Mixail Qusman: "Putin və … Hillari Klinton. Bu, proqnozdur"

Mixail Qusman: "Putin və … Hillari Klinton. Bu, proqnozdur"
12:52 29 Yanvar 2015
489 Dünya
Ölkə mətbuatı
A- A+

Mixail Qusman: “İnsanın yaşı yalnız onun mental vəziyyəti ilə müəyyənləşir”
O, dünya ölkələrinin birinci şəxslərindən 300-ə yaxın telemüsahibə alıb. Oğul böyüdüb, ev qurub. TASS-dakı (İTAR-TASS) məşhur 601-ci kabinetində o, artıq 17 ildir ki, çalışır. Bura artıq onun üçün çoxdan doğma ocağa çevrilib. Olduğu ölkələrdə həmişə VİP şəxs sayılıb. Qısası, Mixail Qusman - TASS-ın baş direktorunun birinci müavini, əməkdar mədəniyyət işçisi və Rusiyanın Dövlət mükafatı laureatı hazırda 65 yaşını qeyd edir.

"Bizdə maaşlar yaxşıdır, ancaq azdır"

- Sizin dostunuz, azərbaycanlı yazıçı Maqsud İbrahimbəyov dahiyanə deyib: "Həyat – böyük həzzdir, amma təəssüf ki, birdəfəlik istifadə üçün". Vaxt gedir. 65 yaş…

- Bu rəqəm digər pasport rəqəmləri kimi sidik kisəsinin analizinə bənzəyir – insanın yaşı yalnız onun mental vəziyyəti ilə müəyyənləşir. Onun beyni necə işləyirsə – yaşı da o qədərdir. Qısası, mayın 11-də Maqsudun 80 yaşı tamam olacaq. Onun yeni kitabını oxuyun – o, qadınlar haqqında necə yazır! Mənim üçün Mişa Jivanetski, Şura Şirvindt, Sergey Yurski, Maqsud kimi həmişə gənc insanlarla ürəkdən söhbət etməkdən böyük kef yoxdur. İşıqlı, parlaq ağıllar. Bu günlərdə Yevgeni Primakov necə parlaq və novator mühazirə ilə çıxış etdi! Amma siz "rəqəmlər"dən danışırsınız. Cəfəngiyatdır.

- Demək olar ki, statistik sualdır – bu gün "Qusman ailəsi" sözü hansı mənanı verir?

- Mənim üçün burada statistika vacib deyil. Mən bakılıyam. "Ailə" sözünün bütünlüklə məna verdiyi bir mühitdə, bir-birini anlayan yaxın qohumların əhatəsində tərbiyə almışam. Sinif yoldaşlarım mənim ailəmdə olurdular, müəllimlər bizim evimizə gəlirdilər. Mənim üçün gözəl ailə institutu vardı – Bakıdakı Xarici Dillər İnstitutu. İlk təhsilimə görə mən ingilis dili müəllimiyəm. Mənə ən yaxın adamlar – sevimli arvadım Cemma, oğlum Vadik, böyük qardaşım Yuli və onun ailəsidir. Biz bu il Yeni ili birlikdə qarşıladıq.

- Sirr deyilsə, harada?

- Qardaşım qızı Lola xaricdə yaşayır. Hüquqşünasdır. Həm də bir neçə dəfə - Moskva vaxtı ilə, Bakı vaxtı ilə və yerli vaxtla. Amma artıq 17 ildir ki, mənim ailəm TASS və burada çalışanlardır.

- TASS-a yeni baş direktorun - Sergey Mixaylovun gəlişi ilə nə dəyişdi?

- Cavan, müasir, peşəkar adamdır.

- O incimir ki, Qusman ondan çox, tez-tez telekanallarda görünür? Rəhbərlər qısqanc olur.

- Hər kəs öz janrına görə mövcuddur. Mənimsə jurnalist kimi janrım daha ictimaidir. O, rəhbərdir, demək, daha çox qapalıdır. Məndən müxtəlif şəraitlərdə “Qusmanın adı həddən çox hallanmırmı?” deyə soruşurlar. Bunun həmişə bir cavabı var: "Mən həmişə olduğum kimiyəm". Əlbəttə, 21 il TASS-a rəhbərlik edən Vitali İqnatenko kimi nəhəng şəxsiyyətdən sonra Sergey Mixaylova asan olmadı. Ancaq vəzifəni yerinə yetirmək lazımdır. O, öz qərarında qətidir və 2 il ərzində çox işlər görüb. O, TASS-ı müasirləşdirməyi bacardı, onu daha effektli etdi. Hazırda işin ən qaynar proseslər gedir. Amma nəticə göz qabağındadır. TASS-ı heç bir şeylə müqayisə etmək lazım deyil - böyük agentlik, unikal brend, milli sərvətdir.

- Bizdə KİV-in 80 faiz-i dövlət tərəfindən maliyyələşir və ya təsis olunur.

- Birmənalı problem deyil. Hər şeydən əvvəl ölkədə normal reklam bazarı yoxdur. Reklam isə çap KİV-inin həyat mənbəyidir. Bütün reklam bazarı televiziyaya yönəlib.

- Mən başqa şey haqqında danışıram. Hakimiyyət büdcədən pul götürüb öz KİV-i vasitəsilə, müsbət informasiyalarla, daha çox reallığı əks etdirmədən onu xalqa qaytarır. Söhbət vasitə ilə ifadə olunmuş senzuradan gedir. Dmitri Medvedyev öz zamanında dedi ki, KİV-də bölgü mütləq lazımdır. Nə üçün vəziyyət dəyişmir?

- Burada "Görüş yerini dəyişmək olmaz" filmindən Yevstiqneyevsayağı bir ifadə yada düşür: “Yuxarıdakının əmridir”. Heç bir qərar verə bilməzsən. Biz istəyirik, ya yox, dövlətin köməyi olmadan əksər region KİV-lər yaşaya bilməz.

- TASS-ın büdcəsi böyüyür?

- Təəssüf ki, çox ləng. Biz öz aramızda deyirik: "Bizdə maaşlar yaxşıdır, ancaq azdır". Məsələ nədədir?

- Belə çıxır ki, aparıcı dövlət media orqanları hakimiyyətin idarə etdiyi alət kimi daha çox möhkəmlənir.

- Mən bütün mətbuat orqanlarının bir bayraq altında mövqe tutmasının əleyhinəyəm. Hər birinin dövlətə yanaşması üçün öz konstruksiyası var.

- Yeri gəlmişkən, "Hakimiyyətin düsturu" verilişi hara yoxa çıxıb?

- Veriliş heç yerə qeyb olmayıb. "Rossiya-24" telekanalına diqqətlə baxın. Həftədə 3 gün – cümə axşamı, çərşənbə axşamı və şənbə günü, istirahət günü isə təkrar efirə çıxır. Yanvarın 17-də proqramda Monakonun baş naziri qonaq idi. Bir həftədən sonra isə Malta prezidenti verilişin qonağı olacaq.

- Əvvəllər veriliş efirə çox gec gedirdi, nəsə dəyişib?

- Televiziyanın öz qanunları var. Mənim vəzifəm layiqli müsahibə götürməkdir ki, onun əsasında maraqlı proqram alınsın. Kanala çox gözəl münasibət var. Orada Jenya Bekasov kimi istedadlı redaktor çalışır.

- Siyasiləşdirmək istəməzdim, ancaq siyasi "tok-şou" praym-taym vaxtda daha əlverişli görünür. Siz onlara baxırsınız?

- Heç vaxt öz həmkarlarımın işini şərh etmərəm. Hamısının haqqında hörmətlə, anlayışla danışa bilərəm. Hər kəs öz işini bacardığı kimi görür.

- Sizə elə gəlmirmi, sizin şərh vermədiyiniz adamların hərəkətləri daim etik normalardan kənara çıxır? Bu ayrı-seçkiliyi, nifrəti qızışdıran mövzulardır?

- Təkrar edirəm, bu, həmkarlarımın işidir. Onları müzakirə etmək üçün ölkədə, dünyadakı vəziyyəti, xarici və daxili amilləri, cəmiyyətin ümumi vəziyyətini əsas götürmək lazımdır. Əmin deyiləm ki, qəzet səhifələri çərçivəsində bu, o qədər həcmli görünsün. Bilirsinizmi, bu mənə nəyi xatırladır? 7 il bundan əvvəl "Rusiya-ABŞ: keçmişdən gələcəyə" filmi üçün məşhur Henri Kisencerlə müsahibə etmişdim. 40 dəqiqə keçən söhbətimizdən sonra soruşdu: "Bizim söhbətimizdən filmdə nə qədər qalacaq?" İki barmağını göstərdi: "İki dəqiqə?". O, haqlı idi. Ekrana cəmi dəqiqə yarım çıxdı.

Cərrah bıçağı mənlik deyil

- Oxumuşam ki, Qusmanların qohumları Ukraynadan, Donbasdan çıxıblar.

- Mənim ulu babam Yenakiyevdəndir, kiçik Çaus qəsəbəsindən çıxıb. O, dəyirman sahibi idi. Viktor Yanukoviç, İsrailin mərhum baş naziri Şaron da orada doğulub. Ulu babamın ana xətti isə Kiyevdən, ulu nənəm Xarkovdandır. Biz artıq üçüncü nəslin bakılılarıyıq.

- Ukraynada nəsə qalıb – qəbirlər, xatirə yerləri?

- Təəssüf ki, heç vaxt həmin yerlərdə olmamışam.

- Yanukoviçi xatırladınız. Onun fevral ayında Rostovda sizin iştirakınızla keçən mətbuat konfransı haqqında soruşmaya bilmərəm. Sizin üzərinizdə "Versace"dən məşhur sarı qalstukunuz yox idi. Rolunuz sadə deyildi?

- …Bir il keçib. Çox axar sular durulub. Bilmirəm, bu, oxucular üçün maraqlı olarmı?

- Əminəm ki, maraqlıdır.

- Vəziyyət aydındır. Burada nəsə gizlətməyə ehtiyac yoxdur. 2012-ci ilin martında "Hakimiyyət formulası" üçün Ukrayna prezidenti Viktor Yanukoviçlə söhbət elədim. Müsahibə çox asan deyildi. Mənim koordinatlarım onun ətrafındakı adamlarda, mənə diqqət yetirən mühafizəsində qaldı. Qısası, mən həmin vaxt Rusiya parlament nümayəndələrini İsraildə müşahidə etdim. Cəmi 3 gün keçəndən sonra Yanukoviç Ukraynadan yoxa çıxdı. Ancaq deyim ki, o, hələ ölkəni idarə edən prezident idi.

- Ukrayna böhranı – bu, düzgün sözdür, yoxsa Rusiya-Ukrayna böhranı? Bəlkə, Rusiya böhranı? Bu bədbəxtliyin qarşısını necə almaq olar?

- Siz ilk suallarından birini ailə haqqında verdiniz. Ukraynada baş verənlər mənim üçün ağrıdan başqa heç cür qəbul oluna bilməz. Amma Ukrayna xalqı olub, var və əsrlərlə qardaş xalq kimi qalacaq. Bu, siyasi konyuktura, liderlər və şəraitdən asılı deyil. Kim nə deyir-desin, bütün bunlar tez və ya gec keçəcək.

- Çətin mövzudur. Bugünkü zaman haqqında nə düşünürsünüz? Siz ona və özünüzə görə cavab verirsinizmi?

- İstəməzdim bayağı səslənsin: hər bir dövrün öz müsbət və mənfilikləri var. Ancaq bir sıra zamanlar daxili-mənəvi intizam, əxlaqi təmizlik, öz-özünə maksimal cavabdehlik tələb edir. Öz mövqeyini ifadə etməmək, prinsipial olmamaq - bu, artıq prinsip məsələsidir.

- Bir daha cavabdehlik haqqında. Bu illər ərzində həyat bizi - jurnalistləri amansızlıqla sınaqdan keçirib. Kimsə nəticədə "informasiya müharibəsi"nin əsgəri, təbliğatçısı olub. Aleksey Venedektin dediyi kimi, kimsə demokratiyanın “zəncirli köpəkləri” olmağa risk edib. Rusiyanın jurnalistikasında və media cəmiyyətində nə baş verir? İşlərin pis olması haqqında hisslər yoxdur ki?

- Bir sıra ustadların bu mövzuda yüksəkdən donquldanmasına nifrət edirəm. Bizim jurnalistika təkcə "Kayfplyus" qəzetindəkilərdən az istedadlı gənclər deyil, eyni zamanda Ovçinnikov, Struya, Ronin, Qusev, həmçinin Venedikt və Muratov, Vasilyev və Şakirov, Dorenko və Mileçin – bütün bunlar müxtəlif, amma bizim peşəmizdə çox güclü şəxsiyyətlərdir. Onlar yüzlərlədir. Jurnalistika peşəsi, həkimlik peşəsi kimidir. Deməli, aramızda "cərrahlar", "terapevtlər", "ginekoloqlar" ola bilər. Və bağışlayın, qeyri-ənənəvi oriyentasiyaları müzakirə etməyi xoşlayan "proktoloqlar" da ola bilər. Həmçinin “patologiya anatomiyası” ilə məşğul olanlar da var. İnsanlar siyasi, bəzən də fiziki meyit olanda onlar cəsarətli, cəsur, kompromissiz olurlar. Düzünü desəm, mən öz fəaliyyətimdə atamın oğlu kimi "terapevtəm". Mənə müasir avadanlıq, "tomoqraf" və USM aparatı lazım deyil – mənə köhnə fonendoskop kifayətdir ki, qulağımı insanın sinəsinə qoyum və ürəyini eşidim. Cərrah bıçağı mənlik deyil.

- Əgər siz təbib ailəsindən çıxmısınızsa - xəstəlik tarixçəsini götürün: "Pasiyent - Rusiya. Diaqnoz. Həkimin təyinatı. Yanvar 2015-ci il". Çıxarış etmək çətin olmadı ki?

- (Fasilə) Birincisi: hesab etmirəm ki, pasiyent o qədər ciddi xəstədir. Ancaq diaqnoz belədir: ürək çatışmazlığı.

- Bəs necə müalicə etməli?


- (Qusman 20 saniyə fikirləşir)... Mən balaca olanda atam məni özü ilə xəstələrini, xüsusilə dostlarını ziyarətə götürürdü. O, belə vaxtlarda ən azı belə məsləhət görürdü: otağın havasını dəyişin, pasiyentə daha çox təmiz hava lazımdır!

Qəzəbli olmuşam

- Oğlunuz Vadik haqqında danışın.

- Amerikada tibb kollecini və universiteti bitirdikdən sonra o, nəticədə özünü həkim kimi görmədi, ona görə də politologiya, jurnalistika ilə məşğul olmağa başladı. O da TASS-da işləyir. “Kaspi” hövzəsinin təhlükəsizlik tədbirləri haqqında dissertasiya hazırlayır. Mənə onunla çox maraqlıdır, xırdalıqlara kimi mübahisələrimiz olur.

- Qardaşınız Yuli Solomonoviç Qusmanı soruşmaya bilmərəm. Amerika üslubunda desək, onda hər şey "ok"dir?

- Həmin üslubda da cavab verirəm: Yulikdə hər şey ok-dir. Yaxınlarda Bakıda və Moskvada "Qorxma, mən səninləyəm! 1919" filminin premyerasını keçirdi. Hazırda Rusiya Hərbi Teatrında Vladimir Yakovleviç Zeldinin 100 illiyinə həsr olunacaq tamaşa üzərində işləyir.

- O da sizin kimi ironiya ilə danışır?

- Mənim ironiya hissimi hansısa qəzəb üstələyib. Qəzəbli olmuşam.

- Siz əlamətlərə inanırsınız?

- Qayıtmağı xoşlamıram. Əgər lazım gəlirsə, mütləq güzgüyə baxıram. Yoldan keçən qara pişiyin qabağında dayanıram. Həmişə ağacı döyəcləyirəm. Ehtiyatlı olanı Allah qoruyur.

- Bütün hallarda özünüzü kim hesab edirsiniz – cənab- yoldaş Qusman? Beynəlxalq hüquq mütəxəssisi? Jurnalist? Məmur?

- Ola bilər ki, cavabım bir qədər yüngül səslənsin, amma xahiş edirəm məni düzgün başa düşün – mən Mişa Qusmanam. Süjet xəttinə görə pessimist, amma tarixiliyə görə optimist.

- Əvvəllər soruşurdular: Hansı əmək uğurları ilə yubileyi qarşılayırsınız?

- Bu yaxınlarda "Terra" nəşriyyatı mənim "Hakimiyyətin formulası və daha 65 müsahibə" silsiləsindən üçüncü kitabımı nəşr edib. Bu seriyadan ilk kitabda 55 müsahibə, ikincisində 60 müsahibə olub. Ümumilikdə isə müsahibələr 300-ə yaxındır.

- Məsafənin son metrləri… Cavab "hə-yox" prinsipi üzrə. Hazırsınız?

- Hazıram.

- Kasparov, yoxsa Karpov?

- Kasparov. Yox, hər ikisi. Böyük çempionlardır.

- Poroşenko, yaxud Yanukoviç?

- Poroşenko. Bu gün.

- Navalnıy, yoxsa Limonov?

- Heç biri.

- "Roşe" konfetləri, yoxsa "Qırmızı oktyabr"?

- "Qırmızı oktyabr". Onlar dadlıdır.

- Obama, yoxsa Putin?

- Putin və … Hillari Klinton. Bu, proqnozdur.

Kaspi.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/world/321591.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR