Balakənin təhsil işçiləri gənc nəslin təlim-tərbiyəsi işinə layiqli töhfə verirlər

Balakənin təhsil işçiləri gənc nəslin təlim-tərbiyəsi işinə layiqli töhfə verirlər
14:48 7 Sentyabr 2015
72 Ölkə
Ölkə mətbuatı
A- A+


Balakən, 7 sentyabr, AZƏRTAC
Ölkə iqtisadiyyatının yüksələn xətlə inkişafı təhsilin gələcəyi üçün də əlverişli şərait yaradıb. Yeni inkişaf mərhələsinə qədəm qoyan Azərbaycan təhsilinin demokratik və humanist prinsiplər əsasında qurulması, humanitar mahiyyət kəsb etməklə məhz şəxsiyyətin formalaşdırılması amilinə çevrilməsi son illərin nailiyyəti kimi dəyərləndirilməlidir.
AZƏRTAC xəbər verir ki, bu fikirlər Balakən rayon təhsil işçilərinin sentyabrın 7-də keçirilən ənənəvi konfransında səsləndirilib. Rayon rəhbərliyinin, təhsil işçilərinin iştirak etdiyi konfransda 2014/2015-ci tədris ilinin yekunları ətraflı təhlil olunub, qazanılan uğurlar və qarşıda duran vəzifələrdən danışılıb.
Diqqətə çatdırılıb ki, rayonun təhsil işçiləri ötən dərs ilində gənc nəslin təlim-tərbiyəsi, kamil şəxsiyyət kimi formalaşması işinə layiqli töhfələr verib, uğurlu nəticələr əldə ediblər. Rayonda fəaliyyət göstərən 49 ümumtəhsil məktəbində 11 min 880 şagird təhsil alıb. Onların təlim-tərbiyəsi ilə 1707 müəllim məşğul olub. Bu məktəblərdən 39-u birtipli layihə əsasında tikilən, 10-u isə uyğunlaşdırılmış binalarda fəaliyyət göstərib. Təhsil ocaqlarının maddi-texniki və tədris bazasının yaxşılaşdırılması istiqamətində işlər ötən tədris ilində də davam etdirilib, Talalar kəndində 280 şagird yerlik yeni məktəb binası istifadəyə verilib. Hazırda şagirdlərin 75 faizi hər cür avadanlıqla təchiz edilən yeni məktəblərdə təhsil alırlar.
Qeyd olunub ki, hazırda rayonun məktəblərində şagirdlərin istifadəsində 656 ədəd müasir tipli kompyuter var və hər 17 nəfərə bir kompyuter düşür. 11 məktəbdə kompyuterlər sürətli internet şəbəkəsinə qoşulub. Ötən tədris ilində məktəblərə xeyli sayda elektron dərs vəsaiti verilib. Eyni zamanda, yeni tədris ili üçün məktəblərə 141 adda 32 min 665 nüsxə dərslik paylanılıb.
Konfransda rayon məzunlarının ali məktəblərə builki qəbul imtahanlarında qazandıqları nəticələrdən də söhbət açılıb. Belə ki, imtahanlarda iştirak edən 355 məzunun 212-si tələbə adını qazanıb. Onlardan 26 nəfəri 500-dən, 6 nəfər isə 600 baldan yuxarı nəticə göstərib.
Ötən dərs ilinin yekunlarına əsasən texniki və humanitar təmayüllü liseyin “Ən yaxşı ümumtəhsil məktəbi”, iki müəllimin “Ən yaxşı müəllim” respublika müsabiqələrinin qalibi adını qazanması, birinin isə “Əməkdar müəllim” adına layiq görülməsi də diqqətəlayiq uğur kimi dəyərləndirilib.
Konfransda rayon icra hakimiyyətinin başçısı İslam Rzayev və Təhsil Nazirliyinin nümayəndəsi İsaq Məmmədov çıxış edərək təhsil işçilərinə yeni dərs ilində daha böyük nailiyyətlər arzulayıblar.
Sonda qəbul imtahanlarında yüksək nəticə göstərən məzunlara, həmçinin bir qrup qabaqcıl təhsil işçisinə mükafatlar təqdim olunub.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Balakenin_tehsil_ischileri_genc_neslin_telim_terbiyesi_isine_layiqli_tohfe_verirler-882648

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR