x
Loading...
.

Ölüm bir gün də tək qoymur məni...

Ölüm bir gün də tək qoymur məni...
19:18 29 Yanvar 2015
Ölkə mətbuatı
A- A+
.


Bakı, 29 yanvar, AzərTAc
Azərbaycan poeziyasında öz yolu, öz dəsti-xətti ilə seçilən, heç kəsə bənzəməyən qələm sahiblərindən idi Vaqif Səmədoğlu. Ömrü boyu yazsa da az çap olunan Vaqif Səmədoğlu həmişə özünü, qəlbini, ruhunu, Allah vergisi olan poetik dünyasını kağıza köçürdü. Səməd Vurğun kimi böyük söz ustadının evində dünyaya qucaq açdı. İlk laylasını “Azərbaycan” şeiri üstə köklədilər. Bəlkə də bu səbəbdəndir ki, özü də, sözü də böyüdü, Azərbaycan boyda oldu. İlk qələm təcrübəsindən, son şeirinə qədər heç kəs onun yaratdıqlarının yaşının hansı dövrünə aid olduğunu bilmədi. Bu artıq Allah vergisi, bənzərsiz istedad idi. Vaqif Səmədoğlu dövrünün qəribə şairi idi. Onun poeziyasında inilti, sızıltı, ah-fəğan yoxdur. Bəşəri bir kədər var. İnsanları düşündürən, duyğularına həzinlik, kövrəklik, xeyirxahlıq gətirən, dünya poeziyasını məşğul edən əbədi bir kədər.
Bu kədəri Vaqif Səmədoğlu ilə vidalaşmağa gələnlərin üzündən oxumaq mümkün idi...
AzərTAc-ın müxbiri onlardan bir neçəsinin Vaqif Səmədoğlu ilə bağlı xatirələrini oxucularla bölüşür.
Xalq şairi Söhrab Tahir fikirlərini belə ifadə edib: “Vaqif Səmədoğlu bütün ömrünü Azərbaycan xalqının mədəniyyətinə, tərəqqisinə, yüksəlişinə həsr etdi. Onun poeziyası da, dramaturgiyası da, bütövlükdə ədəbi fəaliyyəti də xalqımıza həsr olunub. Vaqif böyük Səməd Vurğunun yolu ilə getmədi. Baxmayaraq ki atası idi, həm də respublikada ən böyük şairlərdən, söz adamlarından hesab olunurdu. Vaqifdə poetik cəsarət o qədər böyük idi ki, özünə yeni bir cığır, yeni bir yol seçdi. Azərbaycan ədəbiyyatına yeni bədii, poetik nəbz gətirdi. Vaqif tutduğu yolla gəlib atasının səviyyəsinə çatdı”
Vaqiflə biz çox yerlərdə olduqlarını, ədəbi görüşlər keçirdiklərini söyləyən Söhrab Tahir bildirib ki, o, elə bir şəxsiyyət, şair, dramaturqdur ki, əbədi olaraq Azərbaycan xalqının xatirəsində qalacaq, gözəl sözlərlə anılacaq.
Bir şairin evində doğulub, böyüyüb şair olmaq çətin işdir söyləyən xalq şairi Sabir Rüstəmxanlı deyib ki, Allah Vaqifə və böyük qardaşı Yusif Səmədoğluya fitri istedad bəxş etmişdi. Yusif Səmədoğlu nəsrimizdə bənzərsiz yer tutur, Vaqif Səmədoğlu – poeziyamızda. O, sakitcə, təvazökarlıqla, özünü reklam etmədən, bir az da yumorla, zarafatla, amma addım-addım Vaqif Səmədoğlu zirvəsinə yüksəldi. Vaqif Səmədoğlu həyat sevgisi ilə dolu bir adam idi, amma ölüm haqqında çox danışırdı. Həyatda hamının görmədiyi, sezmədiyi şeyləri duymağı bacarırdı. Ona görə onunla oturub durmaq, yoldaşlıq son dərəcə maraqlı idi.
Ömrünün sonuna yaxın həddindən artıq ölüm haqqında şeirlər yazırdı. Vaqif ölümsüzlüyünü hamıdan çox dərk edən insanlardan idi. Azərbaycan şeiri durduqca Vaqif Səmədoğlunun poetik, ədəbi, mənəvi həyatı var olacaq.
S.Rüstəmxanlı bildirib ki, ki, bu ailənin taleyinə qəribə bir missiya düşüb. Səməd Vurğun sovet ideologiyasının böyük tərənnümçülərindən biri idi, Yusif Səmədoğlu ilə Vaqif Səmədoğlu isə milli azadlıq hərəkatının qabaqcıl nümayəndələri. Yəni Allah bu ailəyə XX yüzilliyin iki fərqli düşüncə sistemini yaşamağı qismət etmişdi. Bir tərəfdən sovet düşüncə sistemi, bir tərəfdən də ona tam zidd olan milli düşüncə sistemi. Vaqif ikinci xəttin adamı idi və bu milli düşüncə var olduqca Vaqif də var olacaqdır.
“Anar məni “Evləri köndələn yar”la tanıtdı, Vaqif isə “Bəxt üzüyü” ilə sevdirdi” - deyən xalq artisti Afaq Bəşirqızı bildirib ki, Vaqif Səmədoğlu xəstə olduğundan tez-tez onunla ünsiyyətdə olurdum, telefonla danışırdım. Dünən mən xoşbəxtliyin qafiyəsini tapa bilməyən dostumu itirdim. Önəmli dostlarımdan birini itirdim. Vaqif çox zəkalı, həyata filosof gözü ilə baxan bir adam idi.
Vaqif Səmədoğlu haqqında hər kəsin deməyə sözü olsa da, burda sözümüzü onun bu misraları ilə tamamlayıb, ölməz şairimizə Tanrıdan rəhmət diləyirik.
Ölüm bir gün də
tək qoymur məni.
Qoymur onsuz sevib-sevilməyə,
qəmlənməyə-sevinməyə,
istədiyim kimi şeir yazmağa.
Bir nəğməyə də qoymur
rahat qulaq asım,
xəyallarda özümü özümə basdırır...
Ömür tənhalıq verdi mənə
ölüm başdan-başa doldurdu
təkliyimin boşluğunu.
Tək, yalqız qoymadı məni,
bir gün də qəribsəmədim bu dünyada
ölüm sarıdan...



Xəbərin orijinal ünvanı: http://azertag.az/xeber/Olum_bir_gun_de_tek_qoymur_meni-828439

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Loading...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR