Ey Rəbbimin məni tənbeh etməsinə səbəb olan qardaşım...

Ey Rəbbimin məni tənbeh etməsinə səbəb olan qardaşım...
18:52 6 Sentyabr 2015
49 Digər
Ölkə mətbuatı
A- A+

Abdullah ibn Ümmü Məktum Rəsulullahın (s.ə.s.) sevimli zövcəsi Xədicə anamızın (r.a.) dayısı oğlu idi və uşaqlıqdan gözlərinin nurunu itirmişdi.

Hz. Ənəsin söylədiyinə görə, bir dəfə Hz. Cəbrayıl (ə.s.) Rəsulullahın (s.ə.s.) yanına gələndə Abdullah ibn Ümmü Məktum də oradaydı və Cəbrayıl ondan: "Gözlərini nə zaman itirdin?"- deyə soruşdu. Abdullah da: "Uşaq ikən",- deyincə Hz. Cəbrayıl belə buyurdu: "Allah-Təala buyurur: "Mən qulumun gözlərini aldığım zaman ona Cənnəti mükafat olaraq verərəm". Bu ilahi həqiqət sayəsində Ümmü Məktum öz halından hər zaman məmnun olmuş, dünyanı könlünün gözü ilə görüb tanımış, müsəlmanların sevgisini qazanmışdır. Cihada qatılmaq istədiyini bildirmiş, amma: "Ey Allahın Rəsulu, gözüm görmədiyi üçün kimə qılınc çəkəcəyimi bilmirəm ki",- deyərək işi zarafata da salırmış. O, fürsət tapan kimi özünü Rəsulullaha yetirir: "Ey Rəsul, Allahın Sənə öyrətdiyindən Sən də mənə öyrət",- deyib elmini artırmağa çalışırdı. Rəsulullah da onun İslama olan bu sevgisini məmnunluqla qarşılayır, onunla uzun-uzun söhbət edib, dinimizin incəliklərini anladırdı.

Bir dəfə Abdullah ibn Ümmü Məktum yenə gəlir və: "Ey Rəsul, Allahın Sənə öyrətdiyindən Sən də mənə öyrət", - deyir. Bu əsnada isə Rəsulullah Məkkənin bəzi zənginləri ilə görüşüb, onların könlünü İslama isindirmək məqsədilə söhbətə girişmişdi. Abdullah bir neçə dəfə eyni sözü təkrarlasa da, Rəsulullah əlinə düşmüş bu fürsəti sonuna qədər dəyərləndirməyə, sevimli səhabəsinə bir qədər sonra zaman ayırmağa qərar vermişdi. Təbii ki, sevimli Peyğəmbərindən əvvəllər görmədiyi davranışı görən Abdullah bir qədər pərt oldu. Rəsulullahsa sözünün kəsilməsini istəmədiyi üçün təbliğ vəzifəsinə davam edirdi. Amma sözünü qurtarar-qurtarmaz Allah-Təaladan ayətlər gəldi: "(Peyğəmbər) qaş-qabağını töküb üzünü çevirdi, yanına korun gəlməsindən dolayı. Nə bilirsən, bəlkə də, o (Səndən İslama dair soruşub öyrəndikləri ilə) təmizlənəcəkdir. Yaxud öyüd dinləyəcək və bu öyüd ona fayda verəcəkdir. (Var-dövlətinə güvənib Sənin nəsihətinə qulaq asmağa) hiss etməyənə (dövlətliyə) gəldikdə, Sən üzünü ona tərəf çevirirsən (onun sözünə qulaq asırsan). Onun (küfrdən) təmizlənməsindən Sənə nə? Yüyürə-yüyürə Sənin yanına gələn. Və Allahdan qorxan kimsəyə gəldikdə isə Sən ondan üz çevirirsən!" (Əbəsə surəsi 1-10)

Bu hadisədən sonra Rəsulullah (s.ə.s.) Abdullaha hər zaman böyük hörmət göstərmiş, onu gördüyü anda belə çağırarmış:

"Ey Rəbbimin məni tənbeh etməsinə səbəb olan qardaşım, sənə Salam olsun".

"Zaman Azərbaycan"


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/367187.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR