“Neftqaztikinti” trestində ötən ilin hesabatı və qarşıda duran vəzifələr müzakirə olunub

18:13 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+


Bakı, 29 yanvar, AzərTAc
Neftqaztikinti” tresti üzrə 2014-cü il ərzində əməyin mühafizəsi, ekologiya, keyfiyyətə, qaynağa nəzarət və təhlükəsizlik, ekologiya və keyfiyyət sistemlərinin sertifikatlaşdırılması və audit üzrə görülmüş işlərin hesabatı və qarşıda duran vəzifələrə həsr olunmuş iclas keçirilib.
Trestdən AzərTAc-a bildiriblər ki, “Neftqaztikinti”-nin müdiri Mirkazım Abasov SOCAR-ın təsdiq olunmuş tədbirlər proqramında nəzərdə tutulmuş respublika əhəmiyyətli istehsalat obyektlərində trest tərəfindən 2014-cü ildə həyata keçirilmiş əsaslı tikinti, təmir və yenidənqurma işləri barədə danışıb. Bildirib ki, trest neft-qaz sektoruna aid onlarla istehsalat obyektlərini keyfiyyətlə və vaxtında istismara təhvil verib. 2014-cü ildə trest tərəfindən yeni texnika və avadanlıqların alınmasına 11233793,56 manat dəyərində vəsait sərf olunub.
Trestin əməyin mühafizəsi üzrə müdir müavini Şəfiq Nemətov qeyd edib ki, 2014-cü il ərzində trestin əməyin mühafizəsi üzrə Daimi Fəaliyyət göstərən Komissiyası və Keyfiyyətə Nəzarət Departamentinin mütəxəssisləri Azərbaycan Neft Sənayesində Əməyin Mühafizəsinin Vahid İdarəetmə Sisteminin, ISO-9001 keyfiyyət, ISO-14001 ətraf mühitin mühafizəsi və TS OHSAS 18001 təhlükəsizlik üzrə beynəlxalq standartların tələblərini rəhbər tutaraq trestin struktur vahidlərində mütəmadi yoxlamalar aparmış, aşkar olunmuş nöqsan və pozuntu halları qısa zamanda aradan qaldırılıb.
2014-cü il üçün trest üzrə əmək şəraitinin yaxşılaşdırılması üçün rüblər üzrə illik nomenklatur tədbirlər planı hazırlanıb. 2014-cü il ərzində Əməyin mühafizəsinə 2554332 manat vəsait xərclənib. Bu da 2013-cü il ilə müqayisədə 101,4 faiz təşkil edir. İl ərzində nomenklatur tədbirlər planının yerinə yetirilməsinə 1610091 manat vəsait xərclənib.
Daha sonra, il ərzində trest üzrə baş vermiş bədbəxt hadisələr müzakirə edilib və gələcəkdə bu kimi hadisələrin təkrarlanmaması üçün qabaqlayıcı tədbirlərin görülməsi haqqında təkliflər verilib. Trestin Qaynaq Texnoloji, Dağılan və Dağılmayan Müayinə Mərkəzi tərəfindən 2014-cü il ərzində maqnit üsulu ilə 4967 metr, rentgen üsulu ilə 13663 ədəd və ultrasəs üsulu ilə 4505 ədəd qaynaq birləşməsi yoxlanılıb.
Hesabat məruzəsində həmçinin işçilərin sosial-məişət şəraitinin yaxşılaşdırılmasında trestin Həmkarlar İttifaqı Komitəsinin işi xüsusilə qeyd olunub.
İclasın sonunda trestin istehsalat sahələrində əməyin mühafizəsi sahəsində mövcud nöqsanlar geniş müzakirə olunub, ekologiya, keyfiyyətə və qaynağa nəzarət üzrə yarana biləcək problemlərin həlli istiqamətində fikir mübadiləsi aparılıb, təkliflər irəli sürülüb və struktur vahidlərinin rəhbərlərinə trest rəhbərliyi tərəfindən müvafiq tapşırıqlar verilib.

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Neftqaztikinti_trestinde_oten_ilin_hesabati_ve_qarsida_duran_vezifeler_muzakire_olunub-828418

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR