"Qızlara baxırsan, Cenifer Lopez kimi soyunmaq istəyirlər" - SÖHBƏT

"Qızlara baxırsan, Cenifer Lopez kimi soyunmaq istəyirlər" -  SÖHBƏT
11:49 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Xalq artisti Valeh Kərimov: "Siqaret damaqlarında, ayaqlarını ayaqlarının üstünə aşırıb otururlar pəncərəaltında"

 

Onunla universitetdə görüşdük. Xalq artisti Valeh Kərimovla. 10 ilə yaxındır İncəsənət Universitetində çalışır. Estrada teatrından dərs deyir. Yan otaqlarda isə səs-küydü. Biri xalq mahnısı oxuyur, digəri vokal.

Bir az gileylənir Valeh müəllim. Deyir, həvəsli deyillər tələbələr indi. Yaradıcılıq eşqi yoxdu.

 

- Özümdən götürürəm. İnstituta gələndə əllərimi divarına sürtürdüm ki, görəsən mən nə vaxtsa burda oxuya biləcəm?! Axşam şöbəsində oxuyurdum. Gündüzlər kombinatda “montyor” işləyirdim. Boş günlərimdə qaçırdım dərnəklərə. 5-6 dərnəyə gedirdim. Çünki həvəs vardı. İndi hanı? “Razin”də Mədəniyyət Sarayı vardı. Bu günlərlə eşitdim ki, oranı yerlə yeksan ediblər. O bina yoxdu artıq. Halbuki o bina 67-ci ildə tikilmişdi, böyük mədəniyyət sarayı idi. Yox elədilər. Görsəm, yəqin ağlayaram. Mən orda yetişmişəm, orda can qoymuşam. Şairlər, yazıçılar, aktyorlarla, müğənnilərlə görüşlər təşkil edərdik, tamaşalar qurardıq, yaradıcılıq gecələri... Kimlər gəlməyib ora? Bəxtiyar Vahabzadə, Xəlil Rza, Söhrab Tahir, Məmməd Araz, Rəsul Rza, Fikrət Qoca, Mirzə İbrahimov, Ağasadıq Gəraybəyli.. daha kimlər, kimlər...

 

 

- Həvəs yoxdursa, bəs niyə incəsənəti seçiblər?

 

 

- Dərsdədirlər. Bu dəqiqə onları çağırıb, sizin yanınızda soruşsam, deyəcəklər ki, Valeh müəllim, başqa instituta gedirdik, testlə düşdük bura. Test yıxdı incəsənətin evini.

 

 

- Bəs qabiliyyət imtahanı? Məgər siz müəllimlər seçmirsiniz?

 

- Nə edək? Məcburuq, üçünü, beşini seçməliyik. İnstitut da yaşamalıdır, işləməlidir. 15 nəfərin içindən bir dənə qabiliyyətlisi tapılsa, bu da qazancdır bizə.

- İstedad zamanla yarana bilir? Yoxsa, kimin qabında nədirsə, o?

- Estrada kursuna dərs deyirəm. On ildir. Birinci il götürdüyüm kursda 2-3 dənə istedadlı uşaq vardı. Onlardan biri məni təəccübləndirdi. Həmişə dərsdə onu danlayırdım, deyirdim, səndən heç nə olmayacaq, qupqurusan. Amma indi o hamısından məşhur olub. Elşad adlı oğlandı.  Gündə efirdədi.

- Hər gün efirdə olmaq istedaddırmı?

- Yox, o demək deyil ki, böyük istedad sahibidir. İndi efirə çıxmaq çətin deyil. Adam var ki, hər gün efirdədi. Bu verilişdən çıxıb, o birisinə qaçır. Amma o veriliş apara bilirsə, hə, bu elə mənim qazancımdır. Biri də Xaçmaz televiziyasında aparıcılıq edir. Keçən ilki kursdan biri vardı, indi Şəki kanalında aparıcıdır.

 

 

- Bir ara hamı müğənni olmaq istəyirdi. İndi də hamı aparıcı olmaq istəyir.

 

- Aparıcılar həm də məşhur adamlarla oturub dururlar. Bu da onlara xoş gəlir. Verilişlərinə müxtəlif sənət adamlarını, musiqiçiləri çağırırlar. Bu özü elə maraqlı işdir. Əksəriyyətindən soruşursan, aparıcı olmaq istəyir. Amma hələ deyən yoxdur ki, mən teatrda aktyor işləmək istəyirəm. Bu, məni çox təəssüfləndirir.

 

 

- Gəlirlə əlaqələndirmək olar?

 

 

- Olar. Aktyorun maaşı azdı. Yəqin bizim sənətdə qazancın az olması buna çox təsir edir. Gənclər də görür ki, 180-200 manatla heç nə edə bilməyəcək, ailəsini dolandıra bilməyəcək, ürəyi istədiyini ala bilməyəcək. Bu yaxınlarda müəllimlərin maaşı artdı. İncəsənətdə də maaş artsa, xüsusən də teatrlarda, əlbəttə ki, sənətə gələnlər də artacaq. Baxırsan ki, istedadlı uşaqdı. Amma sənətin dalınca getmirlər. Bir il, iki il işləyirlər, dolana bilmirlər. Ayrı sahəyə keçirlər. Azərbaycan mədəniyyətinin ən aparıcı sahələrindən biri də teatrdır. Teatrda yeni kadrların işləməsi vacibdir.

 

 

- İncəsənət Universitetinin özündə daha çox hansı istiqamətə meyllənirlər?

 

 

- Daha çox dram və kino aktyorluğu fakültəsinə.

 

 

- Son dövr yeni çəkilən seriallara görə?

 

 

- Hə. Mənim bir neçə tələbəm var ki, seriallara çəkilib. Həm pul qazanırlar, həm tanınırlar. Seriallarımızın səviyyəsi yüksəldikcə, tələbat da çoxalacaq. Kimin oğlu olursan ol, istər nazir balası, istər deputat, elə ki, çıxdın səhnəyə tamaşaçı səni qəbul etdi etdi. Etmədisə, etməyəcək. İstedadlı adam səhnədə nə etsə, tamaşaçı onu qəbul edəcək.

 

- Gənc Tamaşaçılar Teatrında ingilis dramaturqu Uilyam Şeksprin "III Riçard" əsərinin premyerası oldu. Tamaşaçılar arasında siz də vardınız. Fikirlərinizi bilmək maraqlı olardı.

- Xoşuma gələn şeylər də oldu, gəlməyənlər də. Ortada yox, qıraqda oturmuşdum. Elə bil ki, qıraqlara səs çatırdı, amma söz çatmırdı. Səhnədə aktyorun sözü çatdırmaq qabiliyyəti var. Aktyor o zaman uduzur ki, onu səhnədən tamaşaçı eşitmir. Əgər, tamaşaçı sağındakından “nə dedi” deyə soruşdunsa, bir cümlə sən itirdin, bir cümlə də cavablayan. Tamaşaçı bir dəfə izləyir tamaşanı. Aktyor gərək səhnədə elə danışsın ki, tamaşaçı onun sözlərini eşitsin. Aktyorun məharəti ondadı. Onlara səhnə danışığı keçirlər axı?

 

Müsahibə müddətində auditoriyanın qapısı elə hey açılıb örtülür. Tələbələriydi. Açır, içəri boylanır, qapının arxasındakına uca səslə nəsə deyir və örtürlər. Gözümlə onları işarə edirəm.

 

- Koridorda özlərini necə aparırlar?

 

- Siqaret damaqlarında ayaqlarını ayaqlarının üstünə aşırıb otururlar pəncərəaltında. Yanından keçəndə nə ayaqlarını salırlar, nə də siqaretlərini gizlədirlər. Azadlığı belə başa düşürlər. Bir az da televiziya kanalları o qədər açıq-saçıq şeylər göstərir ki, onlar bunu adi qəbul edirlər. Heç başa düşmürlər, bunun hörmətsizlik olduğunu. Deyirlər, nolar, xaricdə çəkirlər, biz də çəkirik. Biz yaşlı adamlar da götürə bilmirik. Pis təsir edir.

 

                          

- Sovet tərbiyəsi başqaydı...

 

- Sən gəlməmişdən, elə yoldaşlarla bu haqda söhbət edirdik. O vaxt bəlkə də içəridə pis idi, amma o sovet filmləri var ki, biz baxırdıq haaa, o filmlərin hamısı tərbiyə verirdi. Cizgi filmlərindən verilişlərinə qədər. Açırsan televizoru, tapança əllərində, bu onu vurur, o bunu vurur. Ona baxan uşaqda da həvəs yaranır. Gündə televizorda göstərirlər, ondan silah çıxdı, bundan bıçaq çıxdı. Biz Mehdi Hüseynzadə kimi qəhrəman olmaq istəyirdik, qızlar Sevil Qazıyeva. Amma indikilər Polad Ələmdar olmaq istəyir. Gənc qızlara baxırsan, Cenifer Lopez kimi soyunmaq istəyir. Qalırsan belə...

 

- Səhnə necə, çılpaqlığı tələb edir?

 

- Səhnədə hər şey olar. Obraz tələb edirsə, olmalıdır. “Bəxt üzüyü” filmi yadınızdadır. Sedanı oynayan aktrisaya görün bir nəfər deyirmi ki, ayə, nə axmaq adamdı? Hamı ona heyran olur. O, ifasıyla sevildi və heç kim ona pis baxmadı. Küçədə mini yubkada bir qız görəndə bütün kişilər ona baxır. Qadınlar da baxır. Bəzisi deyir, abrın tökülsün filan. Amma həmin adamlar gedib dəniz qırağında çimirlər, hamısı da lüt. Heç bir çönüb pis baxmır. Amma “naçnoy”la get dənizə, gör hamı sənə necə baxacaq? Halbuki utanmalı olanlar bu biriləridir. Seda soyunmasaydı, Moşunun da marağı olmazdı. O cür açıq-saçıqlıqla Moşunu özünə çəkmək istəyir, amma Moşu da mərddir, Söylüyə xəyanət eləmir. Moşu da, Söylü də xalqın içindən çıxan təmiz adamlardır.

 

 

- “Bəxt üzüyü”ndən danışdıq. Moşu rolu sizin yaradıcılığına damğa kimi vurulmadımı?

 

- Çox məşhur elədi. Mane olan vaxtları da oldu. Filmə dəvət etməyiblər ki, o Moşudu e... Camaat görən kimi güləcək. Sumqayıtda ciddi bir adamın tədbirlərində rejissor mənə də rol verdi. Sonra o rolumu icra aparatında qəbul eləməmişdilər.

 

- Bəs həyatda?

 

-(Gülür.) Moşu deyirlər, Moşu əmi deyirlər, Moşu dayı deyirlər. Amma heç biri demir ki, artistdi. Elə hamısı deyir, şairdi.

 

-O filmdən sonra nəsə adama elə gəlir Valeh Kərimov qazaxlıdı.

 

- Yoooox. Əslimiz Cənubi Azərbaycandandır. Miyana şəhərindən. Atam inqilabçı olub, Pişəvərinin silahdaşlarından. Qırxıncı illərdə. İnqilabdan sonra çox adam ordan köçdü. Biz də. Mənim onda altı yaşım vardı. Gəncə ətrafına gəldik. İndiki Samux rayonunun Qarayeri qəsəbəsinə. Səkkiz il orda yaşadıq, 59-da köçdük Bakıya.

 

- Yeni rollarınız olacaq? Məlum teatrdan da işdən çıxarılmısınız.

 

- Sumqayıt Teatrında rollarım vardı, oynayırdım da. Sonuncu çıxışım “Molla Xəlil kimyagər” tamaşasında Sarı rolu olub. Ötən ilin dekabrın 23-də Naxçıvanski adına hərbi liseydə. 29-da müdiriyyət əmək kitabçama yazılmaq şərtiylə mənə təşəkkür elan elədi. Ayın birində işdən azad elədi.

 

- Gözlənilməz oldu bu qərar?

 

- Yox, əvvəldən demişdilər. Yetmiş yaşım tamam olanda çıxacağımı bilirdim, amma düşünürdüm ki, müqavilə ilə işləyərəm. Mən o teatrın bünövrəsini qoyan adamlardan biriyəm. 69-cu ildə o teatr açılandan səhnəyə çıxan artistlərdən yeganə adam idim ki, orda qalmışdım. Olublar, çoxdan da gediblər. Amma mən qalmışam. 45 ildi o teatrdaydım. Teatrın ilk tamaşasından oynamışam. Elə düşünürdüm ki, həmin gündən məni müqaviləyə keçirərlər. Gördüm, dedilər ki, yeni tamaşa olsa, lazım olsan çağırarıq. Bax, bu mənə ağır gəldi. Axı, o teatrın bu gün yaşamasında mənim zəhmətim çox olub. Qışın soyuğunda, yayın istisində mən tamaşalar göstərmişəm, əzablara dözmüşəm.

 

- İndən belə müqavilə üçün dəvət etsələr?

 

- Yox, daha ora getmərəm. İncidim, ürəyim küsdü ordan. Həmin günü məni ştatdan çıxarıb müqaviləyə keçirsəydilər, o başqa məsələ. Ailəmə deyirdim ki, birinci evim teatrdı, ikinci bura. Günümün çoxu teatrda keçirdi. Universitetdə son on ildi işləyirəm. Burdan işdən çıxartsalar, o qədər mənə təsir eləməz. Teatr ayrı şeydi...

 

- Başqa teatrdan dəvət almısınız?

 

- Hələ yoxdu. Olsa, işləyərəm.

 


Xəbərin orijinal ünvanı: http://news.lent.az/news/191822

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR