının adı çəkilir ki, qoy yeniyetməmiz görsün böyük sərkərdəmiz Nadir şah Əfşarın imperiyası parçalananda ilk müstəqillik bayrağını Şəki xanlığı qaldırdı və Şəki xanı Hacı Çələbi qərb torpaqlarının işğalına qarşı mübarizə apardı, düşmənlərimizi yerində oturdu. İkinci, Qarabağ xanlığı, Şuşa-Pənahabad barədə yazılıb. Pənahəli xan Cavanşir kimdir? Erməni vandallarına qan udduran Azərbaycan qəhrəmanıdır, onun barəsində məlumat verilib, çünki Şuşa bu gün ağır dərdimizdir. Üçüncü, İrəvan xanlığı barədə məlumat verilib, çünki uşağa, yeniyetməyə məlumat verilir ki, orada bu gün Ermənistan dövləti yaradılıb, ora sənin torpağın olub. Yaxud Cavad xan kimi qəhrəmanımız barədə məlumat verilib. Ancaq kitabda bütün xanlıqların adları sadalanmayıb ki, Lənkəran xanlığının adının salınmaması irad tutulsun. 5-ci sinif şagirdinə də bütün xanlıqların adlarını sadalamağa ehtiyac yoxdur.  Hər bir bölgədən ən xarakterik faktlar verilib. Məsələn, kitabı oxuyan cənub bölgəmizin yeniyetmələri qürur hissi keçirəcəklər ki, cənub bölgəsindən olan iki dəfə Sovet İttifaqı Qəhrəmanı Həzi Aslanovun şəkli var və kitabda onun barədə məlumat verilir. Kitabda Lənkəranda qız məktəbinin açılması, soyqırımın həyata keçirilməsi barədə də məlumatlar var. “Ata yurdu” kitabında bütün bölgələrimiz təmsil olunub. Ona görə də bu böhtanları, iftiraları qəbul etmirəm”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370670

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR