Mavi şok: bizə qarşı oynadılar, özlərini tələyə saldılar

Mavi şok: bizə qarşı oynadılar, özlərini tələyə saldılar
09:22 29 Yanvar 2015
157 Digər
Ölkə mətbuatı
A- A+

Rusiyanın "Qazprom" şirkəti Avropanın cənubuna təbii qaz nəql etmək üçün Transanadolu qaz boru kəməri sistemindən (TANAP, Azərbaycan-Türkiyə-Avropa) istifadə etmək niyyətindədir. Daha dəqiq olsaq, Rusiya "Cənub axını" marşrutu ilə Avropaya çıxarmaq istədiyi təbii qazı bu dəfə TANAP-la yönləndirməyi düşünür.
Rusiyanın Milli Energetika Təhlükəsizliyi Fondunun (FNEB) sədr müavini Aleksey Qrivaçın dediyinə görə, Avropa Birliyinin dəstəklədiyi TANAP layihəsi Azərbaycanın təbii qazının AB ölkələrinə çıxarılmasını nəzərdə tutur. TANAP-la ildə 15 milyard kubmetr qaz nəql olunmalıdır.


 
"Lakin Azərbaycanın Avropaya qaz nəqli ilə bağlı maksimal imkanları ildə 15 milyard kubmetrdən artıq olmadığından marşrutda boş qalan yerdən "Qazprom" yararlana bilər. Bununla belə, Avropa Birliyinin "Qazprom"un niyyətinin baş tutmaması üçün əlindən gələni edəcəyini istisna etmirəm", - Qrivaç söyləyib.
Rusiya prezidenti Vladimir Putin TANAP-la bağlı mövqeyini açıq bildirməsə də, məsələyə üstüörtülü münasibət bildirib.
 
"Türkiyənin təbii qaz təminatı ilə bağlı ehtiyaclarının artdığını nəzərə alsaq, "Mavi axın" layihəsini genişləndirməklə yanaşı, türk iqtisadiyyatının güclənən tələbatını ödəmək üçün daha bir boru kəməri sistemini inşa etməyə hazırıq. Gərəkli hesab olunarsa, Türkiyə ərazisində, Yunanıstan ilə sərhəddə Cənubi Avropadakı istehlakçılar üçün "qaz habı" da tikə bilərik", - V.Putin deyib.


 
Moskvadakı Milli Energetika İnstitutunun baş direktoru Sergey Pravosudov hesab edir ki, Türkiyəyə yeni qaz nəqli marşrutunun inşası ilə Rusiya "Cənub dəhlizi"ndən daha səmərəli istifadə edə bilər. Bu sistem "Cənub axını" vasitəsilə Rusiya qazının nəqli üçün nəzərdə tutulmuşdu.
 
Avropanın cənubunda, Türkiyə ilə Yunanıstanın sərhədində "qaz habı" tikməklə Rusiya əslində Ukraynadan yan keçməklə Bolqarıstan və Yunanıstana "mavi yanacaq" nəqli problemini həll etmək istəyir. Bunun üçün "Qazprom"a Bolqarıstanın qaz boru kəmərində revers problemini həll etmək yetər.
Rusiya prezidenti Vladimir Putin Türkiyədə rəsmi səfərdə olanda, prezident Rəcəb Tayyib Ərdoğanla görüşəndə bildirmişdi ki, rəsmi Moskva "Cənub axını" layihəsini dondurur və Türkiyəyə alternativ, yeni təbii qaz nəqli sistemini inşa etməyə hazırlaşır.
 
Putin Ankarada Avropa Birliyinə ultimatum da ünvanlamışdı: "Əgər Avropa Birliyi "Cənub axını" layihəsinin reallaşmasını istəmirsə, deməli, bu layihə həyata keçirilməyəcək".

Türkiyənin energetika naziri Taner Yıldızın sözlərinə görə, rəsmi Ankara TANAP və Transadriatik boru kəməri (TAP) layihəsinə böyük önəm verir: "Türkiyə bu layihələrdə önəmli rol oynayır. Həmin layihələr Avropa Birliyinin 2035-ci ildə təbii qaza olacaq tələbatını ödəmək üçün nəzərdə tutulub".
Bu arada Rusiya ilə Türkiyə "Türk axını" (“Turkish Stream”) qaz boru kəmərinin marşrutunu razılaşdırdıqlarını elan ediblər.
 
Marşruta əsasən, “Türk axını” kəmərinin böyük hissəsi - 660 kilometri artıq bağlanmış “Cənub axını” qaz kəmərinin köhnə marşrutu ilə keçəcək, qalan 250 kilometri isə Türkiyənin Avropa hissəsinə istiqamətlənəcək. Daha sonra Türkiyənin Yunanıstanla sərhədində qaz satışı üçün hab (qaz qəbulu və ötürülməsi məntəqəsi) inşa ediləcək.
“Qazprom” elan edib ki, bundan sonra işlərin ikinci mərhələsi - boru kəmərinin çəkilməsinin layihələndirilməsi başlayır və bu, təxminən 1 il vaxt aparacaq. Ondan sonra isə tikinti işləri başlayacaq.
 
Bütün Avrasiya regionunda enerji kartlarını qarışdıran “Türk axını” layihəsi barədə Rusiya prezidenti Vladimir Putin ötən il dekabrın 1-də Ankaraya səfəri zamanı prezident Rəcəb Tayyib Ərdoğanla görüşündə elan edib. İndiyə qədər Avropa İttifaqı “Türk axını” kəmərinin qeyri-real olduğunu deyirdi.
Rusiyanın Ukraynaya qarşı yürütdüyü ilhaq siyasətinin, bu siyasətin yaratdığı və Moskvaya qarşı yönəlmiş sanksiyaların pərdəarxasında qalan məqamlar zaman keçdikcə aşkarlanır.


 
Əyan olur ki, Ukrayna böhranının, daha doğrusu, bu ölkədəki qanlı savaşın əsas səbəblərindən biri Avrasiyada təbii qaz nəqli marşrutlarında nəzarətlə bağlı Rusiya ilə Avropa Birliyi arasındakı sərt qarşıdurmadır.
 
Qərbin Rusiyaya qarşı sanksiyaları gücləndikcə "Qazprom"un təbii qazının Avropaya nəql marşrutları da dəyişir. "Cənub axını" layihəsinin dondurulması, Moskvanın təbii qazı Ukraynadan yan keçirməklə Türkiyəyə, oradan da Avropa Birliyinə nəql etməyə çalışması əslində Ukrayna böhranının yeni nəticələridir.
"Cənub axını" marşrutunun keçəcəyi ölkələr arasında əvvəlcə Bolqarıstan, sonra da Serbiyanın layihə çərçivəsindəki işləri dayandırılması barədə çıxışlar etməsi də əsla təsadüf deyildi.
 
Rusiya və Avropa Birliyi arasında danışıqların davam etdiyi bir zamanda TANAP marşrutu istiqamətində önəmli addımlar atılır.
TANAP əslində Rusiyanın ambisiyalarına, Moskvanın Avropaya qarşı "qaz dəyənəyi" tətbiq etmək planlarına zərbədir və Avropa Birliyinin "mavi yanacağ"a olan tələbatının təminatı istiqamətində atılan önəmli addımdır. Azərbaycanın təşəbbüsü ilə gündəmə gətirilən, əslində Bakının layihəsi olan bu marşrut "Cənub axını"nını məzardaşı da sayıla bilər.
TANAP reallaşarsa, avropalıların "Qazprom"a müqavimət imkanları artacaq, Rusiyanın layihələrinə alternativ olan marşrut Bakının da geosiyasi mövqelərini daha səbatlı edəcək.


 
Avropa Birliyi artıq dərk etdi ki, Bakının illərdən bəri gündəmə gətirdiyi, avropalılara önəmini anlatmağa çalışdığı TANAP faktiki olaraq Brüssel üçün "qaz xilası" sayıla bilər. Nədən ki, bu layihənin reallaşmağa başlaması Rusiyadan alınan təbii qazın həcmi və qiymətləri ilə bağlı aparılan danışıqlarda Avropa Birliyinin mövqelərini möhkəmləndirir, arqument bazasını genişləndirir.
 
TANAP layihəsi həm də Avropa Birliyi-Rusiya danışıqlarında Brüsselə əminlik verəcək.
Sözügedən layihə Türkiyənin təbii qaza olan tələbatının bir qismini ödəməklə yanaşı, "Qazprom"un hazırda yetərincə qazla təmin etmədiyi Yunanıstan, İtaliya, Albaniya kimi ölkələrin problemlərinin həllinə imkan yaradacaq.
 
Və ən nəhayət, TANAP-ın reallaşması ilə yaranacaq təsir rıçaqlarından yararlanacaq Avropa Birliyi üzünmüddətli perspektivdə Azərbaycanla daha sıx əlaqələr qurmaq məcburiyyətindədir. Çünki Brüssel Bakı ilə ultimativ tələblər formatında danışarsa və ya Azərbaycanın qarşısına yenə də şərtlər qoyaraq Bakını nələrəsə vadar edə biləcəyini xəyal edərsə, Avropa Birliyi Rusiyanın təbii qazından tam asılı qalacaq.
Halbuki avropalılar indi o asılılıqdan bilmərrə qurtulmaq istəyirlər.
 
Bu səbəbdən də Avropa Birliyinin Rusiya və Azərbaycanla münasibətlər istiqamətində yürütdüyü siyasətdə ciddi dəyişikliklərin olacağı labüddür. Yəni Rusiya ilə münasibətlər kəskinləşəcəksə, Bakı ilə təmasların daha da intensivləşəcəyi qaçılmazdır.


 
Axı TANAP sadəcə Azərbaycanın təbii qazını Avropa Birliyinə çıxaracaq layihə yox, həm də perspektivdə Türkmənistanda çıxarılan "mavi yanacaq" ehtiyatlarının gərəkli qismini avropalı istehlakçılara nəql etməyə imkan yaradan layihədir.
O da var ki, TANAP sonradan İran, İraq qazını da Avropaya nəql edəcək marşruta çevrilə bilər.
İsrailin təbii qaz təminatında TANAP-ın önəmli rol oynaya biləcəyini də unutmayaq.
 
Ən azından, yeni boru kəmərləri inşa etmək əvəzinə, mövcud kəmərlərlə nəql həcmlərini artırmaq milyardlarla dollara qənaət deməkdir.
Rusiya və Türkiyənin yeni layihə ilə Azərbaycanın maraqlarına təhlükə yaratdığı, Avropa Birliyinin ruslardan aldıqları təbii qazın həcmini artırmağa çalışdıqları barədə iddialar, göründüyü təki, puçdur.
 
Real olan TANAP-ın müəllifi və banisi Azərbaycanın mövqelərinin daha səbatlı olacağıdır.
Azərbaycanın dövlət başçısının çox dəqiq dediyi təki, bir sıra qüvvələr bunu əsla istəməsələr belə…
 
Elçin Alıoğlu
Milli.Az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/politics/321517.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR