Gülnar Salmanova: "O aktrisa belimdən yumruğu ilə zərbə vurdu" - FOTO

Gülnar Salmanova: "O aktrisa belimdən yumruğu ilə zərbə vurdu" - FOTO
00:22 21 Sentyabr 2015
238 Digər
Ölkə mətbuatı
A- A+

Milli.Az-ın "Pərdəarxası" rubrikasının budəfəki qonağı əməkdar artist, tanınmış aktrisa Gülnar Salmanovadır. Musiqili Teatrdan sənət yaradıcılığına başlayan aktrisa əsasən komik rollar ifaçısı kimi tanınır. O vaxtın gizlin teatr intriqaları Gülnar Salmanovadan da yan keçməyib. Aktrisa sənət həyatının pərdəarxası məqamlarını bizimlə bölüşür:

- Teatra yenicə gəlmişdim, 1981-ci il idi. Mən gələn ərəfədə teatrda Vaqif İbrahimoğlu "Arşın mal alan" əsərini tamaşaya hazırlayırdı. Vaqif İbrahimoğlu Gülçöhrə obrazını teatrımızın əməkdar artisti Sona Həsənovaya tapşırmışdı. Məni də ona dublyor vermişdi. Yaxşı da oxuyub-oynayırdım. Vaqif İbrahimoğlu tamaşanın birinci kollektivini çağıranda onların içində mən də var idim. Bu Sonaya pis təsir etdi. Buna görə də qorxumdan səhnəyə çıxmağa cəsarət etmədim. Vaqif müəllim ikinci dəfə məni çağıranda Sona məni itələyib yumruğu ilə vurdu. Çünki çox hirsli idi. Ufuldaya-ufuldaya səhnəyə çıxıb rolumu oynadım. Heç kimə bunu bildirmədim, amma Vaqif müəllim görmüşdü. O çox uzaqgörən insan idi. Vaqif İbrahimoğlu da onun acığına dedi ki, Sona, bundan sonra rolu Gülnar oynayacaq. Sonanın o vaxt 50, mənim isə 22 yaşım vardı. O başa düşmürdü ki, Gülçöhrəni 50 yaşlı aktrisa oynaya bilməz. Teatrda o vaxt qocaman aktrisalar gənclərə rollarını qısqanırdılar. Bununla barışmırdılar ki, onların rolunu kimsə oynasın. Mən çox sakit təbiətli insan idim, ona görə də bu cür intriqalara baş qoşmurdum. Sona Həsənova anam yaşında idi, mən ona istəsəydim də, heç nə deyə bilməzdim. Ona pis təsir etmişdi ki, mən qala-qala Gülnar oynayacaq.

Bu cür hadisələr çox olub, amma mən fikir verməmişəm.

O vaxt teatrımızın direktoru xalq artisti Hacıbaba Bağırov idi. Bir dəfə biz aktyorları yığıb İmişliyə qastrol səfərinə apardı. Dözülməz isti idi, susuzluqdan da yanırdıq. Biz orada pambıqçılara konsert verməli idik. Kolxoz sədri bizi qarşılayıb bir çardağa apardı. Mənimlə Lütfiyyə Səfərova getmədik. Bizə yaxın olan ərazidə bir çay var idi. Əl-üzümüzü yumaq üçün çaya getdik. Lütfiyyə çox qorxaq idi, ona görə də çaya yaxınlaşmadı. Çayın kənarındakı palçıq o qədər yuyulmuşdu ki, sürüşkən olmuşdu. Əynimdə ağ rəngli çox bahalı bir don var idi. O paltarı böyük həvəslə geyinmişdim ki, çıxış edəcəyəm. Saçımı da gözəl düzəltdirmişdim. Üzümü yumağa əyiləndə ayağım sürüşdü, çay məni apardı. Çayın kənarından uzaqlaşdıqca daha da dərin olduğunu görürdüm. Lütfiyyə ilə Hacıbaba məni səsləyib qışqırırdılar. Bir də gördüm ki, bir kişi əlindəki bel ilə mənə sarı gəlir. Sürüşə-sürüşə də olsa beldən tutub, sudan çıxdım. Əynimdəki paltar nə hala düşmüşdü... Mənə deyirdilər ki, biz bunun üçün fikir edirik, bu da paltar üçün (gülür). Pambıqçı qızlar paltarımı yuyub, mənə bir xalat verdilər. Elə o xalatla da səhnəyə çıxdım. Hacıbaba dedi ki, yaxşı ki, səni sudan çıxardıq, sənə bir şey olsaydı, mən nə cavab verəcəkdim? Sonradan o məni görəndə deyirdi ki, ay camaat, qaçın, "vodolaz qız gəldi" (gülür).

Bir dəfə də Gürcüstandan qastrol səfərindən gələrkən avtobusumuz xarab oldu. Özü də qış ayı idi, dizə qədər qar yağmışdı. Çölün düzündə ac-susuz donmuşduq, rəngimiz qaralmışdı. Hacıbaba öz maşınına minib gəlmişdi, çünki nə biləydi ki, biz yolda qalacağıq. 7-8 saat biz yolda qalandan sonra avtobusu düzəltdilər və bizi yola saldılar. Bu cür əziyyətlər çox çəkmişik. Hətta bəzən elə olurdu ki, qrim otağımız çox soyuq olurdu. Tez-tez xəstələnirdik, amma buna baxmayaraq tamaşalarımızı əskiltmirdik.

Teatra yeni gələndə məni qəbul edən də var idi, qəbul etməyən də. Müəllimim Lütfiyar İmanov məni teatra gətirib Nəsibə Zeynalovaya tapşırdı. Dedi ki, "Məmə, Gülnar sənə əmanətdir". O vaxt Nəsibə xanıma hamı "məmə" deyirdi. Nəsibə Zeynalova ilə biz ana-bala olmuşuq. Qastrol səfərlərinə gedəndə oteldə birlikdə qalırdıq. Həmişə onun qulluğunda dayanmışam, saçını daramışam, hörmüşəm. O mənə analıq, mən ona qızlıq etmişəm. 2011-ci ildə böyrəyimlə əlaqədar reanimasiyaya yerləşdiriləndə Nəsibə xanımı yuxuda görmüşdüm. Nəsibə xanımı yuxuda görəndə həmişə hər şey yaxşı olur. Elə bu gün də yuxularımın yaxşı olmasını arzulayıram. Günü-gündən taqətim azalır, xəstəliyim güclənir. Dializə gedəndə o dünyanı görüb gəlirəm. Allaha yalvarıram ki, mənə bir az da möhlət ver. Bilsəydim ki, bu yaşımda yataq xəstəsi olacağam, teatrda daha çox işlər görərdim. Xəstəlik məni vaxtından əvvəl cənginə aldı. Məni həm sağlamlığımdan, həm də sənətimdən geri saldı. Yenə də son ümidim Allahdır.

Əli Rəhimoğlu

Milli.Az




























Xəbərin orijinal ünvanı: http://news.milli.az/culture/368840.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR