FHN yeni evləri istifadəyə verib

FHN yeni evləri istifadəyə verib
13:04 27 Dekabr 2014
262 Ölkə
Ölkə mətbuatı
A- A+

2008-ci il iyulun 8-də Qusar rayonunun Sudur inzibati ərazi dairəsinə daxil olan Qənərçay kəndində baş verən torpaq sürüşməsi nəticəsində evləri qəzalı vəziyyətə düşən sakinlər üçün Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən yeni yaşayış evləri tikilib.

 

APA-nın şimal bürosunun xəbərinə görə, Qusar rayonunun Qənərçay kəndi ərazisində inşası başa çatan 16 fərdi yaşayış evi bu gün sakinlərin istifadəsinə verilib.

 

Açılış mərasimində çıxış edən Qusar rayon İcra Hakimiyyəti başçısının birinci müavini Şahid Fərəməzov sakinləri yeni inşa edilən evlərin istifadəyə verilməsi münasibətilə təbrik edib.

 

FHN-in Şimal Regional Mərkəzinin rəisi Şahin İsrafilov kəndin dəniz səviyyəsindən 1900 metr yüksəklikdə yerləşdiyi üçün tikinti zamanı bəzi çətinliklərin yarandığını bildirib. Buna baxmayaraq, FHN tərəfindən tikinti işləri yüksək səviyyədə həyata keçirilib və yaşayış evləri müasir tələblərə cavab verir.

 

Tədbirdə bildirilib ki, Qusarın Urva kəndində də torpaq sürüşməsi nəticəsində qəzalı vəziyyətə düşən sakinlər üçün də yeni evlər tikilib və yaxın günlərdə istifadə veriləcək.

 

İstifadə verilən yaşayış evləri 2, 3, 4 və 5 otaqlıdır. Bunlardan 7-si 2 otaqlı, 7-si 3 otaqlı, 1-i 4, 1-i isə 5 otaqlıdır.

 

Qeyd edək ki, rayon mərkəzindən 62 km uzaqlıqda, dəniz səviyyəsindən 1900 metr yüksəklikdə yerləşən Qənərçay kəndində 62 ev var. Kənd sakinlərinin sayı isə 390 nəfərdir. Torpaq sürüşməsi nəticəsində evləri dağılan sakinlər üçün yeni evlərin tikintisi FHN-in vəsaiti hesabına həyata keçirilib. Tikilən 16 evlə yanaşı, hər vətəndaş üçün 6 sot torpaq sahəsi də ayrılıb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/188896

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR