Daxili işlər nazirinin müavini İsmət Əliyev məcburi köçkünlərlə görüşüb

16:52 27 Dekabr 2014
292 Digər
Ölkə mətbuatı
A- A+

[ 27 Dekabr 2014 16:50 ]

Bakı - APA. Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il bayramları  ərəfəsində daxili işlər nazirinin müavini, polis general-mayoru İsmət Əliyevin başçılığı ilə Daxili İşlər Nazirliyinin nümayəndələri Sabirabad rayonunda və Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində müvəqqəti məskunlaşmış məcburi köçkünlərlə görüşüb.

 

DİN mətbuat xidmətindən APA-ya verilən məlumata görə, polis general-mayoru İsmət Əliyev daxili işlər naziri, general-polkovnik Ramil Usubovun qarşıdan gələn əlamətdar bayramlar münasibətilə təbriklərini və xoş arzularını doğma yurd-yerlərindən didərgin düşmüş insanlara çatdıraraq, bu kateqoriyadan olan soydaşlarımızla sıx təmasların qurulmasının, onların qayğı və problemlərinə hər zaman diqqətlə yanaşılmasının əsasının ulu öndər Heydər Əliyev tərəfindən qoyulduğunu məmnunluqla xatırladıb.

 

Ümummilli liderin siyasi kursunu prezident İlham Əliyevin uğurla davam etdirdiyini vurğulayan nazir müavini ölkə başçısının qaçqın və məcburi köçkünlərin problemlərinə hər zaman xüsusi diqqət və qayğı ilə, həssaslıqla yanaşmağı bütün dövlət qurumlarının rəhbərlərindən tələb etdiyini, sosial müdafiəyə ehtiyacı olan həmin insanların həyat şəraitinin daha da yaxşılaşdırılması üçün görülən tədbirlərdən, dövlət və ordu quruculuğu, cinayətkarlıqla mübarizə və ictimai təhlükəsizliyin təmini sahələrində əldə olunmuş uğurlardan danışıb. Bu gün Azərbaycanın bölgədə həlledici söz sahibinə çevrildiyini, iqtisadi potensialımızın, siyasi qüdrətimizin durmadan artdığını xatırladan nazir müavini qarşımızda duran əsas məsələ - Ermənistan-Azərbaycan münaqişəsinin xalqımızın iradəsinə və ordumuzun gücünə arxalanaraq respublikamızın öz ərazi bütövlüyünü istənilən yolla bərpa edəcəyi barədə prezidentin qətiyyətli mövqeyini bir daha diqqətə çatdırıb, problemin ədalət və beynəlxalq hüquq normaları çərçivəsində həllinə əminliyini bildirib.

 

Sabirabad Rayon İcra Hakimiyyətinin başçısı Nazim İsmayılov qaçqın və məcburi köçkünlərə göstərilən dövlət qayğısından söz açıb, bu yöndə adı çəkilən rayonda məskunlaşmış həmvətənlərimizin ehtiyaclarının ödənilməsinə və problemlərinin həllinə hər zaman xüsusi diqqət və həssaslıqla yanaşdığına görə Nazirliyin rəhbərliyinə təşəkkür edib.

 

Qaçqın və məcburi köçkünlər adından çıxış edənlər məhz prezident İlham Əliyevin apardığı məqsədyönlü daxili və xarici siyasət nəticəsində doğma yurd yerlərinə qayıdacaqlarına əminliklərini bildirərək, onların problemlərinə həssaslıqla yanaşdıqlarına, göstərilən daimi diqqət və qayğıya görə ölkə və DİN rəhbərliyinə minnətdarlıqlarını bildiriblər.

 

Daha sonra daxili işlər orqanları əməkdaşlarının könüllülük prinsipi əsasında topladıqları vəsaitin 40 min manatı Sabirabadda, qalan 24 min manatı isə Goranboy rayonunun Aşağı Ağcakənd qəsəbəsində məskunlaşmış qaçqın və məcburi köçkün soydaşlarımıza təqdim olunub.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR