Mikayıl Cabbarov direktorlarla görüşündə təkliflərini səsləndirdi

Mikayıl Cabbarov direktorlarla görüşündə təkliflərini səsləndirdi
16:03 7 Sentyabr 2015
29 Sosial
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 7 sentyabr /Trend, müxbir İlhamə İsabalayeva/

"Hazırda bizim ən böyük problemimiz olan işğal olunmuş torpaqlarımızla bağlı məsələlər həm dərs, həm də dərsdənkənar fəaliyyətimizdə daim öz əksini tapmalıdır".

Təhsil Nazirliyindən Trend-ə verilən məlumata görə, bunu təhsil naziri Mikayıl Cabbarov Təhsil Nazirliyində Bakı şəhərində yerləşən ümumi təhsil məktəblərinə yeni təyin olunmuş direktorlarla görüşərkən deyib.

Nazir son 3 ildə ölkə təhsilində akademik göstəricilərinin xeyli yaxşılaşdığını, ali təhsil müəssisələrinə qəbulda orta balın əhəmiyyətli dərəcədə artdığını vurğulayıb: “Bu, bizim tədris göstəricilərinə kifayət qədər diqqət etməyimizdən irəli gəlir. Məktəb şagirdini yalnız ali təhsil almağa deyil, həm də onu həyata hazırlamalı, vətəndaş kimi yetişdirməlidir. Bununla belə, təhsilalan yaşadığı dövrün çağırışlarını anlamalı və ona vətəndaşlıq mövqeyindən yanaşmağı öyrənməlidir. Hazırda bizim ən böyük problemimiz olan işğal olunmuş torpaqlarımızla bağlı məsələlər həm dərs, həm də dərsdənkənar fəaliyyətimizdə daim öz əksini tapmalıdır”.

M.Cabbarovun sözlərinə görə, tədris mühitinin şəffaf olması, təşəbbüskarlıq, idarəetmədə yeni vərdişlərə yiyələnmə və məktəbin cəmiyyətin vacib həlqəsi kimi rolunu dərk etmə yeni təyin olunmuş direktorlardan gözlənilən əsas keyfiyyətlərdir. Bunun üçün prosesə təhlil yolu ilə yanaşmaq və hər bir məktəbin qarşısında duran hədəfləri dəqiq müəyyən etmək lazımdır.

M.Cabbarov əlavə edib ki, təhsil sahəsində aparılan köklü islahatların əsas məqsədi məktəbin yetişdirdiyi məzun, formalaşdırdığı vətəndaşın bilik, bacarıq və peşəkar qabiliyyətini daha da artırmağa nail olmaqdır. Təhsildə baş verən yeniliklərin, aparılan islahatların gözlənilən nəticəni verməsi məktəb direktorlarının fəaliyyətindən bilavasitə asılıdır: “Qeyri-sağlam mühitdə sağlam vətəndaş formalaşa bilməz. Biz hazırlıqlı və layiqli vətəndaş yetişdirməliyik. Təhsilalanın, valideynin, ümumilikdə, cəmiyyətin fikri sizin fəaliyyətinizin nəticəsi olaraq formalaşır. Bunun üçün də ikitərəfli əlaqəyə, sağlam əsaslı valideyn komitələri vasitəsilə cəmiyyətlə yaradılan ünsiyyətə böyük ehtiyac var”.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

Bizi Twitter-dən izləyin: @trend_az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/society/2430715.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR