Nyu Yorkda "Bakı prosesi" və Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimatı (FOTO)

18:08 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+

Azərbaycan, Bakı, 29 yanvar /Trend/

Azərbaycan dövlətinin həyata keçirdiyi mədəniyyətlər və sivilizasiyalar arasında dialoq siyasətini və təcrübəsini beynəlxalq aləmdə təbliğ etmək məqsədilə ABŞ-ın Nyu York şəhərində “Bakı prosesi” və Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təqdimat mərasimi təşkil edilib.

Mədəniyyət və Turizm Nazirliyindən Trend-ə verilən məlumata görə, tədbirlə bağlı mədəniyyət və turizm naziri Əbülfəs Qarayevin başçılıq etdiyi nümayəndə heyəti Nyu Yorkda səfərdədir.

Nyu Yorkun tarixi və mötəbər binalarından biri olan “Seynt Recis” hotelində Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi, ölkəmizin ABŞ-dakı səfirliyi və Etnik Anlaşma Fondunun birgə təşkilatçılığı ilə “Bakı prosesi” və Dünya Mədəniyyətlərarası Dialoq Forumunun təntənəli təqdimat mərasimi keçirilib. Tədbirdə nüfuzlu dini, siyasi və mədəniyyət xadimləri, akademik dairələrin təmsilçiləri iştirak ediblər.

Tədbiri açan Azərbaycanın ABŞ-dakı səfiri Elin Süleymanov “Bakı prosesi”nin dünya mədəniyyətlərini bir araya gətirmək üzrə mühüm platforma olduğunu və Bakının bu olduqca aktual bir təşəbbüsün episentrinə çevrildiyini qeyd edib. O, bunun səbəbinin həm Azərbaycan xalqının tarixən tolerantlıq ənənələrinə malik olması, həm də ölkə rəhbərliyinin bu prosesə xüsusi diqqət və qayğı göstərməsi ilə bağlı olduğunu söyləyib. Səfir bu kontekstdə Prezident İlham Əliyevin şəxsən tolerantlıq və mədəniyyətlərarası dialoq və sülhə sadiqliyini qeyd edib.

Mərasimdə çıxış edən nazir Ə.Qarayev “Bakı prosesi” haqqında məlumat verib, Azərbaycanın dini və mədəni müxtəliflik baxımından nadir ölkə olduğunu qeyd edib. Nazir deyib ki, hər dövlətin başlıca məqsədlərindən biri öz vətəndaşları üçün təhlükəsiz və möhkəm cəmiyyət qurmaqdır. O, müxtəlif etnik və dini azlıqlar və qruplar arasında qarşılıqlı etimad, hörmət və tolerantlıq prinsiplərinin belə bir cəmiyyətin qurulmasının təməlini təşkil etdiyini vurğulayıb.

Ə.Qarayev Azərbaycanın yəhudi icmasının əsrləri əhatə edən sülh və tolerantlıq şəraiti tarixinin nümunəvi olduğunu qeyd edib. O, Azərbaycan rəhbərliyinin tolerantlıq ənənələrini daim təşviq etdiyini, buna önəmli töhfə verdiyini söyləyib. Nazir, həmçinin Azərbaycan ərazilərinin 20 faizinin Ermənistan tərəfindən işğal olunması haqqında danışıb.

O, tədbir iştirakçılarını 2015-ci ilin may ayında Bakıda keçiriləcək 3-cü Dünya Mədəniyyətlərarası Dialoq Forumuna dəvət edib.

Etnik Anlaşma Fondunun prezidenti ravvin Mark Şnayr Azərbaycanın tolerantlıq məkanı olması barədə geniş məlumat verib və bu ənənələrin ABŞ-da təbliğ edilməsinin vacibliyini vurğulayıb.

Tədbir çərçivəsində “Bakı prosesi” sərgisi və Dünya Forumunun işindən bəhs edən film nümayiş olunub. Tədbir Emil Əfrasiyabın və Cefri Verbokun konserti ilə davam edib.

Etnik Anlaşma Fondu ABŞ-da müsəlman, iudaizm və xristian dinlərinin nümayəndələri arasında dialoq və əməkdaşlığın inkişafı məqsədilə yaradılmış, nüfuzlu insanların, dini liderlərin şəbəkələşdiyi təşkilatdır. 2014-cü ildə Azərbaycanın Mədəniyyət və Turizm Nazirliyi ilə Fond arasında əməkdaşlıq haqqında anlaşma memorandumu imzalanıb.

Məqalə müəllifi ilə əlaqə ünvanı: agency@trend.az


Xəbərin orijinal ünvanı: http://az.trend.az/azerbaijan/culture/2358687.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR