Sergey Lebedev: Korrupsiayaya qarşı mübarizə yalnız birgə səylərlə səmərə verə bilər

Sergey Lebedev: Korrupsiayaya qarşı mübarizə yalnız birgə səylərlə səmərə verə bilər
18:23 29 Yanvar 2015
392 Ölkə
Ölkə mətbuatı
A- A+


Minsk, 29 yanvar, AzərTAc
Korrupsiya cinayətlərinə qarşı təkbaşına mübarizə aparmaq perspektivsiz məsələdir. Burada yalnız birgə səylərlə səmərə əldə etmək olar.
MDB İcraiyyə Komitəsinin sədri – icraçı katib Sergey Lebedev bu sözləri yanvarın 29-da Minskdə Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlətlərarası Şuranın təşkilatı iclasını açarkən söyləyib.
MDB İcraiyyə Komitəsinin mətbuat xidmətindən verilən məlumata görə, S.Lebedevin fikrincə, müasir dövrün qlobal problemi olan korrupsiya bu gün dünyanın bütün ölkələrində, o cümlədən Birliyin üzvü olan dövlətlərdə bu və ya digər dərəcədə mövcuddur.
Korrupsiyaya qarşı dövlətlərarası səviyyədə mübarizə vəzifəsi ilk dəfə Birliyin iştirakçısı olan ölkələrin dövlət başçıları tərəfindən 2007-ci il oktyabrın 5-də təsdiq edilmiş MDB-nin gələcək inkişafı konsepsiyasında müəyyən edilib.
S.Lebedev qeyd edib ki, Birliyin iştirakçısı olan dövlətlərdə korrupsiyaya qarşı mübarizənin hüquqi və təşkilati təməli əsasən formalaşıb və artıq fəaliyyət göstərir.
MDB iştirakçısı olan dövlətlərin Parlamentlərarası Assambleyası tərəfindən “Korrupsiyaya qarşı mübarizə haqqında”, “Normativ hüquqi aktların və normativ hüquqi aktların layihələrinin antikorrupsiya ekspertizası haqqında”, “Hüququn tətbiqi üzrə fəaliyyətin antikorrupsiya monitorinqi haqqında” model qanunlar işlənib hazırlanıb və qəbul edilib.
Birlik iştirakçısı olan dövlətlərin Baş Prokurorlarının Əlaqələndirmə Şurası, MDB iştirakçısı olan dövlətlərin Daxili İşlər Nazirləri Şurası, təşkilatın iştirakçıları olan dövlətlərin Təhlükəsizlik Orqanlarının və Xüsusi Xidmətlərinin Rəhbərləri Şurası, vergi (maliyyə) təhqiqatları orqanlarının rəhbərlərinin Əlaqələndirmə Şurası korrupsiyaya qarşı mübarizə məsələlərini öz iclaslarında müntəzəm surətdə müzakirə edir. Müvafiq qərarlar qəbul edilir, həmin qərarlara əsasən birgə əməliyyat-profilaktiki tədbirlər keçirilir, korrupsiyaya qurşanmış vəzifəli şəxslərin hüquqazidd fəaliyyətinin qarşısının alınmasına yönəlmiş birgə tədbirlər görülür, bu sahədə informasiya mübadiləsi aparılır.
Eyni zamanda S.Lebedev korrupsiyaya qarşı mübarizədə, bu fəaliyyətin əlaqələndirilməsi üçün əməkdaşlığın yeni forma və istiqamətlərinin axtarışında MDB iştirakçısı olan dövlətlərin, Birlik orqanlarının geniş qarşılıqlı fəaliyyətinin əhəmiyyətinin artmasını qeyd edib.
S.Lebedevin fikrincə, dövlət başçıları tərəfindən yaradılmış Korrupsiyaya Qarşı Mübarizə üzrə Dövlətlərarası Şuranın əsas vəzifəsi məhz bundan ibarətdir. Bu şura milli qanunvericiliklərin yaxınlaşdırılmasına və harmonikləşməsinə kömək etməli, əməkdaşlığın hüquqi bazasını təkmilləşdirməli, MDB iştirakçısı olan dövlətlərin səlahiyyətli orqanlarının qarşılıqlı fəaliyyətini əlaqələndirməli, habelə Birlik çərçivəsində korrupsiyaya qarşı mübarizə sahəsində qəbul olunmuş sənədlərin həyata keçirilməsini təmin etməlidir.
Zeynal Ağazadə
AzərTAc-ın xüsusi müxbiri
Minsk

Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Sergey_Lebedev_Korrupsiayaya_qarsi_mubarize_yalniz_birge_seylerle_semere_vere_biler-828421

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR