Müsavatda vəziyyət gərginləşdi

Müsavatda vəziyyət gərginləşdi
18:12 28 Yanvar 2015
125 Digər
Ölkə mətbuatı
A- A+

Arif Hacılı sərt danışdı, Qubad İbadoğlunun partiyadan çıxarılması gündəmə gəldi
Müsavat Partiyasında narazılıq ciddi şəkil alıb. Yeni başqan Arif Hacılını qəbul etməyən sabiq başqanlığa namizəd Qubad İbadoğlu partiya quruculuğunu sürətləndirib. Azərbaycan Demokratiya və Rifah Hərəkatı əksər rayonlarda təşkilatlanıb və Müsavat üzvləri hesabına tərəfdarlarını artırmaqdadır. ADR üzvləri “Müsavatın fövqəladə qurultayı” haqqında danışırlar. Bu günlərdə partiya qərargahında dinləmələr keçirilməlidir. Bu durum Arif Hacılını qəzəbləndirib. Müsavat başqanının sərt qərarlar ərəfəsində olduğu aydındır. Bir neçə gün öncə Müsavatın ünlü simalarından biri Ənvər Əhməd partiyadan çıxarılıb.

Mediaya açıqlamasında Arif Hacılı sərt cəzaların ola biləcəyinə eyham vurub: “Qubad İbadoğlu qurultaydan əvvəl və qurultay zamanı verdiyi vədlərə əməl etmədi. Bizim durmadan təkrar etdiyimiz birlik çağırışlarımıza məhəl qoymadı. Bu aylar ərzində bütün siyasi fəaliyyəti dövründə göstərmədiyi fəallıq nümayiş etdirdi. Heç vaxt hər hansı bir siyasi kampaniyanın lideri olmamışdı. Ətrafındakı qrupla anti-Müsavat kampaniyasının lideri oldu. Müsavata vura biləcəyi bütün zərbələri vurdu. Müsavata qarşı bundan daha artığını edə bilməzdi”.

Çox güman ki, bu sərt açıqlamanın ardınca Qubad İbadoğlunun partiyadan xaric edilməsi məsələsi qoyulacaq. Arif Hacılının məqsədi odur ki, ADR üzvləri Müsavat qərargahından uzaqlaşdırılsın. Bunun üçün Qubad İbadoğlu, Vurğun Əyyub Müsavatdan çıxarılmalıdır. Onlar pariyadan çıxarılsa, Müsavat partiyasında qeyri-müəyyən duruma son qoyulacaq. Üzvlərə elan olunacaq ki, ADR-in partiya ilə bir bağlantısı yoxdur, onların Müsavat adına keçirəcəyi heç bir tədbir legitim sayıla bilməz. Durumun ciddiliyi ortadadır. Arif Hacılı çətin yol ayrımına gəlib. “Gəlin qucaqlaşaq”, “Gəlin barışaq” tipli ritorika işə yaramır. Dədə Qorqudluq keçmir. Bu durumdan sərt addımlar və az itki ilə çıxmaq lazımdır. Ancaq bu prosesi Mustafa Hacıbəyli-Osman Kazımov ağlı ilə etmək düzgün olmazdı. Bu, durumu daha da ağırlaşdıra, itkilərin miqyasını böyüdə bilər. Bu arada Arif Hacılı iki cəbhə açmamalıdır. Onun Tural Abbaslı ilə hədə, “olmaz” dili ilə danışması düzgün deyil.

Xatırladaq ki, başqan Tural Abbaslının “fraksiya yaradacağıq” açıqlamasını tənqid edib, “Nizamnamədə bu, yolverilməzdir” deyib: “Müsavat Partiyasının nizamnaməsində fraksiya yaratması nəzərdə tutulmur. Ona görə də partiya üzvləri fraksiya yaradılması ideyasına mənfi yanaşır. Fraksiyanın yaradılmamasının da əsas səbəbi də budur. Çünki bu ideyanın tərəfdarları çox azdır. Bir dəfə bu fikri səsləndirmişəm, bir daha təkrar edirəm ki, kimsə partiyanın içində hansısa qruplar, fraksiyalar yaratmaq istiqamətində fəaliyyət göstərəcəksə, bu adamlar partiya üzvlərinin özlərinə olan etimadı daha da itirəcəklər. Bu, həm də mənim təcrübəli bir siyasətçi kimi ekspert rəyimdir”. Bu mövqe yersizdir. Arif Hacılı gənclərin liderinin hissi addımlarını anlayışlı qarşılamalı idi. Onsuz da, bütün partiyalarda gənclər təşkilatları ayrıca fraksiya kimi fəalliyyət göstərir.

Beləliklə, Müsavat parçalanmanın astanasına gəldi. Bu gedişlə ADR liderləri partiyadan çıxarılacaq. İsa Qəmbər-Arif Hacılı ittifaqı itkilərin az olmasına çalışır. ADR üzvləri Müsavat adına iddia etsələr, o zaman Arif Hacılı üçün ciddi problem yaranacaq.

Olaylar.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/321487.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR