Şəkidə iki il əvvəl salınan məcburi köçkün qəsəbəsində həyat normal ahəngində davam edir

Şəkidə iki il əvvəl salınan məcburi köçkün qəsəbəsində həyat normal ahəngində davam edir
11:18 29 Yanvar 2015
447 Ölkə
Ölkə mətbuatı
A- A+


Şəki, 29 yanvar, Mustafa Dadaşov, AzərTAc
Azərbaycan Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı nəticəsində son illərdə məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması istiqamətində davamlı tədbirlər həyata keçirilir, yeni qəsəbələr salınır, çoxmənzilli yaşayış evləri inşa edilir.
Belə məcburi köçkün qəsəbələrindən biri 2012-ci ildə Şəki rayonunun Kiş bələdiyyəsi ərazisində salınıb. Prezident İlham Əliyevin 2004-cü il 1 iyul tarixli Sərəncamı ilə təsdiq edilmiş “Qaçqınların və məcburi köçkünlərin yaşayış şəraitinin yaxşılaşdırılması və məşğulluğunun artırılması üzrə Dövlət Proqramı”nda nəzərdə tutulan tədbirlərə uyğun olaraq salınan yeni qəsəbəyə istismar müddətini başa vurmuş fin tipli qurama evlərdə və məktəb binalarında məskunlaşmış 423 məcburi köçkün ailəsi köçürülüb.
2012-ci il sentyabrın 9-da istifadəyə verilən Çələbixan məcburi köçkün qəsəbəsinin açılışında iştirak edən Azərbaycan Prezidenti İlham Əliyev qəsəbədə yaradılan şəraitlə yaxından tanış olub, sakinlərə öz xeyir-duasını verib.
Məcburi köçkün qəsəbəsinin açılışından 2 ildən artıq vaxt keçib. Bəs görəsən qəsəbədə həyat öz normal ahənginə düşübmü? Sakinlər yaradılan şəraitdən razıdırlarmı?
Çələbixan məcburi köçkün qəsəbəsi mənzil-kommunal istismar sahəsinin rəisi Arif Əzimov AzərTAc-a eksklüziv müsahibəsində bu suallara aydınlıq gətirib.
Müsahibimizin bildirdiyinə görə, qəsəbədə Laçın, Ağdam, Kəlbəcər, Şuşa, Xocalı və Cəbrayıl rayonlarından olan 423 ailə, ümumilikdə isə 1736 nəfər əhali yaşayır. Buradakı evlərin 17-si birotaqlı, 211-i ikiotaqlı, 175-i üçotaqlı, 20-si isə dördotaqlıdır. Hər bir evin qarşısında 12 sot həyətyanı torpaq sahəsi vardır. Qəsəbənin ərazisində, həmçinin 360 yerlik məktəb binası, 50 yerlik uşaq bağçası, inzibati bina, həkim ambulatoriyası, poçt binası, mədəniyyət evi fəaliyyət göstərir.
Arif Əzimov bildirib ki, qəsəbədə yaradılan şəraitə, mövcud infrastruktura sözün həqiqi mənasında həsəd aparmaq olar. Çünki qəsəbə tam müasir standartlara uyğun salınıb. Qəsəbədaxili küçələrə asfalt döşənib, işıqlandırma şəbəkəsi quraşdırılıb. Qəsəbədə təbii qaz, işıq və içməli su təchizatı çox yüksək səviyyədə öz həllini tapıb. Məişət tullantıları həftədə iki dəfə daşınır.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin təşəbbüsü ilə qəsəbənin telefonlaşdırılması işi artıq başa çatdırılıb, bütün mənzillərə pulsuz telefon xətti çəkilib, telefon aparatları verilib.
Qəsəbə əhalisinin məşğulluq problemlərinin həllinə diqqətlə yanaşıldığını vurğulayan sahə rəisi bildirib ki, əhali əsasən kənd təsərrüfatı işləri ilə, əkib-becərməklə məşğul olur. Sakinlərin müraciətlərini nəzərə alaraq, müvafiq dövlət qurumlarının köməyi ilə bütün həyətlərə 25-30 kubmetr münbit torpaq daşınıb. Qəsəbə əhalisi ötən il həyətyanı torpaqlarından bol məhsul götürüblər.
Qəsəbədəki tam orta məktəbdə Ağdam, Laçın rayonları və Xocalı şəhər məktəblərinin şagirdləri təhsil alırlar. Ötən il məzunların 9 nəfəri ali və orta ixtisas məktəblərinə daxil olub. Məktəbdə çalışan müəllim və texniki işçilərinin hamısı qəsəbə sakinləridir.
Arif Əzimov bildirib ki, Çələbixan məcburi köçkün qəsəbəsinin əhalisi dövlətçiliyə, Azərbaycan Prezidentinə həmişə sadiqdirlər. Onlar rayonun ictimai-siyasi həyatında fəal iştirak edirlər, seçki kampaniyalarında dövlətçiliyimizə sədaqətlərini hər an nümayiş etdirirlər. Onlar işğal altında olan torpaqlarımızın Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan İlham Əliyevin qətiyyəti sayəsində tezliklə geri qaytarılacağına ürəkdən inanırlar. İnanırlar ki, dövlətimizin başçısının səyi nəticəsində qısa müddətdə hər bir azərbaycanlının ağrılı-acılı dərdi olan Qarabağ problemi də öz həllini tapacaq, məcburi köçkünlər öz doğma yurdlarına qayıdacaqlar.






Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sekide_iki_il_evvel_salinan_mecburi_kochkun_qesebesinde_heyat_normal_ahenginde_davam_edir-828245

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR