"Ən uğurlu zarafatım dəfn mərasimim olacaq" - FOTO

"Ən uğurlu zarafatım dəfn mərasimim olacaq" - FOTO
20:05 29 Yanvar 2015
868 Maraqlı
Ölkə mətbuatı
A- A+

Milli.Az kult.az-a istinadən Rəfiqə Əlisəfanın yazısını təqdim edir 
Yəqin ki, hər kəs bu balacaboy, gülərüz yumor ustasını xatırlayır. Fransanın milli simvollarından birinə çevrilən Lui de Fyunesin ölümündən 32 il ötür. Kult.az aktyorun həyatından maraqlı məqamları təqdim edir: 
 
Balaca zadəgan
 
İspan aristokratları nəslindən olan aktyoru gənclik illərində dostları “Fyu-Fyu” deyə çağırırdılar. O, hələ uşaq yaşlarından ya musiqiçi, ya da aktyor olmağı arzulayırdı. Tale elə gətirdi ki, onun hər iki arzusu yerinə yetdi...
 
Lui de Fyunes 31 iyul 1914-cü ildə Kurbevuada dünyaya göz açıb. Onun atası Hispen Karlos de Fyunes de Qalarza Sevilyadan olan ispan-portuqal əsilli aristokrat ailənin üvladı idi. De Qalarzanın Paris yaxınlığında bir zərgər dükanı var idi. Ailənin güzəranı bu dükan təmin edirdi. Ev işləri ilə isə evdar qadın olan anası madam Leonor de Fyunes məşğul olurdu. Lui anasıyla evdə vaxt keçirərkən, onu güldürməyi sevir, daha çox Çarli Çaplini təqlid etməkdən xoşu gəlirdi.
 
Lui de Fyunes hələ uşaq yaşlarından aktyor olmağı arzulasa da, bir müddət bu arzusunu ailəsindən gizlətməyə çalışıb. Çünki aristokrat ailədən olduğuna görə valideynlərinin onun bu seçiminə qarşı çıxacaqlarını düşünürdü.
 
De Fyunes hər kəslə zarafat etməyi, hamını ələ salmağı adət halına gətirmişdi. Orta məktəbdə buna görə o, bir sıra problemlərlə üzləşib. De Fyunes bir gün sinif otağında öz sinif yoldaşlarını və müəllimini yamsılayarkən mademuazel Sovanj bunu görür:
 
– Fyunes, sinfi tərk et!
 
– Axı mademuazel, mən pis heç nə etmədim...
 
Bu dialoqdan sonra bütün sinifdə qəhqəhə səsləri eşidilir. Şagirdlər üçün Luinin məyus və bic siması kifayət idi ki, bütün dərsi gülərək keçirsinlər. Amma Lui şagirdlərin gözündə heç də avara təlxək deyildi. O, dərslərini yaxşı oxuyurdu. Amma riyaziyyatdan və digər dəqiq elmlərdən baş aça bilmirdi. O, hətta katetlə hipotenuzu bir-birindən ayırd edə bilmirdi. Riyaziyyat dərsində bütün şagirdlərin önündə pərt olmamaq üçün Lui hər lövhəyə çağırılanda bir şou yaradır, hər kəsi güldürməyə müvəffəq olurdu. 
 
O, zarafatsız və yumorsuz yaşaya bilmirdi. Məktəbdə, evdə, mağazada hər kəsi güldürməkdən zövq alırdı.
 
1939-cu ildə səhhəti ilə bağlı problemlər ucbatından de Fyunes hərbi xidmətdən azad edilir – boyu 1.64 santimetr, çəkisi isə 55 kiloqram idi.
 
Bir il sonra Lui hərbi lagerə gedir – o, burda bütün əsgərlərin üzünü güldürür. Lui həm də yaxşı piano çalmağı ilə hər kəsin rəğbətini qazanır. 
 
Piqaldakı sevgililər
 
Hər kəsi güldürən, yumoristik insanlar bəzən qadınlar tərəfindən o qədər də ciddi qarşılanmır. Luinin həmkarı xanım Katrin Denöv onun haqda demişdi: “Heç kim yatağında bu cırtdanı arzulamaz”.
 
Əslində isə aktrisa Katrin yanılırdı, ya da təkcə öz subyektiv fikrini bildirmişdi. Çünki Luini kifayət qədər qadın sevirdi. Hiyləgər “Napoleon” qadınları şirin dili və zarafatları ilə özünə aşiq edə bilirdi.
 
Cavanlıqda “Fyu-Fyu” öz qonşusu – aktrisa Elina Laburdeti sevirdi. Xanım Laburdet isə balaca “Napoleon” tərəfə baxmırdı belə.
 
Luinin qadınlarla ilk yaxınlığı Piqalda pianoçu olaraq fəaliyyət göstərərkən olub. Belə ki, Lui burda qazandığı bütün pulu ayın sonunda fahişələrə xərcləyir və məhəbbətdən uzaq durmağa çalışırdı.
 
1942-ci ildə o, studiyalardan birində Mopassanın nəvəsi Janna Bartelmi ilə tanış olur. 1943-cü ilin 22 sentyabrında onlar ailə həyatı qururlar. Lui o dövrdə müxtəlif yerlərdə işləyir, öz hamilə xanımının tələbatlarını ödəyə bilmək üçün əlindən gələni edirdi. 1944-cü ildə onların oğlu dünyaya gəlir – Patrik.
 
Gələcək yumoristin həyatı heç də şən keçməyib. Müharibədən sonra de Fyunes univermaqda vitrin dekoratoru, tənəkəçi, mühasib, fotoqraf – qarşısına çıxan hər yerdə işləyib, həm öz ailəsinə baxır, həm də təhsilini davam etdirirdi.
 
Lui bu vaxtlarda müxtəlif teatrlarda mahnı ifa edir, rəqs edir və insanları güldürməyə çalışırdı. Bir müddət həvəskar kimi müxtəlif teatrlarda fəaliyyət göstərdikdən sonra onu radioya, televiziyaya və nəhayətində, kinoya dəvət edirlər. 
 
De Fyunesin kinematoqrafiyaya gəlməsi müharibədən sonrakı dövrə təsadüf edir. O, çoxlu kinolarda çəkilirdi, amma epizodik rollarda. Bununla o, izləyicilərin yaddaşında qalıb, öz istedadını lazımınca nümayiş etdirə bilmirdi.
 
Onun ilk ciddi rolu İv Roberin 1958-ci ildə ekranlaşdırılan “Tutulmayan oğru deyil” filmində alır. Məhz bu film aktyorun həyatında böyük rol oynayır və gələcək şöhrətinin müjdəçisi olur.
 
Daha sonralar de Fyunes “Ağacda qalan” komediyasına çəkilir.
 
1971-ci ildə məşhur aktyor öz müsahibələrindən birində deyir: “Mən karyeramın yavaş-yavaş inkişaf etməyindən şikayətçi deyiləm. Bu ləng inkişaf mənə nə istədiyimi, hara getdiyimi dərk etməyimə kömək etdi. Mən məşhur olmayanda öz üzərimdə işləyib mimikaları, detalları, jestləri götür-qoy edir, kiçik rollarla özümü təkmilləşdirirdim. Mən bununla gələcəkdə mənə lazım olacaq şeylərin ehtiyat baqajını yığıb saxladım. Əgər əlimdə olsaydı, bu uzun yoldan yenə də imtina etməzdim”. 
 
De Fyunesin şöhrəti və dəvət aldığı kinoların sayı get-gedə artır. 1960-cı illərdə insanları daha çox onları güldürə bilən, yumoristik və əyləncəli filmlər cəlb edir. Bu isə o demək idi ki, de Fyunes lazım olan vaxtda lazım olan yerdə idi.
 
O, Jerar Urinin “Böyük gəzinti” və “Maymaq” filmlərində, daha sonralar isə onu bütün dünyada məşhur edən, dillər əzbəri “Fantomas” filminə çəkilir. Tezliklə de Fyunes bütün dünyada tanınmağa başlayır.
 
1968-ci ildə Lui de Fyunes “Fransanın ən yaxşı aktyoru” elan edilir. Filmlərdən əldə etdiyi qonorarlarla ( hər çəkildiyi filmdən 2,5 milyon frank ) Lui de Fyunes bütün həmkarlarını üstələyib, ən varlı aktyor olur. 
 
“Mənim haqqımda danışmayın, uşaqlar”
 
Lui de Fyunesin oğlanları tərəfindən yazılan kitab məhz belə adlanır. Bioqrafiyanın yazılmasında təkcə oğulları deyil, həm də aktyorun xanımı da iştirak edib.
 
Atalarının xahişi ilə oğulları kitabda Lui de Fyunesin xoşagələn tərəflərinə daha çox üstünlük verib, onun mənfi xüsusiyyətlərindən bəhs etməməyə çalışıblar.
 
15 mart 1973-cü ildə Lui de Fyunes Fəxri Legion ordeninə layiq görülüb. Lakin məhz bu hadisədən sonra aktyorun həyatında xoşagəlməz hadisələr bir-birini izləməyə başladı.
 
O, 1875-ci ildə səhnədə infarkt keçirdi. Bir neçə aydan sonra xəstəxanada olan aktyor ikinci dəfə infarkt oldu: “İkinci infarktım, yəqin, ona görə oldu ki, mən birincini yaxşı başa düşüm” – demişdi Lui de Fyunes.
 
O, uzun müddət səhhəti ilə bağlı problemlər yaşayıb əziyyət çəkdi. Jurnalistlər və ümumilikdə media bu aktyoru tamam unutdu. Rejissorlar artıq onu çəkilişlərə dəvət etməyə qorxurdular. Çünki aktyorun hər an ürəyi öz fəaliyyətini dayandıra bilərdi. İzləyicilər isə heç inana bilmirdilər ki, həmişə üzü gülən bu yumoristin, ümumiyyətlə, ürəyi var və o nədənsə əziyyət çəkə bilər. Tezliklə de Fyunes Parisdəki evini satıb, Klermonda yerləşən imarətinə köçür. 
 
Bir müddət sonra Klod Zid aktyora zəng edib onu öz “Qanad, yoxsa bud” filminə dəvət edir. Amma film çəkilişləri boyu aktyorun səhhətində problemlər yaranır. Və demək olar ki, bütün çəkilişlər həkim nəzarəti altında keçir.
 
Səhhəti ilə bağlı yaşadığı problemlər aktyorun simasından təbəssümü silir. O, artıq yalnız kamera önündə gülümsəyirdi. Real həyatda aktyoru yalnız sevimli nəvəsi – balaca oğlunun qızı güldürə bilirdi.
 
Həyatının son günlərində aktyor asosial bir həyat yaşayır, tez-tez balıq ovuna gedir, həyətində güllər əkirdi:
 
“Mən cəmiyyəti sevmirəm. Çox az dostum var. Boş vaxtlarımı ailəmlə keçirməyə üstünlük verirəm". 
 
Bağçada ölüm
 
De Fyunesin ən sevimli rejissoru və kinematoqrafiyadan ən yaxın dostu Jan Jiro idi. Öz dostunun vəfatından sonra de Fyunes tamamilə həyat eşqini itirir. Həkimlərin ona yazdığı dərmanları qəbul etməkdən imtina edir. Heç kimi qonaq dəvət etmir, evindən çıxmır və telefon zənglərinə cavab vermirdi.
 
Lui ölümündən bir həftə öncə öz xanımı Jannaya deyir:
 
– Mən bilirəm ən uğurlu zarafatım hansı olacaq.
 
– Hansı?
 
– Mənim dəfn mərasimim. Bunu elə canlandırmalıyam ki, hər kəsin gülməkdən ürəyi getsin.
 
Bir gün Lui de Fyunes yuxudan oyanıb öz xanımını yanına çağır: “Mən otağımda tək darıxıram” – bu sözlər aktyorun son sözləri olur.
 
Dahi aktyor 1983-cü ildə klinikaya aparılarkən yolda dünyasını dəyişir.
 
Milli.Az








Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/321655.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR