Arif Əsədov: “Prosineçki yığmaya bir qədər əvvəl gəlsəydi, daha çox xal toplayardıq” - VİDEO

Arif Əsədov: “Prosineçki yığmaya bir qədər əvvəl gəlsəydi, daha çox xal toplayardıq” - VİDEO
19:22 7 Sentyabr 2015
21 İdman
Ölkə mətbuatı
A- A+



“Yığmamız səfər sindromunu üzərindən atıb”

“Futbolçularımız son 2 ayda həm klub, həm də milli səviyyəsində yaxşı nəticə qazanırlar. Yığmanın son 2 qarşılaşmasını diqqətlə izlədim. Ümumiyyətlə, Robert Prosineçkinin millinin “sükanı” arxasına keçməsindən sonra irəliləyişi görməmək mümkün deyil. Artıq futbolçularımızda özünəinam var, meydançaya çıxanda rahat futbol oynadıqları hiss olunur”.

 

Bu fikirləri APA TV-nin “APAsport” layihəsinin qonağı, futbol mütəxəssisi, Azərbaycan millisinin sabiq üzvü Arif Əsədov deyib. 

 

Qonaq Azərbaycan millisinin “Avro-2016”nın seçmə mərhələsi çərçivəsində Xorvatiya (0:0) və Malta (2:2) ilə oyunlarını analiz edib, “Qarabağ”la “Qəbələ”nin Avropa Liqasının qrup mərhələsinə düşməsinə münasibət bildirib.

 

Onun sözlərinə görə, xorvatiyalı Robert Prosineçkinin millimizə baş məşqçi təyin edilməsi yaxşı mənada inkişafa təkan verib: “Prosineçkinin gəlişindən sonra 4 oyuna 6 xal qazanılıb ki, bu yaxşı bir nəticədir. Xorvatiya Avropanın ən güclü millilərindən biridir. Bizə səfərdə 6:0 hesabı ilə qalib gəldiklərindən, hamı komandamızın yenə məğlub olacağını gözləyirdi. Amma qarşılaşmada inam öz sözünü dedi. Oyun üslubuna gəldikdə, Berti Foqtsun vaxtında milli daha çox müdafiəni fikirləşirdi. Almaniyalı məşqçi heyəti tərtib etdikdə də müdafiəyəmeyilli oyunçulara üstünlük verirdi. Məsələn, bu, 8+3 taktiki sxeminə uyğun gəlirdi. Amma indi komandada hücumameylli futbolçuların çox olmasının şahidi oluruq. Ən əsası da “Qafqaz futbolu” deyirdik, Azərbaycan futboluna xas olan oyunu nümayiş etdirməyə başladığımız gözə çarpır. Daha çox qısa ötürmələrdən istifadə edərək, qapalı,  kompakt şəkildə futbol oynayırlar. Komandamız, həmçinin birgə hücuma keçib, birgə geri də qayıda bilir. Futbolda 3 faza var, bunlar hücum, müdafiə və keçiddir. Əgər əvvəllər biz irəli gedirdiksə, müdafiəyə qayıtmaqda axsamalar hiss olunur, bu 2 xətt arasında müəyyən boşluqlar yaranırdı. Amma bu indi gözə dəymir”.

 

A. Əsədov Malta ilə qarşılaşmada millimizin inamlı təsir bağışladığını vurğulayıb. O bildirib ki, xorvatlar Azərbaycana qələbə üçün gəldiyi kimi, yığmamız da Maltaya sırf qələbə üçün yollanmışdı: “Əgər xorvatlara qarşı müdafiədə ehtiyatlı oynayırdıqsa, komanda Maltaya sırf qələbə üçün getmişdi. Oyunun gedişi də bunu göstərdi. Millimiz 1:0 hesabı ilə öndə olarkən, gözlənilmədən rəqib əks-hücumlar sayəsində irəli keçdi (2:1). Amma bundan sonra futbolçularımız hücumlarının kəsərini bir qədər artırıb, daha bir qol vurdular. Bu səbəbdən deyə bilərik ki, yığmamız səfər sindromunu üzərindən atıb. Maltadan öncə də Norveç kimi komanda ilə səfərdə heç-heçə etdik”. 

 

Gənc mütəxəssis R. Prosineçkinin gəlişindən sonra digər dəyişikliklərdən də danışıb. Onun sözlərinə görə, xorvatiyalı çalışdırıcı bir qədər əvvəl gəlsəydi, daha çox xal toplayardıq: “Prosineçki yığmaya gəldikdə, komandada durum yaxşı deyildi. Futbolçularımızda psixoloji gərginlik var idi. Yəni, Berti Foqts tsiklin əvvəlində bildirmişdi ki, millimiz “üçlüyə” düşüb, “Avro-2016”nın pley-off mərhələsinə vəsiqə qazanacaq. İstər-istəməz meydana çıxan futbolçular bu yükü üzərilərində hiss edirdilər. İlk 4 oyunda da nəticəmiz yaxşı olmadı, hamısında məğlub olduq. Prosineçkinin gəlişindən sonra isə 4 oyundan 6 xal götürmüşük. Millimizə AFFA tərəfindən istər Foqtsun, istərsə də Prosineçkinin vaxtında diqqət var. Sadəcə burada məşqçi amili böyükdür. Hər bir mütəxəssis gəldikdə, öz fəlsəfəsini ortaya qoyur. Bu həmin komandaya, futbolçulara uyğun olduqda uğur da özünü çox göslətmir”.

 

A. Əsədov xorvatiyalı mütəxəssisin B. Foqtsun vurduğu rekordunu qıracağına inanır. O bildirib ki, əgər almaniyalı 9 xal toplamaqla adını futbol tariximizə yazdırıbsa, R. Prosineçki də bunu bacaracaq: “Oktyabrda qarşılaşacağımız yığmalardan həm İtaliya, həm də Bolqarıstan Azərbaycan millisindən çəkinir. Bunu komandaların üzvlərinin açıqlamalarından da izləyirik. Hər şey gözləmək olar. Foqts 4-5 ilə 9 xal yığmışdısa, Prosineçki cəmi 4 oyuna 6 xal toplayıb”.

 

Malta və Xorvatiya ilə matçlarda millinin bəzi oyunçularında yorğunluq açıq-aşkar hiss olunurdu. R. Prosineçkinin ilk oyunla müqayisədə start heyətində yalnız bir dəyişiklik etməsinə, Məhəmməd Qurbanovun əvəzinə Cavid Tağıyevi buraxmasına münasibət bildirən A. Əsədov bunu doğru addım kimi qiymətləndirib: “Görünür, baş məşqçi ikinci oyun üçün start heyətini qurduqda, komandanı qələbə üçün meydana çıxarıb. Çünki xorvatlarla görüşdə meydana çıxan futbolçular Malta ilə matçda da bir-birini yaxşı başa düşəcəkdi. Hiss olunurdu ki, “Qalib heyəti dəyişməzlər” prinsipinə üstünlük verib. Amma qeyd edərdim ki, əvəzetmələr öz bəhrəsini verdi. Düzdür, 2:2 etməklə 1 xal qazandıq. Amma mən deyərdim ki, komandamız səfərdə oynamasına baxmayaraq, 2 xalı itirdi. Statistikaya nəzər salsaq, bütün göstəricilərdə də onlardan üstün olduğumuzu görərik”.

 

A. Əsədov “Avro-2016”nın seçmə mərhələsində Azərbaycan millisinin yer aldığı H qrupunu da dəyərləndirib. Onun sözlərinə görə, yığmamız son turlarda, müvafiq olaraq, İtaliya və Bolqarıstanla matçlarda da özünü yaxşı tərəfdən göstərəcək: “Millimiz bütün tsikllərdə hansısa güclü yığmanı büdrədərək, onların mərhələ adlamasına mane olub. Əgər Xorvatiya millisini götürsək, bizlə oyundan öncə lider idilərsə, hazırda 3-cü pilləyə eniblər. Təbii ki, burada özlərindən irəli buraxdıqları Norveçə məğlubiyyət də əsas rol oynadı. Oktyabrda isə İtaliya ölkəmizə qrup birincisi kimi gələcək. Bu səbəbdən onlarda da müəyyən təzyiq olacaq. Futbolçularımız da bundan istifadə etməklə, ən azı heç-heçə oynamağa qadirdirlər”.

 

Dünya və Avropa çempionu “Qarabağ”la “Qəbələ”nin avrokuboklardakı oyunlarından da danışıb. O, hər 2 komandamızın vəsiqə qazandığı qrup mərhələsində də uğurunu davam etdirəcəyinə inam ifadə edib: “Son dövrlərə nəzər salsaq, klublarımızda maddi baxımdan çətinliklərin olduğunu görərik. Amma görünür, bu, mənfi deyil, müsbət təsir edir. Futbolçularımızda peşəkarlıq, işə yanaşma artıb. Avroliqanın qrup mərhələsinə 2 klubumuzun düşməsi ilə də yeni tarix yazdıq. Təmsilçilərimizin hər ikisinin çətin qrupa düşdüyünü deyə bilərəm. Amma bu oyunlar bizim üçün bir təcrübə olmalıdır. Əgər əvvəllər güclü komandalarla pley-offda oynayırdıqsa, bu gün eyni qrupda yer alırıq. Bu da növbəti illərdə Avroliqa deyil, Çempionlar Liqasının qrupuna düşmək üçün bir təkan olmalıdır”.

 

“Qarabağ”ın Çempionlar Liqasındakı və Avropa Liqasındakı yoluna nəzər salan A.Əsədov komandanın öz oyununu tapdığını vurğulayıb: ““Qarabağ” çempion olduqdan sonra bir sıra dəyişikliklər baş verdi. Komandanın bir neçə üzvü Ağdam təmsilçisindən ayrıldı, onların yerinə yeni futbolçular cəlb olundu. Bu səbəbdən ilk qarşılaşmalara nəzər saldıqda, istər-istəməz bir eniş görünürdü. Amma transfer olunan futbolçuların potensiallına baxdıqda görürdün ki, onlar komandanın oyun üslubuna uyğunlaşsalar, öz xeyirlərini verə bilərlər. Getdikcə də bunu şahidi olduq. “Qarabağ” artıq oyundan-oyuna artırır, öyrəşdiyimiz komandanı görürük. Avropa Liqasının pley-off mərhələsində “Yanq Boyz”la qarşılaşma da ən yaxşı qarşılaşmalarından biri oldu”.

 

A. Əsədov “Tottenhem”, “Monako” və “Anderlext”lə J qrupunda yer alan “Qarabağ”ın mərhələ adlamasına böyük ümid bəsləyir: “Ötən il onlar hakim haqsızlığının qurbanı oldular. Yəqin ki, bu il ədalət təmsilçiləri “Qarabağ”a qarşı bir az diqqətli olarlar. Şanslara gəlincə, komandamızın mərhələ keçməyini faiz nisbətində 70/30 kimi dəyərləndirərdim. Burada “Tottenhem” favorit götürülür. Amma “Qarabağ” lazımı təcrübə qazandığından inanıram ki, özlərini yaxşı tərəfdən göstərib xallar qazanar”.

 

“Qəbələ”nin qrupa düşəcəyini əvvəlcədən proqnozlaşdırmayan mütəxəssis bildirib ki, Avrokubokda ikinci mövsümünü keçirən komandanın qrupa gedən yolu “Qarabağ”dan daha çətin olub: “Avropa Liqasının startından öncə onların qrupa düşməsini gözləmirdim. Amma komandanın baş məşqçisi yanvardan gəldiyindən sisteminə uyğun gəlməyən oyunçuları uzaqlaşdırıb, onların yerinə taktikasına uyğun futbolçuları transfer etdi. Həmçinin, mövsümün sonunda da istər yerli, istər də legioner baxımından istədiyi oyunçularla “Qəbələ”ni daha da gücləndirdi. “Qarabağ”la müqayisədə isə bu komandanın qrup mərhələsinə gəldiyi yolun çətin olduğunu görürük. Pley-offda “Panatinaikos”la oyun isə “Qəbələ”nin də öz oyununu tapdığını göstərdi. Heyət tam formalaşdığından səfərdə də imanlı oynayıb, yer və hava toplarında mübarizələrdən çəkinmədi. Bu da istədiyi nəticəni əldə etməsi ilə nəticələndi”.

 

A. Əsədov Dortmund “Borussiya”sı, “Krasnodar” və PAOK-la C qrupunda yer alan “Qəbələ”nin hər bir rəqibdən xal almaq gücündə olduğunu da deyib: “Borussiya” qrupun aşkar favoritidir. Rusiya “Krasnodar”ını ikinci kimi görmək mümkündür. Amma “Qəbələ” hər 3 komandadan xal almağa qadirdir. Əsas odur ki, onlar da qrupda oyunlarını rahat keçirəcəklər”.

 

“Neftçi” və “Qarabağ”ın yerli mütəxəssislərlə, “Qəbələ”nin isə əcnəbi məşqçi ilə Avropa Liqasına vəsiqə qazanmasına münasibət bildirən A. Əsədov bu uğurda klub rəhbərliyinin dəstəyini xüsusi qeyd edib: “Bəli, Avropa Liqasına ilk vəsiqəni “Neftçi” qazanıb. Sonra bu digər komandalar üçün də bir vəzifə kimi qarşıya qoyuldu. Deyərdim ki, “Qəbələ”nin baş məşqçisi ukraynalı Roman Qriqorçuk Azərbaycana gəlmiş ən yaxşı əcnəbi məşqçilərdən biridir. Onun komandada inam, yüksək əhval-ruhiyyə yaratdığı hiss olunur. Ən əsası da öz fəlsəfəsini komandaya “yeridə” bilib. Burada “Qəbələ” rəhbərliyinin dəstəyi vacib amillərdəndir ki, onlar da bunu əsirgəmirlər”.

 

A. Əsədov sonda Topaz Premyer Liqasının arxada qalan III turundan da danışıb. Onun sözlərinə görə, hələ bir neçə həftədən sonra hansı komandanın yaxşı formada olduğu nəzərə çarpacaq: “İlk turlarda istər lider, istərsə də autsayder komandalarda qeyri-stabillik olur. Burada liderlik uğrunda bir neçə klubun mübarizə aparacağı nəzərə çarpır. Amma çempionatda da əsas rəqabətin ilk növbədə “Qarabağ”la “Qəbələ” arasında gedəcəyini qeyd etmək olar. Onların sırasına “Neftçi” və “Xəzər Lənkəran”ı da qata bilərik. Yeni komandaları da qeyd etmək mümkündür. Məsələn, “Kəpəz”, “Zirə” özlərini yaxşı tərəfdən göstərirlər. Onlarda öz oyun üslubu hiss olunur. Bu baxımdan xüsusilə “Kəpəz”i vurğulaya bilərəm. Hələlik az xal toplamasına baxmayaraq, orada məşqçi işi görünür. Oyun olduqca, nəticə də gələcək. “Zirə” də yaxşı futbolçulardan təşkil edilib. Klublarda transferlərə gəldikdə, bir sıra keçidlər reallaşıb. Onların komandaya uyğunlaşmasına bir qədər ehtiyac var. Turla ötdükcə, hansı komandanın hansı mövqeyə can atdığı bilinəcək”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/396004

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR