Ermənistanın yeni işğalçı niyyətləri Avropa Şurasında ifşa edildi

Ermənistanın yeni işğalçı niyyətləri Avropa Şurasında ifşa edildi
17:48 28 Yanvar 2015
188 Ölkə
Ölkə mətbuatı
A- A+


Strasburq, 28 yanvar, AzərTAc
Azərbaycanın AŞPA-dakı nümayəndə heyətinin üzvü Rafael Hüseynov qış sessiyasının sərbəst müzakirələrində Ermənistanın işğalçılıq siyasəti barədə fikirlərini bölüşüb. Onun sərbəst müzakirələrin nəşr olunmuş mətnində yer alan mülahizələrində diqqət Ermənistanın son aylarda və həftələrdə Azərbaycana qarşı sərhəd boyunca həmlələrinin artmasının qorxulu siqnal olması məsələsinə yönəldilir. Ermənistanın açıq-aşkar hərbi münaqişəni genişmiqyaslı müharibəyə çevirmək niyyətlərini gizlətmədiyini avropalı deputatların diqqətinə çatdıran R.Hüseynov bildirir: “Azərbaycan ərazisinin 20 faizi işğal olunmuş, 1 milyon qaçqın və köçkünə malik ölkə olsa da, yenə problemin hərb yolu ilə deyil, diplomatik vasitələrlə həllində maraqlıdır. Bu mövqeyini Azərbaycan dəfələrlə Avropa Şurasında da bəyan edib. Avropa Şurasına üzv qəbul edilərkən Ermənistanın da götürdüyü əsas öhdəliklərdən biri məhz Dağlıq Qarabağ münaqişəsini sülh yolu ilə həll etmək olub. Lakin təəssüf ki, Ermənistan bu öhdəliyini icra etmək istəyindən uzaqdır. Əksinə, yeni işğal planlarını daim genişləndirir və son dövrlərdə də atəşkəs rejimini pozmağı artıq sistemli hala gətirib. Riyakarcasına guya Azərbaycanın onlara qarşı müharibə başlamaq istəyi olduğunu müxtəlif səviyyələrdə, o cümlədən Avropa Şurasında bəyan edən ermənilər yalnız bir məqsəd güdürlər: əsl həqiqəti ört-basdır etmək, real vəziyyət barədə tam əks təsəvvür yaratmaq. Belə iddiaların saxtalığını sübut etmək üçün uzağa getmək lazım deyil. Mətbuat səhifələrində Ermənistan prezidentinin də, bu ölkənin müdafiə nazirinin də Azərbaycana qarşı açıq müharibə hədələri son dövrdə ardıcıl olaraq görünür. Bu hədələrin sadəcə söz olmadığını Ermənistanın bütün sərhəd boyu arası kəsilmədən davam edən və yeni-yeni ölümlərə, dağıntılara bais olan həmlələri də nümayiş etdirir. Azərbaycan Avropa Şurasına minnətdarlıq edir ki, 2005-ci ildə Ermənistanın Azərbaycana qarşı təcavüzünü obyektiv olaraq əks etdirən və bu təcavüzə son qoymağa çağıran 1416 saylı qətnamə qəbul edib. Avropa Şurasının üzvü olaraq Ermənistan bu sənədin tələblərinə əməl etməlidir. Amma təəssüf ki, atdığı addımlar bunun ziddinədir. Ona görə də Avropa Şurası ləngiməməlidir. Hər addım vaxtında atılanda, zəruri tədbir məhz ehtiyac duyulduğu anda gerçəkləşdiriləndə effektli olur. Bu gün Ermənistanın Azərbaycana açdığı atəşlərin səsi Strasburqda eşidilməlidir. Əks halda işğalçı məqsədlərindən əl çəkməyən Ermənistanın fitnəkar hərəkətləri irimiqyaslı müharibənin başlanmasına, Cənubi Qafqazda vəziyyətin son dərəcə gərginləşməsinə gətirib çıxarar”.
Əsgər Əliyev
AzərTAcın xüsusi müxbiri
Strasburq

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Ermenistanin_yeni_isgalchi_niyyetleri_Avropa_Surasinda_ifsa_edildi-828117

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR