Məktəb direktorları üçün təlim kursları davam edir

Məktəb direktorları üçün təlim kursları davam edir
19:54 5 Sentyabr 2015
51 Sosial
Ölkə mətbuatı
A- A+

Təhsil Nazirliyi, “Təhsildə İnnovativ Texnologiyalar” Əlavə Təhsil Mərkəzinin və Paris Sorbonna Universitetinin Abu Dabi kampusunun birgə əməkdaşlığı ilə Qubada təşkil olunan “Məktəb idarəetməsi” mövzusunda təlim kursları davam edir.

Lent.az-ın məlumatına görə, məktəb liderləri üçün təşkil edilən bu təlimlər artıq ikinci dəfədir Azərbaycanda təşkil edilir.

Bundan başqa, ötən il yenə Təhsil Nazirliyi, Bakı Təhsil İdarəsi və Paris Sorbonna Universitetinin Abu Dabi kampusunun birgə əməkdaşlığı ilə “Məktəb idarəetməsi” adlı birinci layihə üzrə təlimlər keçirilib. Ötən il təşkil edilmiş həmin təlimlərdə 32 dövlət məktəbinin direktorları iştirak etmişdi.

Yenidən bu yay təşkil edilən “Məktəb idarəetməsi” adlı ikinci layihə çərçivəsində 40 məktəb direktoruna Azərbaycan Dövlət İqtisad Universitetinin Qubada yerləşən Tədris, İdman və  İstirahət Kompleksində təlimlər keçirilir.

Onu da vurğulayaq ki, təlim kurslarında Təhsil Nazirliyinə tabe olan, eyni zamanda, Bakı Şəhəri üzrə Təhsil İdarəsi tərəfindən tövsiyə edilmiş məktəb direktorları ilə yanaşı, 2013-2014-cü ilin buraxılış imtahanlarında yüksək nəticə göstərən Sumqayıt və digər şəhər (rayon) məktəbləri rəhbərləri də iştirak edir.

Region məktəbləri sırasına Ağdaş, Neftçala, Zaqatala, Yevlaxdan məktəbləri də daxildir.

Paris Sorbonna, Abu Dabi Universitetinin Postsovet ölkələri üzrə müşaviri İmran Muxtarovun sözlərinə görə, təlimlər həmin universitetin professoru Florent Pratlong tərəfindən gün ərzində iki dəfə keçirilir. Bu təlim proqramının əsas məqsədi məktəb direktorları üçün qabaqcıl təlim sistemi və effektiv məktəb idarəetməsi anlayışını tanıtmaq, məktəb rəhbərlərinin liderlik potensialını inkişaf etdirməkdir.

 

 “Səhər saat 10-dan günorta saat 1-ə kimi davam edən birinci əsas təlimlərdə əsasən idarəetmə ilə bağlı mövzular müzakirə edilir. İkinci təlimlər saat 14:00 -dan 16:00 -a kimi, ya da  15:00 -dan 17:00 -a kimi davam edir.

Təlimin ikinci hissəsində isə əsasən “Training fun” məzmunlu müxtəlif mövzularda interaktiv oyunlar, fikir mübadilələri təşkil edilir.  Hər gün axşamlar isə film saatı keçirilir”.

Təlim zamanı liderlik, məktəb çərçivəsində şagird sağlamlığının qorunması, vaxtın idarəolunması, təqdimat bacarıqlarının inkişafı və digər mövzularda interaktiv oyunlar, sessiyalar təşkil olunur.

Bakı şəhər 246 nömrəli məktəbin direktoru Almaz Bayramova bu təlimlər sayəsində məktəb idarəetməsində “müasir yanaşma” nın tətbiqini öyrəndiyini, əldə etdiyi təcrübələrin də müsbət nəticələr verəcəyini deyir.  

 

Təlimlərə qatılmaq üçün minnətdar olan Binəqədi rayonu Namiq Babayev adına 144 saylı tam orta məktəbin direktoru Mahmudova Həcər ötən il Təhsil Nazirliyi tərəfindən məktəb direktorları  arasında təşkil edilən müsabiqədə qalib gəldiyi üçün təlimlərə qatılmaq şansı qazanıb. Təlimlər əsnasında həm yeni ideyalar, həm də neçə ilin direktorlarının fikir təcrübələrini öyrəndiyi üçün çox razıdır.

 

 Qeyd etdiyimiz ki, bu ilki təlimlərdə özəl məktəb direktorlarına da yer ayrılıb.

Təlimdə iştirak edən Heydər Əliyev Adına Müasir Təhsil Kompleksinin məktəb direktoru Nasim Abışov bu il özəl məktəb direktorlarına da xüsusi diqqət ayrılmasını təqdirəlayiq hesab edir : “Bu il bizə də təlimlərdə iştirak üçün şans yaradıldığına görə çox şadam. Təlimlərdə liderlik qabiliyyəti, valideyn şagirdlərlə işləmək bacarığı kimi məsələlərlə bağlı öyrəndiklərimi yeni tədris ilindən tətbiq etməyə başlayacam”.

 

Təlimdə iştirak edən Bakı şəhər 49 saylı məktəbin direktoru Təhminə Əsədova, 240 nömrəli məktəbin direktoru Esmira Məmmədova, Sumqayıt şəhər Humanitar Təbiət və Riyaziyyat Təmayyülü liseyin direktoru Adilə Süleymanova təlimlər zamanı, debatlarda hər kəsin öz təcrübəsindən bir şeylər bölüşməsini, öyrədilən yeni bacarıqları çox bəyəndiklərini ifadə edirlər.

 

Xatırladaq ki, avqustun 31-də başlayan  təlimlər sentyabrın 9 -a kimi davam edəcək. Kursun sonunda iştirakçılara məktəb idarəedilməsi ilə bağlı uzun müddətli tapşırıq veriləcək və onun nəticələri əsasında onlayn monitorinq aparılacaq. Monitorinq nəticələrinə əsasən təlimdə iştirak edən direktorlara sertifikatlar veriləcək. 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/213602

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR