Play Store

Əl vurma! Öldürməsə də ziyana salacaq!

Əl vurma! Öldürməsə də ziyana salacaq!
14:22 29 Yanvar 2015
623 Sosial
Ölkə mətbuatı
A- A+

Alıcı nəsə sındırsa, kim günahkardır?
Hər birimizin yolu marketlərə düşür. Onların bir qismi rahat olsa da, əksəriyyətində vitrinlərin bir-birinə sıx olması, malların bir vitrində üst-üstə yerləşdirilməsi alıcılarda narahatlıq yaranır. Bəzi marketlərdə vitrinlər bir-birinə o qədər yaxın yerləşdirilib ki, ərzaq arabasını belə hərəkət etdirmək mümkün olmur. Bu səbəbdən də alıcılar əl səbəti ilə bazarlıq etməli olurlar.

Belə marketlərdə bir balaca ehtiyatsızlıq malın yerə düşməsi, qırılması ilə nəticələnir. Bu da satıcı və alıcı arasında mübahisə yaradır. Marketdə alıcı keçərkən hansısa mala toxunub və onu yerə salıb qırır, yararsız hala gətirirsə, kim günahkardır? Alıcı, yoxsa mağazadakı vitrinləri düzgün təşkil etməyən və malları düzgün yerləşdirməyənlər?

Yaşlı bir qadın "Azadlıq prospekti" metrostansiyası yaxınlıqda yerləşən "Uni marketdə" bazarlıq edərkən, bahalı spirtli içkiyə toxunaraq təsadüfən yerə salıb qırdığını bildirdi. Adını açıqlamayan qadının sözlərinə görə, mağaza ondan sınan içkinin pulunun ödənilməsini tələb etdi: "İçkilər vitrinin kənarında, bir-birinə sıx qoyulduğundan, oradan keçən insan ona toxunur. Günah o içkiləri düzgün yerləşdirməyənlərdə olsa da, pulu mən ödəməli oldum".

Vətəndaşların birinin dediyinə görə, "28 May" metrostansiyası yaxınlığında yerləşən marketlərin birində ətirlərin yerləşdiyi vitrinin səliqəyə salmaq məqsədilə ətirləri satıcılar yerə qoyub işlərini görürdülər. Bundan xəbərsiz alıcılardan biri isə ətri ayaqlayaraq sındırır. Nəticədə alıcı və satıcı dalaşmağa başlayır. Satıcı alıcıdan malın pulunu ödəməyi tələb etsə də, alıcı imtina edir.

Bununla bağlı marketlərin işçiləri ilə də maraqlandıq. "Favorit" marketinin idarə heyətinin üzvü Pərviz Əsgərovun sözlərinə görə, alıcı marketdə nəyisə təsadüfən qırıbsa, özləri ödəməyə çalışırlar.

Azad İstehlakçılar Birliyinin sədri Eyyub Hüseynovun sözlərinə görə, alıcı marketdən tez sınan şeylər aldıqda çox diqqətli olmalıdır: "Adətən satıcılar qab alırsa, qabların hamısına bir-bir baxmalıdır. Bəzən qırıq qabları da qırılmayan qabların arasına qoyub satırlar, alıcının isə bundan xəbəri olmur".

E.Hüseynov bildirib ki, alıcı marketdə nəyəsə toxunarsa və həmin şey sınarsa, mütləq onun pulunu verəndən sonra qəbzini almalıdır: "Alıcı marketdə bazarlıq edən zaman nəyisə təsadüfən belə qırsa da, onun pulunu ödəməlidir. Amma alıcı malı kassadan keçirdikdən sonra plastik torbaya yığarkən torba açılır və mal yerə düşüb qırılır, yararsız olursa, bu zaman artıq alıcı deyil, satıcı günahkardır. Alıcı satıcıdan və sahibkardan pulunu geri istəyə bilər" deyən həmsöhbətimizin sözlərinə görə, Azərbaycanda alıcılar çox vaxt malı özləri torbaya yığırlar: "Alıcılar səbirli olmalı və malı satıcının özünün torbaya yığmasını gözləməlidir".

Onun dediyinə görə, kassadan xaricdə və daxildə alıcıların davranışları müxtəlifdir: "Ola bilər ki, satıcı ilə danışıq zamanı mal düşüb qırılsın. Bu zaman da kamera görüntüləri rol oynayır. Gərək mağaza sahibi baxıb bir nəticə çıxarsın".

Mağazalarda vitrinlərin bir-birinə sıx yerləşməsinə gəlincə, E.Hüseynova görə, çox təəssüflər olsun ki, Azərbaycanda marketlərin quruluşuna dair bir standart yoxdur. AİB iş aparır ki, həmin standartlar hazırlansın: "Yəni ki, hansı malların harada yerləşdirilməsi, vitrinlərin arasındakı məsafənin nə qədər olması standartda öz əksini tapmalıdır".

AİB sədri vurğulayıb ki, Azəbaycandakı marketlər əslində satış yeri deyil: "Rəfləri icarəyə verilən bir sistemdir. Mümkün qədər çox malı yerləşdirmək, mümkün qədər kimə icarəyə veriblərsə, ondan çoxlu pul götürməyə çalışırlar. Əslində bu, marketlərdə standartların olmaması nəticəsində baş verir".

Qeyd edək ki, bir sıra xarici ölkələrdə marketlərin quruluşuna aid standartlar var. Alıcı malı təsadüfən keçərkən və s. hallarda salıb sındırarsa, mağazanın həmin standartlara nə qədər uyğun gəlib-gəlməməsi araşdırılır. Misal üçün, vitrinlər arasındakı məsafə pozulubsa, sınan mallara görə ziyanı alıcı ödəmir. Alıcı satıcı malları düzgün yerləşdirmədikdə də onlara dəyib sındırdığı üçün məsuliyyət daşımır. Ola bilər, mallar qəsdən elə yerləşdirilsin ki, ehmalca dəyən zaman düşüb qırılır. Bütün bu amillər standartda əks olunduğu üçün araşdırılır və istehlakçı öz hüquqlarını qoruya bilir.

Ekspress.az


Xəbərin orijinal ünvanı: http://news.milli.az/society/321608.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR