Ölüm sevinməsin qoy...

Ölüm sevinməsin qoy...
18:09 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Həyatda kimləri itirmirik – doğmalarımızı, yaxınlarımızı, dostlarımızı... Bir də hamımızın tanıdığı və sanki illərin doğması sayılacaq biləcək insanları. O insanları ki onlar bu dünyada bir iz qoyub gedirlər. Elə bir iz ki o izi heç nə və heç kim silə bilməz. Bu ŞƏXSİYYƏTLƏRİN arasında söz adamlarının xüsusi yeri var. Onların Vətənə, Millətə sevgisi daha böyükdür. Bu bir yaradıcı insan sevgisidir. 

 

Şübhəsiz ki, millətinə böyük sevgisi olan və millətindən böyük sevgi qazanan şəxsiyyətlərdən biri də bu gün əbədiyyətə qovuşan VAQİF SƏMƏDOĞLU idi. Böyük söz ustadının ailəsində dünyaya gələn Vaqif ömür boyu bu böyüklüyü qoruyub, saxlaya bildi. Bu, Şair BÖYÜKLÜYÜDÜR. Bu, VAQİF SƏMƏDOĞLU böyüklüyüdür. Vaqif müəllimin böyüklüyü hətta ölümə belə alçalmadı. Ölüm də onun BÖYÜKLÜYÜ qarşısında aciz qaldı. Əslində, ona “ölüm” sözünü də yaraşdırmaq olmaz. Söz adamları ölmür axı...ƏBƏDİYYƏT qazanırlar. Vaqif Səmədoğlu itkisi bir evin itkisi deyil, bir elin itkisidir. Heç uzağa getməyək, bu gün sosial şəbəkələr ancaq Səmədoğlu ilə nəfəs aldı, necə deyərlər. Minlərlə insan onun şeirlərini paylaşdı, onlarla istifadəçi profil şəkillərini şairin fotolarıyla əvəz etdi.

 

Ustad Vaqifin atası Səməd Vurğunun “Ölüm sevinməsin qoy” adlı şeiri hər kəsin dilində əzbərdir. Bu şeiri indi xatırlamaq yeri deyil, bəlkə də yeridir. Amma doğrudan da... “Ölüm sevinməsin qoy”...

 

...Son zamanlar xəstəlik onu çox narahat edirdi. Amma heç vaxt da narahatlığını büruzə vermədi. Ölümün də, xəstəliyin də gözünə dik baxdı. Çünki dik baxmağa haqqı çatan insanlardan idi. Səmədoğlu uzun illər millət vəkili oldu, millətinə vəkillik etdi. Əslində Vaqif kimi şairlər deputat olmasalar belə, millətinin vəkiliydilər, bunu özlərinə haqq bilirlər.

 

Vaqif Səmədoğlunu insanlar təkcə Səməd Vurğunun oğlu kimi tanıyıb, sevmədi. Çünki öz yaradıcılığı ilə, öz insani xüsusiyyətləri ilə insanlara özünü sevdirə bildi. Bu sevgini bu millətin əlindən heç kim ala bilməzdi.

Ruhun şad olsun şair, məzarında rahat uyu, çünki xalqın səni heç zaman unutmayacaq.

İllər ötəcək, daima Azərbaycan ədəbiyyatında Vaqif Səmədoğlunun yeri görünəcək. Neçə şair-yazıçı nəsli yetişsə belə... 

 

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191760

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR