"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun ikinci iclası keçirilib (FOTO)

"Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun ikinci iclası keçirilib (FOTO)
16:38 27 Dekabr 2014
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 27 dekabr /Trend/

Dekabrın 27-də Bakı Biznes Mərkəzində "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası üzrə Milli Fəaliyyət Qrupunun ikinci iclası keçirilmişdir.

İqtisadiyyat və Sənaye Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyasının icrası ilə bağlı dövlət qurumlarının fəaliyyətini təşkil etmək və əlaqələndirmək məqsədilə Azərbaycan Respublikasının Prezidentinin 29 may 2013-cü il tarixli Sərəncamı ilə yaradılmış Milli Fəaliyyət Qrupunda aidiyyəti dövlət qurumlarının nümayəndələri təmsil olunur.

Tədbirdə çıxış edən iqtisadiyyat və sənaye nazirinin müavini Sevinc Həsənova son illər sosial-iqtisadi inkişaf sahəsində əldə edilmiş uğurlar, "Azərbaycan 2020: gələcəyə baxış" İnkişaf Konsepsiyası çərçivəsində görülən işlər barədə məlumat vermişdir. Qeyd edilmişdir ki, Azərbaycan son 10 ildə böyük inkişaf yolu keçmiş, inkişafının əsası Ümummilli Liderimiz Heydər Əliyev tərəfindən qoyulan milli iqtisadiyyatımız Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin məqsədyönlü siyasəti nəticəsində yeni mərhələyə qədəm qoymuşdur. Ölkəmizdə beynəlxalq sosial-iqtisadi çağırışlara cavab verən rəqabətqabiliyyətli, ixracyönümlü, çoxşaxəli və innovasiya yönümlü iqtisadiyyatın formalaşdırılması sahəsində mühüm işlər görülmüşdür. Dünyada və regionda müşahidə edilən mənfi iqtisadi meyillərə baxmayaraq, Azərbaycanda dövlət proqramları, layihələr tam həcmdə icra olunur, sahibkarlığa dövlət dəstəyi və s. tədbirlər uğurla davam etdirilir.

Diqqətə çatdırılmışdır ki, “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyasının icrasının bazis ili ilə müqayisədə 2013-cü ildə ÜDM 5,8%, qeyri-neft sektor 10%, strateji valyuta ehtiyatları 8,7%, qeyri-neft ixracı 5,9%, orta aylıq əmək haqqı 6,8%, əhalinin gəlirləri 8%, o cümlədən minimum əmək haqqı 12,3% artmışdır. Bu ilin 11 ayı ərzində ötən ilin müvafiq dövrü ilə müqayisədə ÜDM 2,2%, qeyri-neft sektoru 6,5%, o cümlədən qeyri-neft sənayesi 6,6%, rabitə 14,2%, tikinti 8,6%, turizm 16,8% artmışdır.

Qeyd edilmişdir ki, Azərbaycan dünyada 40 ən rəqabət qabiliyyətli iqtisadiyyata malik ölkələr sırasına daxildir və son 6 ildə MDB dövlətləri arasında liderdir. İqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun dinamik inkişafının təmin edilməsi, rəqabətqabiliyyətinin artırılması və bu sahəyə investisiya qoyuluşlarının surətləndirilməsi Azərbaycanın sosial-iqtisadi inkişaf siyasətinin prioritet istiqamətlərindəndir. Bu siyasətə uyğun olaraq, regionlarda yerli xammala əsaslanan sənaye müəssisələrinin fəaliyyətinin keyfiyyətcə müasir səviyyədə qurulması və yeni müəssisələrin yaradılması İnkişaf Konsepsiyasının hədəflərinə nail olmaq baxımından əhəmiyyətlidir. Yaradılmış əlverişli biznes və investisiya mühiti, sürətlə artan investisiyalar, sahibkarlığın inkişafına dövlət dəstəyi tədbirləri, xarici ticarət prosedurlarının sadələşdirilməsi orta müddətli dövrdə qeyri-neft ixracının daha böyük templərlə artmasını təmin edəcəkdir.

Sevinc Həsənova dövlət başçısı cənab İlham Əliyev tərəfindən 2014-cü ilin “Sənaye ili” elan edilməsinin ölkəmizin sənaye potensialından səmərəli istifadə olunması üçün geniş imkanlar yaratdığını bildirmiş, yeni sənaye parklarının, müəssisə, komplekslərin və həmçinin, regionlarda sənaye məhəllələrinin, aqroparkların yaradılması işlərinin davam etdirildiyini vurğulamışdır.

Sonra Milli Fəaliyyət Qrupu üzvlərinin “Azərbaycan 2020: gələcəyə baxış” İnkişaf Konsepsiyası çərçivəsində görülən tədbirlər, o cümlədən Milli Fəaliyyət Qrupunun birinci iclasında qəbul edilmiş qərarların icrası barədə məlumatları dinlənilmişdir.

İnkişaf Konsepsiyasının Milli Fəaliyyət Qrupunun II iclası çərçivəsində həyata keçirilən tədbirlərin və hazırlanan sənəd layihələrinin icra vəziyyəti ilə bağlı geniş müzakirələr aparılmış, müvafiq qərarlar qəbul olunmuşdur.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR