Gələn il Bakıda Türkdilli ölkələrin enerji simpoziumunun keçirilməsi nəzərdə tutulur

Gələn il Bakıda Türkdilli ölkələrin enerji simpoziumunun keçirilməsi nəzərdə tutulur
12:33 7 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 7 sentyabr, AZƏRTAC
Türk Dünyası Mühəndislər və Memarlar Birliyinin baş katibi, Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyinin müşaviri İlyas Dəmirçinin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanın Energetika Nazirliyində olub. Görüşdə 2016-cı ildə Bakıda Türkdilli ölkələrin qurultayının və bu tədbir çərçivəsində enerji simpoziumunun keçirilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Nazirliyin mətbuat xidmətindən AZƏRTAC-a bildirilib ki, görüşdə indiyə qədər keçirilən qurultayların Türk dünyası dövlətlərinin inteqrasiyasına töhfə verməklə yanaşı, müxtəlif sahələr üzrə əməkdaşlıq əlaqələrinin qurulmasına da müsbət təsir göstərdiyi qeyd edilib. Bildirilib ki, gələn ilin oktyabrında keçirilməsi planlaşdırılan qurultay ərəfəsində enerji mövzusunda ortaq dilə, mədəniyyətə malik ölkələrin elm, iş adamları, mütəxəssislərinin də bir araya gələrək, birgə müzakirələr aparmasına ehtiyac var. Enerjiyə tələbatın bütün dövrlərdə aktuallığı, Xəzər regionunun enerji resursları ilə zənginliyi Bakının belə bir dialoqun mərkəzi olmasını zəruri edir.
İ.Dəmirçi Türkiyənin Enerji və Təbii Ehtiyatlar Nazirliyinin enerji simpoziumunun vaxtının dəqiqləşdirilməsini və hazırlıq işlərinə Azərbaycanın dəstəyini vacib hesab etdiyini diqqətə çatdırıb.
Azərbaycanın Türkiyə ilə birgə strateji layihələrə imza atdığını vurğulayan energetika nazirinin müavini Natiq Abbasov bildirib ki, Azərbaycanın təbii qazını Türkiyə üzərindən Avropaya daşıyacaq TANAP layihəsi, “Star” neft emalı zavodu, “Petlim” konteyner limanı proyekti və “Petkim” şirkətinə qoyulan investisiyalar bu böyük strateji əməkdaşlığın təməlini təşkil edir. Bir çox sahələrdə olduğu kimi enerji sektorunda da Azərbaycanın digər türkdilli dövlətlərlə əməkdaşlıq əlaqələri mövcuddur və həmin münasibətlər bu tədbirin daha çox dövlətlərin iştirakı ilə baş tutmasına münbit şərait yaradır.
Simpoziumun tarixinin müəyyənləşdirilməsi, proqramının Azərbaycanın Energetika Nazirliyi, Türkiyə Enerji və Təbii Ehtiyatlar Nazirliyi və Türk Dünyası Mühəndislər və Memarlar Birliyi ilə birgə hazırlanması razılaşdırılıb.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Gelen_il_Bakida_Turkdilli_olkelerin_enerji_simpoziumunun_kechirilmesi_nezerde_tutulur-882601

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR