Arvad başları və yataq odaları...

Arvad başları və yataq odaları...
16:44 28 Yanvar 2015
282 Digər
Ölkə mətbuatı
A- A+

 


Son günlər kəshakəsdir. Az qala düşünmək istəyirəm ki, deyəsən, ölkə böyük bir sallaqxanaya çevrilməkdədir. Qardaş bacını doğrayır, qayınata gəlini, ata qızı, kişi arvadını. Və nədənsə çox populyar bir başlığı var hamısının. Filankəs filankəsin başını kəsdi. Yəni başlıqda cümlənin xəbər hissəsi - “başını kəsdi” demək olar ki, dəyişməz qalır. Bir nəfər ya rəsmi, ya da sadəcə vətəndaş mövqeyindən çıxış edib demir ki, durun!!! İnsan qulağını “başı kəsildi” xəbərinə alışdırmayın.

Ən dəhşətlisi də odur ki, başlıq baş verəni ehtiva eləmir. Yəni “başı kəsilib” deyəndə ən azı təsəvvürdə kiminsə yanına kəsilib qoyulmuş başı gəlir. Amma materiallara baxanda, ya da oxuyanda görürsən ki, heç birində belə hal yoxdu. Onda bu qədər qəddar, amansız və insafsız olmağı bizə öyrədən İP-yə lənət düşür, ya düşmür?!  

Bəlkə ilk baxışdan bəsit görünəcək. Dilimizdə fərqli deyilən, fərqli yazılan, amma təxminən eyni mənanı verən sözlər də var. Məsələn, insafımız olsa, hərdən demək olar ki, “ər arvadının boğazını kəsdi”, “qadın boğazından xəsarət aldı”, “ata qızının qırtlağını kəsdi”, ya da demək olar ki, “arterial damarın zədələnməsi üzündən həyatını itirdi”.

Amma bir də insanın xətri var. Məncə, həmin o insanın xətrinə baş kəsmək söhbəti ədalətsizlikdir. Bəlkə baş verən o cür faciələrdən sonra onun adını xəyanətə bağlamaq, kiminsə yataq odasına girib orda necə sevişməsini, hansı pozada olmasını detallarına qədər anlatmaq daha böyük cinayətlərə yol açmaqdır elə?! Və bəlkə o adına ilk baxışdan xəyanət, əxlaqsızlıq deyilən hadisələr, hansı ki, hesabına İP toplayıb bir-birinə acıq verir çox dəyərli həmkarlar, nə xəyanətdir, nə əxlaqsızlıq. Xəyanət edən qadınlar xəyanəti təkbaşına etmirlər ki. Təkbaşına sekslə məşğul olmanın tibbdə adı var. Amma mən onu bu yazıda yazmaq istəmirəm. Sadəcə demək istəyirəm ki, o yataq odalarında o xəyanətləri qadınlarla birgə kişilər də edir. Bəs niyə bircə dəfə “qadını xəyanət edən kişinin başını kəsdi” xəbərinə rast gəlmirik. Və nə səbəbdən daha çox qınaq obyekti qadın olur bu xəyanətlərdə, kişi yox.

Mənə qalsa, hər ikisi həm günahkardır, həm də günahsız. Bizim soxulduğumuz, məhz soxulduğumuz həmin o yataq odalarına hər ikisini hansı səbəbin apardığını onlardan başqa kimsə bilməz. Bu, iki nəfərə aid olan hissdir, düşüncədir, yaşantıdır...

Bəlkə xəyanət edən o kişinin evindəki qadın elə yaramaz biridir ki, sadəcə qınaq obyekti olmamaq üçün sənəd üzərində daşımalıdır onu həmin kişi. Ya da bəlkə də o “xəyanətkar” qadının həyat yoldaşı dediyi biri elə mənasız insandı ki, heç izah olunası deyil. Və bu arada kimsə nəyisə kefindən edirsə belə, bu, olay deyil. İnsanların özəlidir. Və buna görə kiməsə “zamanında kimi aldığını biləydi”, ya da “ərə gedəndə görəydi kimə gedir” kimi dahiyanə iradları tutmaq olmur. Niyə?

İnsanın yaşının üstünə hər dəfə bir yaş gəldikcə təkcə qocalmır insan. Bir yaş artmaq həm də bir yaş dəyişmək və ya yeni bir insanın doğulması deməkdir. Və bu yeniliklərin hansısa mərhələsində ya qadının, ya da kişinin fərq eləməz, bir-birlərini qane eləməmələri də ola bilər.

Bir də sizi bilmirəm, mənim imkanım ola, arvadının, anasının, bacının başını, boğazını, qırtlağını kəsən o “kişilərin” hamısıyla bir-bir görüşərdim....”Niyə” sualını vermək üçün...
Niyə arvadın xəyanət elədi? Niyə arvadın səni saymadı? Niyə evin kişisi ola bilmədin? Niyə özünü kişi, arvadını qadın eləmədin? Niyə içirsən? Niyə çəkirsən? Niyə Rusiyanın küçələrində sülənirsən ki, dönəndə arvadını başqa qollarda görürsən? Niyə günorta ikiyə, üçə kimi yatırsan? Niyə arvadın “KamAZ” sürücülərinin çay içdiyi çayxanada qabyuyan işləyib sənə siqaret, ya da “çubuş” almaq üçün pul verir? Bir sözlə, niyə “evində deyilsən”, niyə?!

Amma mənim, ya bir başqasının bu sualı verməsinə qədər, yəni o faciəni törətməzdən öncə adamlar özləri də özlərinə sual verə bilər. Məsələn, mən özümə vacib kiminsə - dostun, ya da rəfiqənin xəyanətinə uğrayanda dönüb özündən soruşmuşam ki, "niyə, niyə mənim başıma gəldi bu?!" Və anlamışam ki, hər şey mən yerimdə olmayanda baş verib. Adına dost-qardaş, rəfiqə, bir sözlə, ən əziz adam dediklərimin əli ilə həm də...

O üzdən bir arzum var hər kəsə, həmişə yerinizdə olun. Nə xəyanətə uğrayın, nə baş kəsin.

Yoxsa başdır da, onu kəsməyə nə var ki?! Çətini "bunu eləmək mənə lazımdır! Vacibdir! Edəcəm!" qərarını verməkdir...

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191747

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR