x
Loading...
.

Azərbaycan regionun ən güclü sənaye mərkəzinə çevrilir - FOTO

Azərbaycan regionun ən güclü sənaye mərkəzinə çevrilir - FOTO
11:12 6 Sentyabr 2015
45 Digər
Ölkə mətbuatı
A- A+
.

Sənaye Azərbaycan iqtisadiyyatının prioritet istiqamətlərindəndir. Zəngin ənənələrə malik Azərbaycan sənayesi XIX əsrdən etibarən böyük bir inkişaf yolu keçmişdir. Dünyada ilk dəfə 1848-ci ildə Bakıda sənaye üsulu ilə neft hasil edilmişdir. Dünyada ilk neftayırma zavodu və neft tankeri Azərbaycanda istifadəyə verilmiş, 1900-cü ildə Azərbaycan neft hasilatına görə dünyada birinci olmuşdur. İkinci Dünya müharibəsində Azərbaycan SSRİ-nin neft və neft emalı məhsullarının 70 faizdən çoxunu təmin edirdi.

Ötən əsrin 70-80-ci illərində ümummilli lider Heydər Əliyev Azərbaycan iqtisadiyyatının şaxələndirilməsinin əsasını qoymuş, sənayenin inkişafına böyük diqqət yetirmişdir. Bu dövrdə sənayenin inkişafına irihəcmli vəsaitlər yönəldilmiş, bir sıra iri sənaye müəssisələri yaradılmış, sənayenin strukturu təkmilləşmişdir. Ümummilli lider Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi ilk dövrdə sənaye istehsalı 2,7 dəfə artmışdır.
Müstəqilliyin ilk illərində ölkədə baş vermiş böhran, Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğalı iqtisadiyyatın digər sahələrində olduğu kimi, sənayedə də tənəzzülə səbəb olmuş, sənaye istehsalının həcmi və çeşidi azalmışdır. Sənayenin yenidən canlanma tarixi ümummilli lider Heydər Əliyevin hakimiyyətə qayıdışından sonra imzalanan "Əsrin müqaviləsi" ilə başlanmışdır.
Ulu öndərin rəhbərliyi ilə sənaye sahəsində görülən məqsədyönlü tədbirlərin nəticəsində tezliklə sənaye istehsalında artım qeydə alınmışdır. Bu dövrdə qiymətlərin liberallaşdırılması, sənaye müəssisələrinin özəlləşdirilməsi həyata keçirilmiş, bazar iqtisadiyyatı institutları yaradılmışdır. "Şahdəniz", Bakı-Tbilisi-Ceyhan, TRASEKA kimi böyük layihələrin əsası da məhz bu dövrdə qoyulmuşdur. Ümumiyyətlə, 1993-2003-cü illər Azərbaycan sənayesinin böhrandan sonra bazar iqtisadiyyatı şəraitində sağlam təməllər üzərində yenidən canlanması illəri kimi xarakterizə oluna bilər.
Ümummilli liderin müəyyənləşdirdiyi sənayeləşmə siyasətinin Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsi nəticəsində Azərbaycanda sənayeləşmə templəri yüksəlmiş, ölkə sənayesi yeni inkişaf mərhələsinə qədəm qoymuşdur. Ötən 12 ildə sənayenin regional strukturunun təkmilləşdirilməsi əsas prioritetlərdən biri olmuşdur. Ənənəvi istehsal sahələrinin fəaliyyəti genişlənmiş, yeni istehsal sahələri yaradılmış, əsas qida məhsulları və inşaat materialları ilə özünütəminat səviyyəsi yüksəlmişdir. 
Bu illərdə Azərbaycan təbii qaz və elektrik enerjisi idxalçısından ixracatçıya, Avropanın enerji təhlükəsizliyinin təmin olunmasında etibarlı tərəfdaşa çevrilmişdir. Bakı-Tbilisi-Ceyhan, Bakı-Tbilisi-Ərzurum boru kəmərləri istifadəyə verilmiş, Şimal-Cənub, Şərq-Qərb nəqliyyat dəhlizləri inkişaf etdirilmişdir. Yaxın vaxtlarda istifadəyə verilməsi nəzərdə tutulan Bakı-Tbilisi-Qars dəmir yolu bu sahədə yeni imkanlar açacaq. Dünyanın ən iri enerji layihələrindən olan "Şahdəniz-2", TANAP və TAP layihələrinin reallaşdırılması isə hələ uzun illər Azərbaycanda iqtisadiyyatın, xüsusilə də sənayenin inkişafına öz töhfəsini verəcək. Ötən il sentyabrın 20-də "Əsrin müqaviləsi"nin 20 illik yubileyi günündə təməli qoyulmuş "Cənub" qaz dəhlizi nəinki regionun, hətta qlobal səviyyədə enerji təhlükəsizliyinin təmin olunmasında xüsusilə əhəmiyyətli olacaq, iqtisadiyyatın bir çox sahələrinin, eləcə də sənayenin inkişafına təkan verəcək.
Həyata keçirilən sənayeləşmə tədbirləri çərçivəsində neft-qaz, qızıl və digər hasilat sahələrində əldə edilmiş uğurlarla yanaşı, sənaye sahəsi genişləndirilmiş, yeni istehsal gücləri istifadəyə verilmiş, müasir texnologiyalara əsaslanan rəqabətqabiliyyətli müəssisələr yaradılmışdır. Sumqayıt Texnologiyalar Parkının, Alüminium İstehsalı Kompleksinin və Azərbaycan Polad İstehsalı Kompleksinin yaradılması, Bakıda gəmiqayırma zavodunun fəaliyyətə başlaması, Gədəbəy və Daşkəsəndə qızıl-mis emalı zavodlarının qurulması, Sumqayıtda neft-kimya sənayesində modernizasiya işlərinə başlanılması və karbamid zavodunun inşası, Qaradağda sement zavodunun istehsal gücünün artırılması və yeni zavodun inşası, Qazaxda, Naxçıvanda yeni sement zavodlarının tikilib istifadəyə verilməsi və s. yeni müəssisələr qeyri-neft sənayesinin növbəti mərhələdə daha dərin şaxələndirilməsi üçün geniş imkanlar yaradır. Müasir texnologiyalara və qabaqcıl təcrübəyə əsaslanan yeni müəssisələrin yaradılması ilə Azərbaycanda istehsal edilən sənaye məhsullarının çeşidi və rəqabətqabiliyyətliyi də sürətlə artır. Hazırda ölkəmizdə fəaliyyət göstərən sənaye müəssisələrində müxtəlif tikinti materialları, avtomobil, kompüter, günəş batareyaları, elektrik avadanlıqları, ərzaq məhsulları, mebel və s. istehsal olunur, bir çox sənaye məhsulları üzrə Azərbaycan özünü təmin edir. Azərbaycanda ənənəvi sənaye sahələri ilə yanaşı, əvvəllər mövcud olmamış hərbi sənaye, kosmik və alternativ enerji sahələri yaradılmış və hazırda bu yeni sənaye sahələrinin inkişafı istiqamətində işlər davam etdirilir.
Prezident İlham Əliyev tərəfindən 2014-cü ilin "Sənaye ili" elan edilməsi, sənayenin inkişafı istiqamətində həyata keçirilən tədbirlər ölkəmizin regionun güclü sənaye mərkəzi kimi formalaşmasına təkan vermişdir. Dövlət başçısının müvafiq sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasında 2014-cü ilin "Sənaye ili" elan edilməsi ilə bağlı Tədbirlər Planı"na uyğun olaraq, ötən il ölkədə 20-dən çox orta və iri sənaye müəssisəsi açılmış, mövcud sənaye müəssisələrinin istehsal gücləri artırılmışdır.
Sənaye müəssisələri tərəfindən 2015-ci ilin ötən dövründə 15,8 milyard manatlıq və ya ötən ilin müvafiq dövrü ilə müqayisədə 3,5 faiz çox sənaye məhsulu istehsal edilmişdir. Sənaye məhsulunun 63,8 faizi mədənçıxarmada, 28,5 faizi emal bölməsində, 6,9 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatında, 0,8 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı bölməsində istehsal olunmuşdur. Emal bölməsində qida məhsullarının istehsalı 3,5 faiz, neft məhsullarının istehsalı 4,8 faiz, kimya sənayesi 2,2 dəfə, poliqrafiya fəaliyyəti 77,2 faiz, tikinti materialları istehsalı 14,8 faiz, metallurgiya sənayesi 7,8 faiz, hazır metal məmulatların istehsalı 40,7 faiz, elektrik avadanlıqlarının istehsalı 38,7 faiz artmışdır. Sənayenin qeyri-neft sektorunda məhsul istehsalı 14,7 faiz çoxalmışdır. İstehsal edilmiş məhsulun 99,8 faizi istehlakçılara göndərilmiş, əvvəlki dövrlərdə yaranmış ehtiyatlar da nəzərə alınmaqla sənaye müəssisələrinin anbarlarında 1 avqust 2015-ci il vəziyyətinə 306,5 milyon manatlıq hazır məhsul olmuşdur. Hazırda Azərbaycanın bir sıra sənaye müəssisələrinin məhsulları xarici bazarlara çıxarılır, analoji məhsullarla rəqabət aparır.
Ölkəmizdə həyata keçirilən sənayeləşmə siyasətinə uyğun olaraq, Sumqayıt Kimya Sənaye və Balaxanı Sənaye parklarında infrastrukturun yaradılması, Mingəçevir və Qaradağ sənaye parklarının təşkili işləri davam etdirilir. Balaxanı Sənaye Parkında isə avtomobil şinlərinin bərpası, işlənmiş mühərrik yağlarının və plastik qabların təkrar emalı üzrə fəaliyyət göstərəcək 3 rezident qeydiyyatdan keçmişdir. Neftçalada sənaye məhəlləsinin təşkilinə hazırlıq işləri başa çatdırılıb və yaxın vaxtlarda tikinti işlərinə başlanılacaq. Ölkənin digər regionlarında da sənaye parklarının və məhəllələrinin yaradılması istiqamətində araşdırmalar aparılır.
Prezident İlham Əliyevin müəyyənləşdirdiyi inkişaf xəttinə uyğun olaraq, sənaye potensialının gücləndirilməsi, bu sahədə rəqabət qabiliyyətinin artırılması, kadr potensialının, elmi təminatın yaxşılaşdırılması, normativ-hüquqi bazanın təkmilləşdirilməsi, sənaye sahəsində son məhsuladək texnoloji zəncirin qurulması, müasir sənaye parklarının və məhəllələrinin yaradılması istiqamətində işlər görülür. Dövlət başçısının məqsədyönlü, vətənimizin sürətli inkişafını gələcəkdə də təmin edəcək uzaqgörən siyasəti ölkəmizin siyasi-iqtisadi qüdrətini daha da artıracaq, Azərbaycan yaxın illərdə regionun güclü sənaye mərkəzinə çevriləcək.

"Azərbaycan" qəzeti



Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/367312.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR