Polis rəisi: “Bakıda o adam qalmamışdı ki...”

Polis rəisi: “Bakıda o adam qalmamışdı ki...”
19:59 27 Dekabr 2014
1439 Ölkə
Ölkə mətbuatı
A- A+

“Ramazan dedi ki, Həsən müəllim ondan 640 min manat pul alıb”

Gəncə Ağır Cinayətlər Məhkəməsində dələduzluqda ittiham olunan sabiq hakim Həsən Əliyev, Elman Məmmədov və Taleh Süleymanovun cinayət işi üzrə növbəti məhkəmə prosesi keçirilir.

 

Lent.az-ın virtualaz.org-a istinadən məlumatına görə, hakim Mübariz Məmmədovun sədrliyi ilə keçirilən prosesdə öncə şahid qismində “Azərsu” ASC-nin əməkdaşı Vəli Həsənov ifadə verib.

 

İbtidai istintaqa verdiyi ifadəsini təsdiqləyən şahid V.Həsənov bu işdə adı keçən şəxslər arasında Ramazan Səlimovdan başqa heç kimi tanımadığını dedi: “Onu da yalnız bircə dəfə görmüşəm. Ramazan Səlimovu Etibar Məmmədovun (“Azərsu” ASC-nin sədri-red.) köməkçisi yanıma gətirib dedi ki, direktorun  tapşırığıdır, yoxlayın görək, bu adam burada işləyə bilər, ya yox. Sonradan direktora dedim ki, bu şəxsin bizim işdən xəbəri yoxdur. Bunu Ramazan Səlimovun özünə də dedim”.

 

 

 

Dövlət ittihamçısının “sizin aranızda rəis təyinatı ilə bağlı söhbət olubmu” sualına şahid “yox, belə bir söhbətimiz olmayıb” deyə cavab verdi.

 

Sabiq hakim şahidə “siz Ramazan Səlimovdan Həsən Əliyev barədə nəsə eşitmisinizmi” sualına “heç nə eşitməmişəm” deyə cavab verdi.

 

Bundan sonra prosesdə Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinin rəisi Hikmət Usubov ifadə verdi. H.Usubov ibtidai istintaqa verdiyi ifadəsini təsdiqləyərək bildirdi ki, ilk gündən bu işi sülh yolu ilə yoluna qoymaq istəyib: “Bizim bölməyə Ramazan Səlimovla bağlı şikayət daxil olmuşdu. Şikayətçi Tariyel Haqverdiyev Ramazanın ondan 12 min manat alıb qaytarmaması ilə bağlı bölməyə şikayət etmişdi. Bu işi araşdıranda Həsən müəllimlə bağlı məqamlar da meydana çıxdı. Ramazan dedi ki, Həsən müəllim ondan 640 min manat pul alıb. Həsən müəllim əvvəlcə heç kimdən pul almadığını desə də Ramazanın telefonundakı mesajı görəndən sonra dedi ki, mesaj sübutdur, ödəyəcəm”.

 

Dövlət ittihamçısı:

 

-Ramazan Səlimov Tariyel Haqverdiyevin şikayət ərizəsindən əvvəl bölməyə müraciət edib, yoxsa sonra?

 

H.Usubov:

 

-Qısa müddət sonra. Gəlib dedi ki, Həsən müəllimin göstərişi ilə Tariyeldən o pulu götürmüşəm, Həsən müəllimin özünə çatdırmışam.

 

Dövlət ittihamçısı:

 

-Həsən Əliyev o pulu hansı məqsədlə alıb?

 

H.Usubov:

 

-Qaz idarəsinə, su idarəsinə, icra orqanlarına işə düzəltmək adı ilə.

 

Dövlət ittihamçısı:

 

-Həsən Əliyev bölməyə gələndə orada kim var idi?

 

H.Usubov:

 

-Heç kim yox idi. Zərərçəkmişləri sonradan çağırtdırdıq.

 

Dövlət ittihamçısı:

 

-Bölmədə Həsən müəllimə təzyiq olubmu?

 

H.Usubov:

 

-Xeyr, elə şey ola bilməz heç vaxt.

 

Dövlət ittihamçısı:

 

-Nə qədər pul ödənildi?

 

H.Usubov:

 

-250 min manata yaxın.

 

Dövlət ittihamçısı:

 

-Bununla bağlı Nərimanov Rayon Prokurorluğuna məlumat vermişdinizmi?

 

H.Usubov:

 

-Bəli.

 

Dövlət ittihamçısı:

 

-O pullar harada ödənilib? Sizin otaqda?

 

H.Usubov:

 

-Xeyr. İdarədən kənarda ödənilib.

 

Bu yerdə təqsirləndirilən Elman Məmmədov yerindən replika verdi:

 

-Pul sizin otağınızda Şövqünün yanında Ramazangilə sayılıb verilib. Nə var düzünü danışın, düzü düz, əyrini əyri.

 

H.Usubov inkar edərək belə bir halın olmadığını dedi: “Özün mənim otağımda Həsən müəllimin arxasınca danışırdın. Deyirdin ki, bu məsələni həll elə. Mən də dedim ki, atamın dostu da olsanız, bu iş həll olunası iş deyil, pul ödənilməlidir”.

 

Vəkil İradə Cavadova:

 

-Həsən Əliyev bölmədə nə dedi?

 

H.Usubov:

 

-Dedi ki, zibilə keçmişəm, kömək eləmək lazımdır. Mən də dedim ki, pulu ödəyin. İstəyirdim ki, zərərçəkmişin şikayəti olmasın, pul ödənilsin. Həsən müəllim hakim idi, tanıyırdıq.

 

Vəkil İ.Cavadova:

 

-Həsən Əliyev hər hansı mal-mülk sənədi təqdim etmişdimi?

 

H.Usubov:

 

-Bəli, restoranın, bağın sənədləri idi. Başqasının adına olduğuna görə zərərçəkmiş qəbul etmədi.

 

Vəkil Sadiq Rəsulov:

 

-Sizin Həsən müəllimlə telefon danışıqlarınız olubmu? Necə oldu ki, Həsən müəllim bölməyə gəldi?

 

H.Usubov:

 

-Bəli, dəfələrlə olub. O da zəng vurub, mən də. Biz onu çağırmamışdıq, dedilər gəlib, qəbul etdik.

 

S.Rəsulov:

 

-Birinci görüşdə söhbət nədən getdi?

 

H.Usubov:

 

-Həsən müəllim dedi pul almamışam, Ramazan Səlimovun arvadı da mesajı göstərdi.

 

S.Rəsulov:

 

-Mesajda nə yazılmışdı?

 

H.Usubov:

 

-“Sizin məsələ yaxın günlərdə həll olunacaq” –belə bir mesaj idi.

 

S.Rəsulov:

 

-Prokurorluğa nə vaxt məlumat vermisiniz?

 

H.Usubov:

 

-Dəqiq xatırlamıram.

 

S.Rəsulov:

 

-Ramazan Səlimova nə qədər pul ödənilib?

 

H.Usubov:

 

-Ramazan dəfələrlə yanıma gəldi. Dedi ki, Elmanın vasitəsilə bizə 250 min manat ödənilib, yerdə qalanını ödəmək istəmirlər.

 

S.Rəsulov:

 

-Elman deyir ki, hər dəfə pulu bölmədə ödəmişik.

 

H.Usubov:

 

-Harada ödənilib - bilmirəm.

 

S.Rəsulov:

 

-Cinayət işinin rədd olunması barədə qərar qəbul edilmişdisə, nə marağınız var idi martdan avqusta qədər pul ödənilsin?

 

H.Usubov:

 

-Çünki bu gün gəlib burada ifadə verməyimi istəmirdim.

 

S.Rəsulov:

 

-Ramazanın ərizəsinə bölmə münasibət bildirib qərar qəbul etmişdisə, nəyə görə Həsən müəllimdən pul ödənilməsini tələb edirdiniz?

 

H.Usubov:

 

-Rəhbərliyin bizə göstərişi budur ki, vətəndaş narazı qalmasın.

 

S.Rəsulov:

 

-Rəhbərlik sizə tapşırıb ki, vətəndaş narazı qalmasın deyə vəzifə səlahiyyətinizi aşın və qanunsuzluğa yol verin?

 

H.Usubov:

 

-Bizə deyiblər ki, vətəndaş narazı qalmasın…

 

S.Rəsulov:

 

-Ramazan ərizəsində Elman Məmmədovun adını çəkdiyi halda niyə onu çağırıb izahatını almırdınız? İş materiallarından da görünür ki, ərizə araşdırılan dövrdə Elman bütün günü bölmədə olub.

 

H.Usubov:

 

-Bunu təhqiqatçıdan soruşarsınız.

 

“600 min manat görənin Allah tifağını dağıtsın”

 

 

 

Sabiq hakim Həsən Əliyev şahiddən məsələ ilə bağlı rayon prokurorluğuna nə vaxt məruzə olunduğunu soruşdu. H.Usubov hadisənin üstündən 3 ilə yaxın vaxt ötdüyü üçün dəqiq xatırlamadığını dedi.

 

H.Əliyev:

 

-Sizin otaqda Nərimanov rayon prokuroru Fikrət Mahmudovla danışan mən idim? Telefonu mikrofona qoymuşdunuz, nə dediniz ona?

 

H.Usubov:

 

-Fikrət müəllim dedi ki, zərərçəkənin pulu ödənməlidir.

 

H.Əliyev:

 

-Hakim barədə araşdırma aparmaq hüququnuz var idimi? Qanuna görə necə həll etməli idiniz?

 

H.Usubov:

 

-Qanunla yox idi.

 

Hakim M.Məmmədov:

 

-Qeyri-rəsmi olaraq hər iki tərəfi barışdırmaq istəyib.

 

H.Əliyev:

 

-16-cı polis bölməsi mən MTN-ə şikayət edənə qədər məndən pul qoparmaqla məşğul olub.

 

H.Usubov:

 

-Ramazan həyat yoldaşı ilə birlikdə hər gün gəlib pullarını tələb edirdilər.

 

H.Əliyev:

 

-Əgər marağınız yox idisə, niyə çalışırdınız? Qoyaydınız gəlib mənim canımı alardılar. Yəni məni bir o qədər çox istəyirdiniz?

 

H.Usubov:

 

-Nə marağım olmalı idi ki?

 

H.Əliyev:

 

-O ərizədə 600 min manat söhbəti olmayıb. Onu sonradan siz yazdırmısınız.

 

H.Usubov:

 

-Elman özü dedi.

 

Təqsirləndirilən Elman Məmmədov yenə də yerindən replika verdi:

 

-Dedim 300 minlə yola ver. Çünki ortada qəbz məsələsi də var idi. Ramazan and içmişdi. Ramazanın mənə bağda pul göstərmək söhbəti olmayıb. 600 min manat görənin Allah tifağını dağıtsın. Yalandır hamısı. Sənə də şər atsalar, sən də yanarsan.

 

H.Əliyev:

 

-Yadınızdadırmı, mənə deyirdiniz ki, sənin aqibətin Gülər Əhmədovanın aqibəti kimi olacaq?

 

H.Usubov:

 

-Xeyr, elə söhbət olmayıb.

 

H.Əliyev:

 

-Materialı niyə prokurorluğa göndərmirdiniz?

 

H.Usubov:

 

-Fikirləşirdim ki, qərar ləğv olunacaq, ora-bura çağıracaqlar. Bakı şəhərində o adam qalmamışdı ki, Həsən müəllimə görə mənə zəng vurmasın.

 

Bundan sonra H.Usubovun istintaqa verdiyi ifadəsi elan olundu.

 

R.Usubov ifadəsində göstərib ki, Ramazan Səlimovun arvadı deyib ki, bu işlərin başında Həsən Əliyev dayanır, Ramazandan 600 min manat alıb icra başçısı qoyduracaq: “Bu işi təhqiqatçı Şövqüyə tapşırdım. Məlum oldu ki, iki dəfə - qəbz və notarial qaydada pul verilib. Əvvəl almadığını dedi. Sonradansa “alsam da, almasam da mənlikdir” dedi. Çünki ortada sənəd var idi. Elman gəldi, dəymiş ziyanı ödəyəcəyini bildirdi. Cinayət işinin başlanmasının rədd edilməsi barədə qərar qəbul edildi. Ramazanın arvadı mətbuata açıqlama verəcəyini deyirdi. İstəyirdik ki, hakimin adı dələduzluqda hallanmasın. Həsən müəllim pulun yerdə qalanını ödəməyəndə Ramazan Bakı Şəhər Prokurorluğuna müraciət edib”.

 

“Mən bilmirəm kim kimdən pul alıb və niyə alıb”

 

Bundan sonra məhkəmədə fasilə elan olundu. Fasilədən sonra Nərimanov rayon prokurorunun sabiq I müavini Cavid Quliyev şahid qismində ifadə verdi.

 

C.Quliyev ifadəsində heç kimdən rüşvət almadığını dedi: “Bu iş üzrə Elman Məmmədovu və Taleh Süleymanovu tanıyıram. Taleh mənə dedi ki, dostumun atasının bir məsələ ilə bağlı sizdən xahişi var. Mən də Elmanı qəbul etdim, dinlədim. Elman dedi ki, Həsən Əliyev hakimdir, kimdənsə borc alıb. Borcu qaytarmaq üçün vaxt istəyir, məsələdən prokurorun (sabiq Nərimanov rayon prokuroru F.Mahmudovu nəzərdə tutur-red.) da xəbəri var.

 

Dedim alıbsa, mütləq qaytarsın. Burda başqa söhbət ola bilməz. Məbləğin 250 min manat olduğunu deyirdilər. Həsən müəllim deyirdi ki, onu şərləyiblər, heç kimdən pul almayıb. Görəndə ki bu məsələ böyüyür və Həsən Əliyev tərəfindən zərərçəkənə pul ödənilmir, onda işi Bakı Şəhər Prokurorluğuna göndərmişəm, vəssalam. Bu işdə heç bir marağım olmayıb”.

 

C.Quliyev daha sonra şahid dövlət ittihamçısının, vəkillərin və hakimin suallarını cavablandırdı.

 

Dövlət ittihamçısı:

 

-Elmanla aranızda danışıq olubmu ki, 100 min manat alınıb sizə verilsin?

 

C.Quliyev:

 

-Xeyr, belə bir şey olmayıb.

 

Dövlət ittihamçısı:

 

-Həsən Əliyevlə bağlı olubmu?

 

C.Quliyev:

 

-Xeyr. Həsən Əliyev pulunu tələb edirdi. Dedim ki, gedin kimə vermisinizsə, ondan tələb edin.

 

Vəkil İradə Cavadova:

 

-Siz Həsən müəllimə köməklik etmək istəyirdiniz?

 

C.Quliyev:

 

-Özü deyirdi ki, imkan düşdükcə qaytaracam. Mən heç bilmirəm kim kimdən pul alıb, niyə alıb.

 

Vəkil Azər Tanrıverdi:

 

-Cinayət işinin başlanmasının rədd olunması ilə bağlı qərarı nə vaxt ləğv etmisiniz?

 

C.Quliyev:

 

-Elə gələn vaxt.

 

H.Əliyev:

 

-Bizim sizinlə çoxsaylı telefon danışıqlarımız olub. Sizə əvvəlcə 46, sonra 54 min manat göndərilib. İş alınmayanda sizə zəng vurub dedim ki, 100 min manatı qaytarın. Dediniz ki, 100 deyil, 70 mindir. Bunu təsdiq edirsinizmi?

 

C.Quliyev:

 

-Xeyr. Belə bir şey olmayıb.

 

H.Əliyev:

 

-Hikmət Usubov deyirdi ki, qarşılarını ala bilmirəm, şikayət etdilır. Material sizin təşəbbüsünüzlə gedib Bakı Şəhər Prokurorluğuna? Ramazanın həyat yoldaşı şikayət edib?

 

C.Quliyev:

 

-Bəli.

 

Vəkil İradə Cavadova:

 

-Prokurorluqda tez-tez olur hakim tutmaq?

 

C.Quliyev:

 

-Yox, ilk dəfə idi.

 

H.Əliyev:

 

-Prokuror köməkçisi Samir Məmmədov ötən prosesdə dedi ki, hər ay bölmədən yazılı məlumat alsa da Ramazan Səlimov barəsində heç bir məlumatı olmayıb. Siz bilirdiniz orada nə var idi. Bilə-bilə ki hakim haqqında polis araşdırma apara bilməz, niyə buna göz yumurdunuz?

 

C.Quliyev:

 

-Mülki məsələ idi, aralarında borc məsələsi var idi.

 

S.Rəsulov:

 

-Sonradan nəyə görə cinayət işinin rədd olunması barədə qərar qəbul edib işi Bakı Şəhər Prokurorluğuna göndərdiniz?

 

C.Quliyev:

 

-Hikmət Usubov mənə zəng edib dedi ki, Həsən müəllim borcu ödəmir. Şikayət var idi.

 

S.Rəsulov:

 

-O zaman belə çıxır ki, Həsən müəllim pulu tam ödəsəydi, işi Bakı Şəhər Prokurorluğuna göndərməyəcəkdiniz.

 

H.Əliyev:

 

-Siz 16-cı polis bölməsinə gəlirdiniz?

 

C.Quliyev:

 

-Xeyr.

 

H.Əliyev:

 

-Pul verilən vaxtlar siz oraya gəlirdiniz.

 

C.Quliyev:

 

-Mən başqa bölmələrə də gedirəm.

 

H.Əliyev:

 

-100 min manatın verilməsi ilə bağlı səs yazısı var. Elman deyir ki, pul Caviddədir, geri alacam. O pulu sizə mənə əlavə vaxt vermək üçün yox, rüşvət üçün vermişdim. Əvvəl məndən özlərinə çatacaq 100 mini istəyirdilər ki, Ramazana pulu ödəmək üçün vaxt versinlər. Həmçinin də bu işin 300 minə bu işi yoluna qoysunlar. Çünki şər böhtan olmasını özləri də bilirdilər. Belə olmasaydı, mənə 6 ay vaxt verməzdilər.

 

“İş adamı idisə, gedib özünə şərait quraydı”

 

 

 

Şahid qismində ifadə verən Tariyel Haqverdiyev bildirdi ki, Ramazanı H.Əliyevin vasitəsilə tanıyıb, sonradan aralarında münasibət yaranıb: “Oğlumu işə düzəltmək istəyirdim. Ramazan bunu bilib dedi ki, tanışı var və oğlumu məhkəməyə katib düzəldə bilər. Əlavə eləyib dedi ki, nəinki katib, hətta hakim də düzəldə bilər. Dedi ki, bu işi təmənnasız görəcək, heç bir pul-filan lazım deyil. Bu hadisədən bir müddət sonra Ramazan mənimlə görüşərək bildirdi ki, oğlum Dövlət Qulluğu Komissiyasının sədri Bəhram müəllimə tapşırılıb, sadəcə Bəhram müəllimin özünə 10 min dollar vermək lazımdır. Bundan sonra mən 4 dəfə olmaqla ona 12 min 200 manat vermişəm. Sonra dəfələrlə Ramazanı axtarsam da tapa bilmirdim, zəng çatmırdı, telefona cavab vermirdi.  Yalnız bir dəfə telefona cavab verdi ki, Qusarda 5 ulduzlu otel tikirəm. Mən görəndə ki Ramazan mənim pulumu qaytarmır, 16-cı polis bölməsinə şikayət elədim. Ramazanı əli qandallı, başına torba keçirib gətirdilər. Bölmə rəisinin otağında soruşdum ki, pulumu nə vaxt verəcəksən. Şövqü də dedi ki, yaz sənə dəyən ziyan ödənilib, şikayət yoxdur. Şövqü mənə 7 min manat verdi.  Həsən Əliyev ondan pul almayıb. Bu adam kirayələrdə yaşayır. Onun 600 min manat pulu hardandır axı? Ramazanın aldatmadığı adam qalmayıb. Respublikada elə adam yoxdur ki, ona qarşı dələduzluq etməsin. Bu elə iş adamı idisə, özünə ev, şərait quraydı”.

 

Sonra məhkəmədə hakim Qüdrət Yəhyayev ifadə verdi. Şahid ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdi və Ramazan Səlimovun ona qarşı dələduzluq edərək 6500 manat pulunu mənimsədiyini dedi: “Tariyellə birlikdə gedib şikayət etdik. Bir neçə gün sonra Tariyel dedi ki, Ramazanı tapıb gətiriblər. Ramazan işıq, su, qaz idarəsinə işə düzəlmək istəyirdi. Onu Nizami Süleymanovun yanına aparmışdım. Nizami Sülüymanov onu Etibar Pirverdiyevə zəng vurub ona Sumqayıtda Texnoparka işçi istədiyinə görə ora göndərdi. Amma sonradan bu iş alınmadı. Buna səbəb isə Ramazan onların tələb etdiyi ixtisas üzrə işçi deyildi. Ramazan polis bölməsində deyirdi ki, Həsən müəllimə qəbzlə 300 min manat vermişəm, daha sonra isə 300 min manatlıq borc müqaviləsi bağlamışam, amma o pulu verməmişəm”.

 

Nərimanov Rayon Polis İdarəsi 16-cı polis bölməsinin təhqiqatçısı Şövqü İsmayılova şahid qismində ifadə vermək təklif olundu. Şahid ibtidai istintaqa verdiyi ifadəsini təsdiq etdi. İş günü sona çatdığına görə şahidə sualların ünvanlandırılması növbəti məhkəmə prosesinə - yanvarın 12-nə kimi təxirə salındı.

 

Xatırladaq ki, ötən məhkəmə prosesində Binəqədi Rayon İcra Hakimiyyəti başçısının keçmiş müavini Qəzənfər Novruzov, Respublika Hərbi Prokurorluğunun müstəntiqi Ülvi Əhmədov və Nərimanov rayon prokurorunun keçmiş köməkçisi Samir Məmmədov şahid qismində ifadə vermişdilər.

 

Qeyd edək ki, 2007-2014-cü illərdə Bakı Ağır Cinayətlər Məhkəməsində hakim işləyən Həsən Əliyevin səlahiyyətlərinə ölkə başçısı İlham Əliyevin sərəncamı ilə bu ilin fevral ayında xitam verilib.

 

Təxminən 5 ay sonra isə uzun illər prokurorluq və məhkəmə orqanlarında çalışan H.Əliyevə qarşı Cinayət Məcəlləsinin 178.3.2 (külli miqdarda ziyan vurmaqla dələduzluq törətmə) və 312.2-ci (rüşvət vermə) maddələri ilə ittiham irəli sürülüb və barəsində başqa yerə getməmək haqqında iltizam qətimkan tədbiri seçilib.

 

Buna səbəb Ramazan Səlimov adlı şəxsin iddiası olub. R.Səlimov iddia edib ki, sabiq hakim ondan vəzifəyə düzəltmək vədi ilə pul alaraq qaytarmayıb.

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR