TQDK 2014-cü ildə keçirilmiş imtahanlarda fərqlənən nəzarətçi-müəllimləri mükafatlandırıb

11:57 29 Yanvar 2015
359 Digər
Ölkə mətbuatı
A- A+

[ 29 Yanvar 2015 11:51 ]


Bakı. Könül Kamilqızı - APA. Bu gün Tələbə Qəbulu üzrə Dövlət Komissiyasında (TQDK) 2014-cü ildə keçirilmiş imtahanlarda qeyd olunan göstəricilərinə görə fərqlənən nəzarətçi-müəllimlərin mükafatlandırılması mərasimi keçirilib.

 

APA-nın xəbərinə görə, tədbirdə çıxış edən TQDK sədri Məleykə Abbaszadə imtahanların obyektiv və şəffaf keçirilməsində zal nəzarətçilərinin rolundan, onların üzərilərinə düşən vəzifələrin məsuliyyətindən, təhsilin müxtəlif pillələrinə və səviyyələrinə layiqli gənclərin seçilməsində onların xidmətlərindən danışıb.

 

Qeyd olunub ki, bu gün mükafatlandırılan nəzarətçilər ən azı 30 imtahanda iştirak ediblər və hər birində yüksək nəticə göstəriblər. Onların auditoriyasında heç bir köçürmə və qanun pozuntuları olmayıb: “2014-cü ilin sonunda aparılan araşdırma nəticəsində məlum olub ki, regionda imtahanda iştirak edənlərə verilən məvacib 1 milyon manatdan çox olub. Bu da region müəllimləri və regionların inkişafı üçün kifayət qədər maliyyə dəstəyidir. Fərqlənən müəllimlər arasında Riyaziyyat və Ana dili üzrə fənn müəllimləri yoxdur. Çünki imtahanlara hər zaman qeyri-fənn müəllimləri cəlb olunur. Buraxılış imtahanları isə Ana dili və Riyaziyyatdan olduğu üçün həmin imtahanlara qeyri-fənn müəllimləri cəlb olunur. Nəticədə Ana dili və Riyaziyyat müəllimləri 30 imtahan parametri yığmadığı üçün mükafatlandırılanlar siyahısında yoxdur”.

 

TQDK sədri qeyd edib ki, 2014-cü ildə keçirilmiş test imtahanlarına nəzarətçi qismində cəlb edilmiş 14392 müəllimdən 9061 nəfəri buraxılış imtahanlarında, 6558 nəfəri isə ali və orta ixtisas təhsili müəssisələrinə keçirilən qəbul imtahanlarında iştirak edib. Onun sözlərinə görə, qəbul və buraxılış imtahanlarında nəzarətçi-müəllimlərin fəaliyyətlərinin qiymətləndirilməsinə dair araşdırmanın nəticələrinə əsasən nümunəvi fəaliyyətinə görə 771 nəzarətçi-müəllimə təşəkkür elan edilib, o cümlədən 26 nəzarətçi-müəllimin fəxri fərmanla təltif edilməsi barədə qərar qəbul edilib. Müxtəlif qayda pozuntularına, o cümlədən köçürmə hallarına yol verən 263 nəzarətçi bazadan xaric edilib. TQDK tərəfindən araşdırmanın nəticələri barədə Təhsil Nazirliyinə, müvafiq rayon (şəhər) təhsil şöbələrinə, nəzarətçi-müəllimlərin çalışdıqları orta ümumtəhsil müəssisələrinə məktublar ünvanlanıb.

 

M. Abbaszadə xatırladıb ki, indiyə qədər TQDK tərəfindən keçirilən imtahanlarda nümunəvi fəaliyyətinə görə fərqlənən 2017 nəzarətçiyə təşəkkür elan edilib, o cümlədən 248 müəllim fəxri fərmanlarla təltif olunub. Komissiya sədri əlavə edib ki, fəaliyyəti nümunəvi qiymətləndirilən müəllimlər siyahısında Bakı şəhərinin 258 saylı məktəbindən 14 nəfər, 263 və 271 saylı məktəblərinin hər birindən 12 nəfər, 13, 73 və 283 saylı məktəblərin hər birindən 11 nəfər, 93, 114, 157, 285 və 266 saylı məktəblərin hər birindən 10 nəfər, 36, 39, 55, 99, 129, 135, 144, 150, 191, 286, 290, 299 saylı məktəblərin hər birindən isə 9 nəfər nəzarətçi-müəllimi ilə xüsusi olaraq seçilirlər. Regionlar üzrə isə Gəncə şəhərinin 6 saylı məktəbi 10 nəfər, Şəki şəhərinin 11 saylı məktəbi 13 nəfər, Lənkəran şəhərinin 7 saylı və xarici dil təmayüllü internat tam orta məktəbinin hər biri 12 nəfər, 3, 5 və 10 saylı məktəblərin hər birindən 11 nəfər, 2 saylı məktəbi isə 10 nəfər nəzarətçi-müəllimi ilə fərqlənir.

 

 


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370783

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR