Bakı metrosunda təhlükəsizlik üçün platformada sədlər quraşdırılacaq?

Bakı metrosunda təhlükəsizlik üçün platformada sədlər quraşdırılacaq?
11:58 7 Sentyabr 2015
53 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir Elmir Murad/

Bakı metrosunun yeni tikiləcək stansiyalarında sərnişinlərin təhlükəsizliyi və intihar hallarının qarşını almaq üçün platformalara yaxın yerdə xüsusi sədlərin qoyulması istisna olunmur. Bunu Trend-ə açıqlamasında “Bakı Metropoliteni” QSC-nin Mətbuat xidməti və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi Nəsimi Paşayev deyib.

Onun sözlərinə görə, sözügedən məsələ sadə proses deyil: “Sərnişinlərin təhlükəsizliyi mürəkkəb məsələ olduğundan, bu, yalnız stansiyaların layihələndirilməsi zamanı nəzərə alına bilər. Bizdə də indiyə qədər belə bir layihə olmayıb. Amma gələcəkdə təbii ki, ola bilər. Bununla bağlı müvafiq qərarlar verilə bilər”.

Ekspert Azər Allahverənov isə Trend-ə açıqlamasında bildirib ki, xarici ölkələrin metro stansiyalarındakı sədlər də sərnişinlərin təhlükəsizliyinin təmin olunmasında çox ciddi effekt vermir: “Sədlər nə qədər hündür olsa belə, intihar etmək istəyən şəxs öz istəyini həyata keçirə bilər. Ona görə də elə bir mexanizm düşünmək lazımdır ki, həqiqətən də insanların təhlükəsizliyinə xidmət etsin. Məsələn, ilk növbədə qatarların sürət həddini müyyənləşdirmək və azaltmaq lazımdır. Çünki qatarlar stansiyaya sürətlə daxil olur. Bu elementi diqqətdə saxlamaq və elə etmək lazımdır ki, maşinist kiminsə relsə düşdüyünü gördüyü halda, əyləci basıb qatarı saxlamaq imkanına malik olsun”.

Qeyd edək ki, sentyabrın 5-də metronun “28 May” stansiyasında 18-20 yaşlarında bir oğlan özünü qatar reyslərinin üstünə ataraq intihar edib. Bu hadisədən sonra metroda sərnişinlərin təhlükəsizliyi məsələsi yenidən gündəmə gəlib.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2430532.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR