Kənan Yavuz: TANAP bölgədəki digər enerji qaynaqlarını Avropa bazarına çıxışını təmin edəcək qabaqcıl və lider layihədir

Kənan Yavuz: TANAP bölgədəki digər enerji qaynaqlarını Avropa bazarına çıxışını təmin edəcək qabaqcıl və lider layihədir
15:33 5 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 5 sentyabr, Nihat Budaqov, AZƏRTAC
Türkiyə və Azərbaycan birgə həyata keçirdikləri nümunəvi layihələrlə bölgə və dünya sülhünə əhəmiyyətli dərəcədə orijinal layihələr təqdim edirlər. Son illərdə əhəmiyyəti getdikcə artan Xəzər dənizinin enerji qaynaqlarının Avropaya daşınması üçün reallaşdırılmaqda olan “Cənub” qaz dəhlizi layihəsi bölgədəki digər enerji resurslar üçün qabaqcıl bir layihə olma xüsusiyyətini qazanıb.
AZƏRTAC xəbər verir ki, bu sözləri “SOCAR Turkey Enerji A.Ş.”nin rəhbəri Kənan Yavuz deyib. “Cənub” qaz dəhlizinin ən əhəmiyyətli hissəsi olan Trans-Anadolu qaz boru kəməri (TANAP) kimi layihələrin Türkiyənin geosiyasi mövqeyini gücləndirdiyini deyən K.Yavuz qeyd edib: “Biz Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (SOCAR) olaraq Türkiyə Respublikası ilə birlikdə çalışaraq reallaşdırdığımız “Cənub” qaz dəhlizinin ən əhəmiyyətli hissəsi olan TANAP layihəsini həyata keçiririk. TANAP bölgədəki digər enerji qaynaqlarını Avropa bazarına çıxışını təmin edəcək qabaqcıl və lider bir layihə olub”.
Azərbaycanın “Şahdəniz-2” yatağından hasil olunacaq qazı Türkiyəyə və qardaş ölkədən də Avropaya nəqlini nəzərdə tutan TANAP-ın uzunluğu təxminən 1850 kilometrdir. TANAP Türkiyənin Gürcüstanla sərhədindəki Ardahan vilayətinin Posof mahalından başlayaraq 21 vilayətdən keçməklə qardaş ölkənin Yunanıstanla sərhədindəki Ədirnə vilayətinin İpsala qəsəbəsinədək uzanacaq. Boru kəmərinin 2018-ci ildə istismara verilməsi planlaşdırılır. TANAP-la Avropaya 10 milyard, Türkiyəyə isə 6 milyard kubmetr Azərbaycan qazının nəqli nəzərdə tutulur. İlkin ötürücülük qabiliyyəti ildə 16 milyard kubmetr olacaq kəmərin bu imkanının 2023-cü ildə 23 milyard kubmetrə və 2026-cı ildə isə 31 milyard kubmetrə çatdırılması nəzərdə tutulur.
“Cənub” qaz dəhlizinin ən uzun hissəsini təşkil edən TANAP Cənubi Qafqaz Boru Kəmərindən (CQBK) alacağı təbii qazı 2020-ci ilin əvvəlindən etibarən “Trans-Adriatik” (TAP) boru kəmərinə qoşularaq Yunanıstan, Albaniya və İtaliyadan keçməklə Avropaya çatdıracaq.
TANAP-ın səhmdarlarının bu layihədə payı belədir: “Cənub” qaz dəhlizi” Qapalı Səhmdar Cəmiyyəti (QSC) - 58 faiz, BOTAŞ - 30 faiz və bp şirkəti - 12 faiz.
SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” adı ilə davam etdirir.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Kenan_Yavuz_TANAP_bolgedeki_diger_enerji_qaynaqlarini_Avropa_bazarina_chixisini_temin_edecek_qabaqcil_ve_lider_layihedir-882306

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR