İlham Əsgərov Masallıda dəfn olunacaq - VİDA MƏRASİMİ

14:14 7 Sentyabr 2015
Ölkə mətbuatı
A- A+

Pərdə düşür, işıq sönür, hamı istirahətə gedir. Və hər il teatr mövsümünün başa çatmasında bu ənənə təkrarlanır. Yeni mövsümdə isə aktyorlar yeni tamaşalarla teatrsevərlərin qarşısına çıxırlar...

 

Xalq artisti İlham Əsgərov üçün də bu il eyni ssenari ilə davam etdi. Lakin teatr mövsümünün açılışına cəmi 13 gün qalmış - sentyabrın 6-da O, bu dünyadan əbədilik köçdü. Ömrünün 57-ci payızında İlham Əsgərov öz evində qəflətən insult keçirməsi nəticəsində vəfat etdi.

 

Xalq artisti ilə vida mərasiminə mədəniyyət və turizm naziri Əbülfəs Qarayev, nazir müavini Ədalət Vəliyev, Akademik Milli Dram Teatrının direktoru İsrafil İsrafilov, aktyorun sənət dostları və tələbələri gəlmişdilər.

 

Mərasimdə çıxış edən Ədalət Vəliyev İlham Əsgərovun Azərbaycan teatrının inkişafındakı xidmətlərindən, ömür yolundan danışıb və onun yoxluğunu Azərbaycan mədəniyyəti üçün itki kimi dəyərləndirib.

 

Xalq artisti Rafiq Əzimov: "Sağımıza baxırıq dostlarımızı, solumuza baxırıq yoldaşlarımızı itirmişik. O, səhnədə əvəzolunmaz insan idi. Allah ailəsinə səbir, yerdə qalan övladına cansağlığı versin!"

 

Əməkdar artist Bəsti Sevdiyeva: "İlhamla biz bir yerdə oxumuşuq. 5-ci gün mənə zəng elədi, dedi diskim var səndə, onu mənə köçürt ver. Mən onu qardaş kimi istəyirdim. Son illərin ölümləri mənə bu qədər pis təsir etməmişdi".

 

Vida mərasimindən sonra Azərbaycan Dövlət Akademik Milli Dram Teatrının aktyoru, xalq artisti İlham Əsgərovun cənazəsi dəfn olunmaq üçün ata yurduna - Masallı rayonuna yola salınıb.

 

Qeyd edək ki, İlham Əsgərov 3 sentyabr 1958-ci ildə anadan olub. O, 1982-ci ildən Akademik Milli Dram Teatrının aktyoru kimi fəaliyyət göstərib. 2006-cı ildə xalq artisti fəxri adına, 2012-ci ildən isə Prezident Mükafatına layiq görülüb.


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/213719

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR