x
Loading...
.

VTSİOM-un baş direktoru: “Rusiya ictimaiyyəti Azərbaycanı dost ölkə sayır”

VTSİOM-un baş direktoru: “Rusiya ictimaiyyəti Azərbaycanı dost ölkə sayır”
11:12 29 Yanvar 2015
211 Ölkə
Ölkə mətbuatı
A- A+
.

[ 29 Yanvar 2015 11:05 ]

Valeri Fyodorov: “Rəy sorğularında Ermənistan Rusiyanın dostları siyahısında heç də yuxarı pillələrdə deyil”

Moskva. Fərid Əkbərov - APA. “Rusiya ictimaiyyəti Azərbaycanı dost ölkə hesab edir”. APA-nın Moskva müxbirinin verdiyi məlumata görə, bunu “Rossiya seqodnya” agentliyində keçirilən “Rusiyanın dostları və düşmənləri” adlı mətbuat konfransında Ümumrusiya İctimai Rəyi Öyrənmə Mərkəzin (VTSİOM) baş direktoru Valeri Fyodorov bildirib. O deyib ki, Azərbaycan keçirdikləri rəy sorğularında heç vaxt Rusiyanın düşmənləri siyahısında yer almayıb.

 

Ermənistanın da Rusiyanın dostları siyahısında yer aldığını söyləyən təşkilat rəhbəri qeyd edib ki, bu ölkə Moskvanın dostları sırasında heç də yuxarı pillələrdə deyil: "Gümrüdə Rusiya bayrağının tapdalanması və Minvodda ermənilər tərəfindən bir rus əsgərinin öldürülməsi yeni sorğunun keçirilməsini gündəmə gətirir. Mərkəzimiz Ermənistanın Rusiyanın dostu olub-olmaması ilə bağlı yaxın vaxtlarda sorğu keçirəcək. Bundan sonra əhalinin Ermənistanı Rusiyanın dostu hesab edib-etmədiyini müəyyən edə bilərik".

 

V. Fyodorov Rusiya ictimaiyyətinin Dağlıq Qarabağ münaqişəsindən nə dərəcədə məlumatlı olması məsələsinə də aydınlıq gətirib: “Azərbaycan və Ermənistan arasında olan məlum konflikt soyuq fazasını yaşadığından, çox az sayda rusiyalı bu problem haqqında məlumata malikdir. Azərbaycan və Ermənistan qoşunlarının təmas xəttində baş verən insidentlər münaqişənin həmin dəqiqə partlayacağı anlamına gəlmir. Rusiyalıların əksəriyyəti bu münaqişə zonasında baş verənləri izləmir”.

 

Təşkilat rəhbəri bildirib ki, keçirilən rəy sorğusuna əsasən respondentlərin 72 faizi ABŞ-ı Rusiyanın düşməni sayır: “Rusiya düşmənlərinin siyahısında ikinci pillədə Ukrayna qərarlaşıb. Sorğuda iştirak edənlərin 32 faizi Ukraynanı Rusiyanın düşməni hesab edir. Düşmən siyahısında üçüncü yeri Avropa Birliyi, dördüncü yeri isə Almaniya tutur. Sonrakı yerlərdə Polşa, Böyük Britaniya və Gürcüstan gəlir. Rusiyanın dostları siyahısında isə ilk yerdə Çindir. Respondentlərin 52 faizi Çini Rusiyanın dostu sayır. İkinci yeri 32 faiz səslə Belarus, üçüncü yeri 28 faiz səslə Qazaxıstan tutur. Rusiyanın dostları siyahısında Braziliya, Kuba və digər Latın Amerikası ölkələrini görmək olar”. 

 

VTSİOM-un baş direktoru rəyi soruşulanlara “2015-ci ildə Rusiyanı hansı təhlükələr gözləyir?” sualını ünvanladıqlarını da söyləyib. Sorğunun nəticələrinə görə, rusiyalıların 57 faizi bu il iqtisadi və maliyyə böhranı gözləyir. Respondentlərin 30 faizi Rusiyanın Ukrayna ilə müharibə edəcəyini, 27 faizi isə işsizlik təhlükəsinin artacağını qeyd edir. Rusiya daxilində millətlərarası münaqişələrin yaranacağını isə əhalinin 21 faizi düşünür.

 

V. Fyodorov sorğunun 2015-ci ilin yanvar ayında Rusiyanın 46 vilayət, əyalət və respublikalarının 130 yaşayış məntəqəsində yaşayan 1600 nəfər arasında keçirildiyini deyib. 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370770

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR