İmişli rayonunda 3800 hektar ərazidə iri fermer təsərrüfatı yaradılıb

İmişli rayonunda 3800 hektar ərazidə iri fermer təsərrüfatı yaradılıb
15:38 29 Yanvar 2015
608 Ölkə
Ölkə mətbuatı
A- A+


Bakı, 29 yanvar, AzərTAc 
Sahibkarlığa Kömək Milli Fondu İmişli rayonunun Ölcələr kəndində sahibkarlığın güzəştli kreditləşdirilməsi məsələlərinə dair işgüzar forum keçirib.
İqtisadiyyat və Sənaye Nazirliyindən AzərTAc-a bildiriblər ki, məqsəd sahibkarlara güzəştli kreditlərin alınması mexanizmi barədə ətraflı məlumatların verilməsi, İmişlidə həyata keçirilməsi məqsədəuyğun hesab olunan nümunəvi layihələrin təqdim olunması, sahibkar-müvəkkil kredit təşkilatı münasibətlərinin möhkəmləndirilməsi, sahibkarların investisiya layihələrinin maliyyələşdirilməsidir.
Yüzədək sahibkarın iştirak etdiyi forum çərçivəsində İmişli rayonunun iqtisadi potensialının reallaşdırılması məqsədilə prioritet hesab olunan 50 başlıq südlük istiqamətli müasir ailə fermer təsərrüfatlarının, çörək, pendir və plastik qapı-pəncərə istehsalı müəssisələrinin, intensiv bağçılıq təsərrüfatlarının, “yaşıl market”in və fermer mağazalarının yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara nümunəvi layihələr və metodiki materiallar paylanılıb.
Sahibkarlığa Kömək Milli Fondunun icraçı direktoru Şirzad Abdullayev vurğulayıb ki, 2015-ci ilin ötən dövrü ərzində 207 sahibkara 3,3 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 500-ə yaxın yeni iş yerinin yaradılmasına imkan yaradır. Qeyd edilib ki, indiyədək Aran iqtisadi rayonunda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin 9466 investisiya layihəsinin maliyyələşdirilməsinə 408,6 milyon manat güzəştli kredit verilib. Digər sahələrlə yanaşı, müasir texnologiyaların tətbiqinə əsaslanan logistik mərkəzlərin, quşçuluq fabriklərinin, cins iribuynuzlu heyvandarlıq komplekslərinin, çörək zavodlarının, meyvə-tərəvəz, ət, süd emalı, quru meyvə, tikinti materiallarının istehsalı müəssisələrinin, iri fermer, üzümçülük təsərrüfatlarının yaradılması və digər sahələr üzrə investisiya layihələri maliyyələşdirilib, 32 min 700-dən çox yeni iş yerinin açılması imkanı yaradılıb.
İşgüzar forum çərçivəsində İmişli və ətraf rayonlardan olan 98 sahibkara 896 min manat güzəştli kredit verilib. Kreditlər əsasən, heyvandarlıq, tərəvəzçilik, taxılçılıq və digər sahələrin inkişafına yönəldiləcək. Bu kreditlərin reallaşdırılması hesabına 140-dan çox yeni iş yerinin açılması mümkün olacaq.
Forum çərçivəsində İmişlidə güzəştli kredit ayrılmış 3800 hektar ərazidə iri fermer təsərrüfatına baxış keçirilib. Bu təsərrüfata Sahibkarlığa Kömək Milli Fondu tərəfindən 5 milyon manat güzəştli kredit verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Imisli_rayonunda_3800_hektar_erazide_iri_fermer_teserrufati_yaradilib-828341

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR