İlqar Musayev: “Atam dedi ki, birdən mən də ölsəm...?”

İlqar Musayev: “Atam dedi ki, birdən mən də ölsəm...?”
16:24 27 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Bakı Bələdiyyə Teatrının aktyoru İlqar Musayevin Lent.az-a müsahibəsi:

- Yadımdadır ki, əvvəllər mono-tamaşalar Festivalı keçirilirdi, amma son vaxtlar nədənsə daha keçirilmir. Buna təəssüf edirəm. Hesab edirəm ki, Gənclərin III Ümumrespublika Teatr Festivalı kimi festivalların sayı nə qədər çox olsa, bir o qədər gənclər qazanar. Çalışdığım Bakı Bələdiyyə Teatrında gənclərlə bərabər “Əli və Nino” adlı bir tamaşamız var. Bu tamaşa ilə biz xarici ölkə  festivallarında qalib olduq, amma öz ölkəmizdə keçirilən hansısa festivala da qatılmaq arzusundayıq. Bilirsiniz, rəqabət olan yerdə inkişaf olur. Festivalda nəzərdə tutulan nominasiyalar, kimlərinsə yer tutması-bu rəqabəti gücləndirir. Hər kəs qalib olmaq istəyir. Bu təbii bir hissdir, hər bir insanda paxıllıq olmalıdır. Mən istəyirəm ki, güclü rəqiblərimiz olsun ki, bizə də yük düşsün. Bax, hazırda nəinki yaşlı nəsil, elə biz gənclər də söz düşəndə deyirik ki, əvvəllər gözəl sənətkarlarımız olub, heyf, indi yoxdur. Əslində belə deyil. İstedadlı gənclər yetişir. Düzdür, mən özümü artıq gənc nəslə aid etmirəm, çünki 34 yaşım var. 20-21 yaşında olan gəncləri nəzərdə tuturam. Teatrın xəstəsi olan həmin gənclər sözün əsil mənasında səhnəni sevirlər. Hətta gənc aktyorlar var ki, külli miqdarda puldan imtina edib hansısa filmə, seriala çəkilmir. Məhz teatrda işləməyə üstünlük verirlər.

- Məsələn, ad çəkərdinizmi?

- Tural Baxış, Zülfiyyə Qurbanova, Toğrul Rza, Elxan, Əhməd Salahov…Bu siyahını daha da uzatmaq olar. Teatr maddi tərəfindən az qazanc yeri olan sahədir. Amma bu peşə insana mənəvi cəhətdən zənginlik verir. İçində bu sahəyə sevginin olması mütləqdir. Məsələn, mən özüm ailə üzvlərimin belə xeyir işlərində iştirak edə bilmirəm. Əzizimin, doğma bacımın, qardaşımın xoş günündə mən səhnədə tamaşa oynayıram. Bir dəfə atam məni günahlandırdı ki, bu nə deməkdir, sən qardaşının toyunda iştirak etmirsən, belə qardaş olar? Dedim ki, ata, mən tamaşa oynayıram, zal dolu tamaşaçıdır. Özü də həmin vaxt uşaqlar üçün tamaşa oynayırdım. Ən çətin tamaşaçı uşaqdır. Böyük insanın qabağına mən əlimdə qılınc, başımda papaq çıxıb deyərəm: “Ey qara div, dayan, mən Məlikməmmədəm”. Biz özümüz-özümüzü aldadırıq? Uşağın qabağında eynən Məlikməmməd olmalıyıq ki, o inansın. Hətta atam mənə dedi ki, birdən mən ölsəm, onda da gəlməyəcəksən? Mən də zarafatyana dedim ki, dublyorum varsa, gələcəm. O sözümə görə məndən küsdü. Buna görə üzr istədim. Demək istəyirəm ki, bu sənəti sevmək lazımdır. Teatrda tamaşaçı ilə canlı ünsiyyətdə olmağın ləzzəti başqadır. Mən səhnədə oynayanda, həyəcan keçirəndə, nəyisə düz etməyəndə bunu tamaşaçının gözündən, baxışlarından hiss edirsən. Amma filmdə, serialda belə deyil, kəsib, montaj edib efirə verirlər. Son vaxtlar efirlərdə çox oluruq, amma görürəm ki, teatrın yeri başqadır. Filmdə hansısa artıq bir hərəkət  edəndə, onu mütləq rejissorla dil tapıb kəsib-doğrayacağıq, amma teatrda belə deyil. Pərdə açıldı və hər şey sənindir. Ta pərdə enənə qədər tamaşadan heç nə çıxarmaq olmaz. Mən arzu edərdim ki, gənclər arasında keçirilən bu festival teatrı ürəkdən sevən istedadları üzə çıxarsın. Onlar öz sözlərini səhnədə desinlər.

 

Qeyd edək ki,  Gənclər və İdman Nazirliyi, Mədəniyyət və Turizm Nazirliyinin, ASSİTEJ  - Azərbaycan Milli Mərkəzinin dəstək verdiyi Festivalın ideya müəllifi millət vəkili Jalə Əliyevadır. Gənclərin Ümumrespublika Teatr Festivalına 120-yə yaxın istedadlı, yaradıcı gənc qoşulub. Festivalın informasiya dəstəyi Lent.az xəbər portalıdır.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/188912

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR