x
Loading...
.

Əli Həsənov: “Azərbaycan dövlətinin məqsədi gənclərin hərtərəfli inkişafını təmin etməkdir”

17:02 29 Yanvar 2015
115 Digər
Ölkə mətbuatı
A- A+
.

[ 29 Yanvar 2015 16:56 ]


Bakı - APA. “Hər bir ölkədə müstəqilliyin qorunub saxlanması, dövlətçiliyin möhkəmləndirilməsi, gələcəyin etibarlı təminatı yüksək intellektə malik gənc nəslin yetişdirilməsindən, onların cəmiyyət həyatının bütün sferalarında fəal iştirakından birbaşa asılıdır. Azərbaycan gənclərinin müasir, inkişaf etmiş, yüksək intellektli aparıcı qüvvə kimi formalaşmasında, birmənalı olaraq, dövlətimizin apardığı gənclər siyasətinin mühüm rolu var. Əsasını ulu öndər Heydər Əliyevin qoyduğu dövlət gənclər siyasətinin prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilməsinin nəticəsidir ki, bu gün ölkə gəncləri ictimai həyatın bütün sahələrində aktiv fəaliyyəti ilə seçilir, siyasi, iqtisadi, humanitar, sosial tədbirlərin həyata keçirilməsində mühüm rol oynayırlar”.

 

APA-nın məlumatına görə, bunu Azərbaycan Respublikası Prezidenti Administrasiyasının ictimai-siyasi məsələlər şöbəsinin müdiri Əli Həsənovun “AzərTAc”a müsahibəsində deyib.
 

Ə. Həsənov bildirib ki, son illər respublikada həyata keçirilən tədbirlər gənclərin hərtərəfli inkişafının təmin olunması üçün siyasi, sosial-iqtisadi, təşkilati-hüquqi şərait və təminatların yaradılmasını sürətləndirib, onların ictimai-siyasi fəallığının artmasına kömək edib: “Bu gün ölkəmizdə gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilib. Azərbaycan prezidenti İlham Əliyev tərəfindən gənclərlə birbaşa bağlı dövlət proqramları qəbul olunub və onların icrası nəticəsində dövlət gənclər siyasətinin prioritet sahələrində müsbət dəyişikliklər baş verib və ciddi uğurlar əldə edilib. Gənclərin vətənpərvərlik tərbiyəsi sahəsində davamlı iş aparılıb, istedadlı və yaradıcı gənclərə dövlət qayğısı artırılıb. Dövlətin qayğısı sayəsində gənclər təşkilatlarının gənclər siyasətində iştirakını təmin edən hüquqları genişləndirilib, onların layihə və proqramlarına mütəmadi dəstək verilib. 2011-ci ildə Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun yaradılması, respublikanın 30-a yaxın şəhər və rayonunda gənclər mərkəzlərinin inşası və s. ölkə başçısının gənclərə diqqət və qayğısının əməli nəticəsidir.


Müasir dövrdə gənclər siyasəti yeni mərhələyə qədəm qoyub. Azərbaycan dövləti sürətli inkişaf dövrünü yaşayır və bu inkişaf, təbii ki, gənclər üçün yeni imkanlar açır. Azərbaycanın maliyyə-iqtisadi potensialı artdıqca, bütün sahələrin inkişafına kapital qoyulur və bu, çox müsbət nəticələr verir. Təbii ki, əldə olunan uğurlar, Azərbaycanın yeni inkişaf imkanları, habelə dünyada baş verən qlobal dəyişikliklər və çağırışlar da gənclərlə bağlı yeni sənədlərin qəbulunu zəruri edir. Buna görə də ölkə gənclərinin hərtərəfli inkişafını təmin etmək məqsədilə “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası” Prezident tərəfindən təsdiq olunub”.


Strategiyanın hədəflərindən danışam şöbə müdiri qeyd edib ki, sənəddə gənclərin ayrı-ayrı sosial qruplarına münasibətdə hərtərəfli yanaşma formalaşdırmaq baxımından onların statusunu və identifikasiya meyarlarını müəyyənləşdirmək zərurəti yaranıb: “Buna görə də ilk dəfə olaraq, Strategiyada Azərbaycan gəncliyinin müxtəlif sosial qrupları müəyyənləşdirilib.


Əsas məqsədinə gəlincə isə, Strategiya 2015-2025-ci illəri əhatə edən dövrdə Azərbaycan gəncliyinin potensialını müasir dövrün tələblərinə uyğun inkişaf etdirməyi, həmin potensialdan Azərbaycanın mənafeləri naminə istifadə etməyi, yeni nəsildə fəal vətəndaşlıq mövqeyi formalaşdırmağı nəzərdə tutur.


Gənclərin gündəlik qayğılarından tutmuş ictimai-siyasi proseslərdə fəal iştirakı, intellektual və mənəvi inkişafı, asudə vaxtlarının səmərəli təşkili, məşğulluğun artırılması və digər bu kimi məsələlər Strategiyanın əsas vəzifələri sırasındadır. Nəzərdə tutulan hər bir vəzifənin arxasında ciddi fəaliyyət dayanır. Buna görə də gənclərlə işləyən heç bir qurum bu işdə yaxasını kənara çəkməməli, yeni nəslin hərtərəfli inkişafına səy göstərməlidir.


Strategiya gənclərin elm, texnika, mədəniyyət, incəsənət sahəsindəki bacarıqlarını və təşəbbüskarlığını stimullaşdıran tədbirlərin həyata keçirilməsini, televiziya kanallarında yeniyetmə və gənclər üçün faydalı olan maarifləndirici, elmi-populyar verilişlərin hazırlanmasını nəzərdə tutur. Sənəd, eyni zamanda, gənclər arasında ixtisas və peşə seçimini, əmək bazarı və məşğulluq haqqında məlumatlılıq səviyyəsini artırmağı, gənc mütəxəssislərin bilik və bacarıqlarını işəgötürənlərin tələblərinə uyğunlaşdırmağı, əlilliyi olan gənc mütəxəssislərin sosial müdafiəsini gücləndirməyi, gənclər üçün aktual olan məsələlərin həllində qeyri-hökumət təşkilatlarının iştirakını stimullaşdırmağı, xarici ölkələrdəki gənclərimizin fəaliyyətinin əlaqələndirilməsini, onlar tərəfindən Azərbaycan həqiqətlərinin dünyaya yayılması istiqamətində aparılan işlərə dəstək verilməsini və digər məsələləri əhatə edir.


Tam əminliklə deyə bilərəm ki, bu Strategiya ölkə gənclərinin həyatına yeni rəng qatacaq və ciddi əhəmiyyətə malik olacaq”.


O bu günə qədər gənclərlə birbaşa bağlı olan “Azərbaycan Gəncliyi Dövlət Proqramı (2005-2009-cu illər)”, “Azərbaycan gənclərinin xarici ölkələrdə təhsili üzrə Dövlət Proqramı (2007-2015-ci illər)” və “Azərbaycan gəncliyi 2011-2015-ci illərdə Dövlət Proqramı”nın icrasının, habelə əldə olunan nəticələrin “2015-2025-ci illərdə Azərbaycan gənclərinin İnkişaf Strategiyası”nın da Azərbaycan gənclərinin iqtisadi, humanitar və sosial həyatında yeni səhifə açacağını deməyə əsas verdiyini vurğulayıb: “Sözsüz ki, belə əhatəli sənəddən gözləntilər çox böyükdür. Eyni zamanda, görülən hər bir işin məntiqi sonluğu olmalıdır.


Strategiyanın gənclərimizin sosial problemlərinin həlli, onların işsizlik səviyyəsinin aşağı salınması, təhsil səviyyəsinin və peşə təhsili alanların sayının artması, əmək bazarının tələblərinə cavab verən rəqabətqabiliyyətli gənc kadr potensialının formalaşdırılması, gənclərin mənzil şəraitinin yaxşılaşdırılması, elm və texnika sahəsində çalışan gənclərin sayının çoxalması və digər sahələrdə əhəmiyyətli nəticələr verəcəyinə əminəm.

 

Şübhə etmirəm ki, əlaqədar dövlət orqanlarının, qeyri-hökumət təşkilatlarının və fəal gənclərimizin birgə səyləri nəticəsində Strategiyada müəyyənləşdirilən vəzifələr uğurla yerinə yetiriləcək, qarşıdakı 10 ildə gənc nəslin fiziki, intellektual və mənəvi inkişafının təmin edilməsi sahəsində daha əhəmiyyətli addımlar atılacaq”.


Xəbərin orijinal ünvanı: http://az.apa.az/news/370855

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR