Azərbaycan Velosiped İdmanı Federasiyasının əməkdaşlarından təqdirəlayiq addım

“Coca-Cola” şirkətinin bütün dünyada uzun illər ərzində dəstəklədiyi Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü çərçivəsində “Bakcell” şirkəti və “Green Baku” ekolojı gənclər birliyinin həyata keçirdiyi “Let’s Do It! Azerbaijan” layihəsi əsasında sahilyanı təmizlik aksiyası keçirilib.

Hər ilin sentyabr ayında qeyd olunan Beynəlxalq Sahilyanı Ərazilərdə Təmizlik Günü “Coca-Cola” tərəfindən artıq 20 ildir ki dəstəklənir və yer kürəsində su hövzələri sahillərinin tullantılardan təmizlənməsinə yönələn ən irimiqyaslı könüllü hərəkatıdır. Bu il sözügedən tədbir “ASAN xidmət” nəzdində fəaliyyət göstərən “Green ASAN qrupu”, Azərbaycanın ilk mobil rabitə operatoru “Bakcell” şirkəti, “Green Baku” ekoloji gənclər birliyi, “Let’s Do It! Azerbaijan” proqramı (letsdoitworld.org), Binəqədi Rayon İcra Hakimiyyəti, Azərbaycan Velosiped İdmanı Federasiyası, həmçinin “Urban.az” informasiya portalının dəstəyi ilə baş tutub. Aksiyanın daimi tərəfdaşları sırasında Azərbaycan Ekologiya və Təbii Sərvətlər Nazirliyi, Milli Olimpiya Komitəsi, ADA Universiteti və “Youth Inc.” gənclərin sahibkarlıq proqramı yer alır.

Tədbir paytaxt sakinlərinin böyük marağına səbəb olub və aksiyaya “Coca-Cola” şirkətinin əməkdaşları, hökumət və qeyri-hökumət təşkilatlarının, özəl şirkətlərin nümayəndələri də olmaqla 450-yə yaxın könüllü qatılıb. Ötən illərdən fərqli olaraq əksər insanlar aksiyaya ailələri ilə gəliblər. Belə ki, ekoloji davranışa məhz uşaq yaşlarından alışdırmaq gərəkdir. Aksiyada bayram əhval-ruhiyyəsi hiss olunurdu və insanla təbiətin həmrəyliyi duyulurdu.

“Aksiya çərçivəsində 10 tona yaxın məişət tullantılarının toplanmasına nail olduq. Tədbir çərçivəsində Bakı sakinləri və şəhərin qonaqlarının diqqətini ətraf mühitin mühafizəsinə yönəltmək, həmçinin davranışımızla ətrafdakılara örnək olmaq vacib idi. Hər bir şəxs ekoloji durumun yaxşılaşdırılması üçün əlindən gələn köməkliyi göstərməklə ətraf mühitin təmizliyinin qeydinə qala bilər. Bəzən bunun üçün sadəcə özümüzdən sonra qalan məişət tullantılarını təmizləmək kifayət edir”, - deyə Binəqədi Rayon İcra Hakimiyyəti başçısının müavini Aygün Əliyeva bildirib.

“Artıq altıncı dəfədir ki, “Coca-Cola” şirkəti Azərbaycanda “Coastal Cleanup” aksiyasını təşkil edir. Bizim üçün cəmiyyətin ekoloji rifahı hər bir insanın və ümumilikdə bütün cəmiyyətin rifahı kimi vacibdir. Buna görə, Xəzər dənizinin sahilyanı ərazilərini zibil və tullantılardan təmizləmək üçün biz çoxlu sayda insan cəlb etməyə calışdıq ki, onlar da böyük maraq və məmnuniyyətlə aksiyaya qoşuldular. “Coca-Cola” şirkəti öz dostları, onların ailələri və müxtəlif yaşlı könüllülərlə birgə aksiya çərçivəsində 3 km sahilyanı ərazini 10 tona yaxın tullantıdan təmizləyə bilib. Sözügedən tədbir artıq bayrama çevrilib və onun sayəsində yaşadığımız təbiət təmizlənir. Ümid edirik ki, gələcəkdə analoji aksiyaların keçirilməsinə ehtiyac qalmayacaq, belə ki, çimərliklər təmiz olaraq qorunub saxlanacaq”, - deyə “Coca-Cola” şirkətinin Azərbaycan nümayəndəliyinin kommunikasiyalar üzrə meneceri Elşad Fərzəliyev qeyd edib.

“Azərbaycan Velosiped İdmanı Federasiyası “Coca-Cola” ilə müxtəlif aksiyalarda, o cümlədən ekoloji layihələrdə əməkdaşlıqdan hər zaman məmnundur. “Bakı 2015” Avropa Oyunları ərəfəsində BMX Veloparkının ərazisində “Ağac əkək, təbiətə pay verək” adlı ekoloji proqram çərçivəsində 4 minə yaxın ağac əkilib. Ötən həftənin şənbə günü isə çoxsaylı könüllülərlə birgə Abşeronun sahilyanı ərazilərində təmizlik işləri keçirilib”, - deyə Azərbaycan Velosiped İdmanı Federasiyanın baş katibi Fərhad Əliyev deyib.

“Biz çox şadıq ki, Abşeron yarımadasında məişət tullantıları probleminə diqqət yetirən insanların sayı hər il artır. Sözügedən problemin həllinə öz töhfəsini vermək istəyən könüllülərin sayının ildən-ilə artması daha sevindirici bir haldır. Cari aksiyanın bütün iştirakçıları və təşkilatçılarına minnətdarlığımı bildirmək istəyirəm, bu isə ümumilikdə 450 nəfər insan deməkdir. Ümid edirəm ki, yaxın gələcəkdə sahilyanı ərazilərin çirklənməsi problemi birdəfəlik həll olunacaq”, - deyə “Let’s Do It! Azerbaijan” layihəsinin koordinatoru Samir Qədirov vurğulayıb.

“Çimərliklərin insan təsiri nəticəsində ən çox dəyişikliyə məruz qalan ərazi olduğunu nəzərə alsaq, cari aksiya mühüm aktuallığa malikdir. “Bakcell” şirkəti ardıcıl olaraq ikinci ildir ki, böyük həvəslə sözügedən aksiyada iştirak edir və biz çox şadıq ki, ekoloji problemlərin həllində iştirak etmək istəyənlərin sayı hər il artır. Xəzər dənizi üçün əhəmiyyət kəsb edən bu cür aksiyanın iştirakçıları və təşkilatçılarına təşəkkürümü bildirirəm”, - deyə “Bakcell” şirkətinin korporativ kommunikasiya bölməsinin rəhbəri Süheylə Cəfərova bildirib.

Novxanı qəsəbəsi çimərliyinin ərazisi plastik və şüşə butulkalar, konserv bankaları, həmçinin digər zibil və məişət tullantılarından təmizlənib.

Aksiya “Topla, təmizlə, fərqi gör!” şüarı altında keçirilib və bütün aksiya iştirakçıları “Coca-Cola” şirkəti tərəfindən nəqliyyat, idman köynəkləri, sərinləşdirici içkilər və qida, həmçinin təmizlik üçün lazımi ləvazimatlarla təmin olunub.

Qeyd edək ki, “Coca-Cola” tərəfindən son 5 il ərzində keçirilən analoji birgünlük aksiya çərçivəsində Xəzər dənizinin çimərliklərinin 26 hektar ərazisi 10 ton məişət tullantısından təmizlənib. Ümumiyyətlə, 2014-cü ildə aksiyaya dünya üzrə “Coca-Cola”nın 27 ölkədən 650 minə yaxın tərəfdaşı qoşulub ki, nəticədə uzunluğu 20 min km olan sahilyanı ərazilər tullantılardan təmizlənib.

“Coca-Cola” şirkəti təmizlənən ərazilərdən toplanan tullantıları qeydə alaraq məlumatı “Ocean Concervancy” təşkilatına göndərir. Həmin məlumatlar isə öz növbəsində dünya su hövzələrinin təmizlənməsi haqqında ölkələr üzrə beynəlxalq hesabatlarda əks olunur. Bu cür təşəbbüslər ekologiya və ətraf mühitin qorunması sahəsində “Coca-Cola”nın həyata keçirdiyi inkişaf proqramlarının, xüsusilə də, dünya okeanları və su hövzələrinin mühafizəsi sahəsində görülən işlərin nəticələrini gücləndirir.

Xatırladaq ki, 1995-ci ildən etibarən “Coca-Cola” şirkəti ilə “Ocean Conservancy” təşkilatı arasında sıx əməkdaşlıq mövcuddur. Şirkət 2011-ci ildə “Ocean Conservancy” ilə birgə “Trash Free Seas Alliance”ın yaradılmasında iştirak edib. Bu, dənizdə tullantıların üzə çıxmasının səbəblərinin aşkarlanması və onların aradan qaldırılması istiqamətində üzərinə öhdəlik götürən müxtəlif müəssisələrin, ictimai təşkilatların, elmi qurumların və ictimai qrupların birliyidir. 


Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)
Загрузка...

RƏYLƏR

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR