x
Loading...
.

"Teatrı zorlanmışlar tərk edir" - Seks mövzusu Azərbaycan tamaşaçısını niyə aqressivləşdirir?

"Teatrı zorlanmışlar tərk edir" - Seks mövzusu Azərbaycan tamaşaçısını niyə aqressivləşdirir?
23:12 28 Yanvar 2015
Ölkə mətbuatı
A- A+
.

Teatrlarda tamaşa zamanı qonşu oturacaqlardan eşidilən söhbət, uşaqların səs-küyü ilə yanaşı, bir məqam da insanı narahat edir. Belə ki, tamaşaya gecikənlər kimi, onu yarımçıq tərk edənlər də olur. Bunun səbəbi isə nisbətən açıq-saçıq səhnələrdir. Tamaşaçılarımız insan faciəsi fonunda nümayiş etdirilən öpüşmə və ya zorlama səhnələri görən kimi, məsələnin mahiyyətinə varmamış zalı tərk edir və sənətçiləri tənqid atəşinə tuturlar. Zalı tərk edənlər arasında çoxluğu hicablı qadınlar, dindar kəsim təşkil etsə də, sənət adamlarından da bu kimi səhnələrə etiraz edənlər olur. Sözügedən əsərlər səhnələşdirilən kimi mətbuatda da bu barədə tənqidi yazılmağa başlayır.

“Atanın qızını zorlaması mentallıqdır?”

Bu mənada, ən çox reaksiya doğuran Akademik Milli Dram Teatrında xalq yazıçısı Elçin Əfəndiyevin eyniadlı əsəri əsasında hazırlanmış “Qatil” tamaşası olmuşdu. Tamaşanın quruluşçu rejissoru əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadə bunun əsas səbəbini cəmiyyətin mentallığında görür: “Faciə budur ki, etiraz edənlərin ən asan istinadları mentallıqdır. Ətraflarında baş verənləri, həyatın insanları hansı küçələrə sürüklədiklərini görmürlər? Atanın qızını, qardaşın bacısını, rəhbərin işçisini zorlamağı mentallıqdırmı? Bunlara reaksiya verə, insanları qoruya bilmirlər, amma səhnədə, filmdə mentallıq axtarırlar. Mən bu tamaşa ilə, əslində, belə hallara qarşı SOS siqnalı verdim. Bu adamlar tamaşadakı qonşular kimi reaksiya verdilər elə. Təəssüf ki, hələ də sənətin nə olduğunu anlamaq istəməyənlər var”.

“Deyirlər, ilahi, sən o səhnədə nələr çəkdin?!”

Tamaşanın baş rol ifaçısı əməkdar artist Münəvvər Əliyeva bu kimi reaksiyaların gözlənilən olduğunu deyir: “Qatil” tamaşası hazırlananda bu hay-küyü gözə almışdıq. Ancaq biz bu söz-söhbəti adi tamaşaçılardan gözləyirdik, sənət adamlarından yox.

Hətta qohumlarım, rəfiqələrim arasında dindar xanımlar vardı ki, çəkinə-çəkinə onları da dəvət etmişdim. Təəccüblüdür ki, onlar heç bir mənfi rəy söyləmədilər. Tamaşanın məğzini anlayandan sonra gözə çılpaqlıq görünmür. Tamaşa haqqında deyilənlərə də məəttəl qalmışdılar ki, orada axı elə səhnələr yox idi.

İndi mənim ailəm də, qohumlarım, çevrəm də sənətimi çox gözəl qəbul edirlər. Qohumlarım arasında o qədər ağlayaraq o tamaşadan gedən olub ki... Özüm də bilmədən onların həyatını oynamışammış, bunu özləri etiraf edirdilər. O tamaşadan sonra qohumlarımdan çox dost tapdım özümə, amma dostlarımı itirməli oldum.

Əslində, aktrisa adı ilə həyatda çox çətinlik çəkmişəm. Aktrisa olmaqdan ötrü nə qədər baryerlər aşmışam, qurbanlar vermişəm. Cəmiyyət qadının aktrisalıq etməyini qəbul etmir. İndinin özündə də deyəndə ki, aktrisayam, bu işi çox yüngül hesab edilər. Ancaq bizi elə qəbul edib, tamaşaya gələnlərin belə fikirləri dəyişib. Deyirlər, ilahi, sən o səhnədə nələr çəkdin?! Orada o ağrını, yaşantını görürdülər”.

“Səhnədə ərimin məni zorlaması səhnəsi onların yanında heç nədir”

Bu kimi hal təkcə “Azdrama” üçün xarakterik deyil. Gənc Tamaşaçılar Teatrında isveç yazıçısı və dramaturqu Lars Nurenin pyesi əsasında hazırlanan “Müharibə” tamaşasında da zalı tərk edən tamaşaçılarla qarşılaşmaq mümkündür. “Zorlanmaya məruz qalan” əməkdar artist Kəmalə Müzəffərin Milli.Az-a dediyinə görə, tamaşaçı zalı iki halda tərk edir: “Ya həmin səhnəni öz həyatında görür, ya da reallığı görmək istəmir. Məncə, bizim tamaşaçılar ikinci qrupa aiddir. Bu, reallığa göz yumaraq öz düşüncə və ruhlarını zorlayırlar. Amma hər iki halda zalı tərk edənlər elə zorlanmışlardır.

Hər gün mətbuatda elə xəbərlərə rast gəlirik ki, səhnədə ərimin məni zorlaması səhnəsi onların yanında heç nədir. Məncə, bizim tamaşaçılar heç vaxt bu cür səhnələri qəbul edə bilməyəcəklər. Onlara teatrın qapısı açıqdır...”

“Pornofilmlərin sənətə heç bir aidiyyəti yoxdur”

Teatrşünas Aydın Talıbzadə Azərbaycan səhnəsində açıq-saçıq səhnələrə ehtiyac olmadığını söyləyir: “Açıq-saçıq səhnələr yalnız pornofilmlərin hədəfidir və yalnız kütləvi mədəniyyətə hesablanıb, tineycerlərin beynini yumağa hesablanıb ki, asan qazanc gətirsin. Teatr sənətinin gündəliyində belə bir məsələ dayanmır. Əgər bədii əsərin strukturu, mahiyyəti intim səhnələrin göstərilməsini tələb edirsə və bu, qaçılmazdırsa, məna konkretliyinə xidmət edirsə, bundan qorxmaq lazım deyil... Lakin hər şeyi açıq-saçıq ifadə eləmək hələ yüksək sənətə dəlalət eləmir. Şərti obrazlar sistemində, metaforlar sistemində hər şeyi seyrçiyə danışmaq və anlatmaq mümkündür.

Pornofilmlərin sənətə heç bir aidiyyəti yoxdur. Hətta Avropada elə ölkələr var ki, pornoulduzların ora daxil olması yasaqdır”.

“Əxlaqsızlığı müasirlik adıyla təqdim edə bilmərik”

İlahiyyatçı hacı Şahin Həsənli sənət aləmində müəyyən normaların qorunmasını məqsədəuyğun hesab edir: “Çünki onlar insanların fikir və əxlaqını formalaşdırır. Bu işlə məşğul olanlar anlamalıdır ki, necə müqəddəs bir işə xidmət edirlər. Açıq-saçıqlıq və bayağılığı təbliğ etməklə yeni nəslin zövqünü korlayırıq və sonra da onlardan şikayətlənirik. Din heç də keçmişin keşiyində dayanmır, sadəcə, yenilik ağıl və mənəviyyat süzgəcindən keçməlidir.

Məncə, insan əvvəlcədən hara getdiyini, nəyə tamaşa edəcəyini bilməlidir. Bunu müəyyən etmirsə, burada o, özünü qınasın. Dinimiz incəsənət üçün müəyyən çərçivə müəyyən edib. Əxlaq və mənəviyyatdan kənara çıxmaq olmaz. Kimsə dözümlülük göstərirsə, kimsə də aqressiv yanaşa bilər.

Dini baxımdan bu məsələyə yanaşanda həmin məqamlar gözlənilməlidir. Dinin müəyyən etdiyi çərçivə məhdudlaşdırmır, sadəcə, insan meyillərinə, hisslərinə tərəf yox, onun əksinə getdikdə azad sayılır. İnanc sağa-sola sapmanın qarşısını alır. O, tormozlayıcı faktor deyil, ancaq hər hansı əxlaqsızlığı müasirlik, elmin inkişafı adıyla təqdim edə bilmərik. Əxlaq elmin önündə getməlidir”.

“İnsanların seksual fantaziyaları, istəkləri ödənilmir”

Psixoterapevt Elmir Əkbər cəmiyyətimizdə, ümumiyyətlə, seksual mədəniyyətin çox aşağı səviyyədə olduğunu bildirir: “Qoca nənələrin, babaların dövründə onlar hər şeyi ediblər də, görüblər də. Amma bizdə bir kişi əsəb xəstəliyi tapır, araşdıranda görürsən ki, bu xəstəlik cinsi istəklərini həyat yoldaşına açıb deyə bilməməkdən yaranıb. Qadınların vəziyyəti bu mənada daha bərbaddır. Orta nəsil, ümumiyyətlə, itirilmiş nəsildir. Qadınların 90 faizi orqazmın nə olduğunu bilmir, deyir, axı o, kişilərdə olur. Yəni insanların seksual fantaziyaları, istəkləri ödənilmir, onlar seks mövzusuna qarşı aqressiv olurlar. Ona görə də, belə şeyləri səhnədə görmək, eşitmək istəmirlər”.

“İntim mövzular cəmiyyət üçün nəzərdə tutulmayıb”

Sosioloq Cavid İmamoğlu Milli.Az-a açıqlamasında deyir ki, Azərbaycan cəmiyyət olaraq özünə məxsus milli-mənəvi dəyərlərə sahibdir və bu dəyərlər Azərbaycan insanının həyatında dominantlıq edir: “Bu qayda bütün cəmiyyətlərə xasdır. Hər bir ölkənin, cəmiyyətin öz yerli xarakterik xüsusiyyətləri var ki, bir çox hallarda bu xüsusiyyətlər və normalar digərləri tərəfindən gözlənilir. Sadə bir misal, xarici qonaqlar Azərbaycana gələndə, ilk növbədə, onlara Azərbaycanın milli-mənəvi dəyərlərinə hörmət edilməsi barədə məlumatlar çatdırılır. Çünki əks halda konflikt və xoşagəlməz vəziyyətlər yarana bilər. Demək, bu, bir təbii prosesdir və bu proses cəmiyyətin etiket və normalar çərçivəsini təyin edir.

Tamaşaların açıq-saçıq tərtib olunması zamanı belə, bu kimi dəyərlər çərçivəsi nəzərə alınmalıdır. Əgər tamaşa spesifik deyilsə, məsələn, əgər elanda “çılpaq və intim səhnələr” kimi qeydlər qoyulmasa, təbii ki, bu insanımızda aqressiya yaradacaq. Və o, tamamilə haqlı olar ki, tamaşanı yarımçıq qoyub getsin. Çünki Azərbaycan reallığında, milli mentalitet çərçivəsində intim mövzular ictimaiyyət üçün nəzərdə tutulmayıb və müzakirə edilmir. Odur ki, tamaşa hazırlayarkən, ilk növbədə, cəmiyyətin milli-mənəvi xüsusiyyətlərini öyrənməli və deyiləcək ifadələri və göstəriləcək səhnələri normalara zidd etməməlidirlər. Bu kimi halların baş verməsi onların profesionallığını şübhə altına alır. İşinə professional yanaşan mütəxəssislər adətən riskləri öncədən öyrənir və riski idarə etməyi bacarırlar. Tamaşaçı ki tamaşanın ortasında zalı tərk edir, bu, artıq tamaşaçının yox, yaradıcı kollektivin zəif tərəfidir. Biz Qərb cəmiyyətlərində bu kimi hallara rast gələ bilmərik. Çünki tərkibində onların cəmiyyətinə zidd və ya qarşı ola biləcək hər hansısa bir film və tamaşa nümayişi zamanı mütləq və mütləq xüsusi qeydlər qoyaraq (“18+” və s) o spesifikliyi çatdırırlar”.

Sevinc Fədai
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/321418.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR