Fiziki həzzə görə yerdə sürünən şəxs insan deyil, bitkidir

Fiziki həzzə görə yerdə sürünən şəxs insan deyil, bitkidir
21:42 29 Yanvar 2015
829 Maraqlı
Ölkə mətbuatı
A- A+

Milli.Az kult.az-a istinadən Emil Bağırovun yazısını təqdim edir 
Covanni Piko della Mirandolla 1463-1494-sü illərdə yaşamış renessans dövrünün ən böyük filosoflarından biridir. Dövrünün ən təhsilli insanlarından biri olan Covanni Piko qədim dillər üzrə mütəxəssis idi. O, latın, yunan, ibrani, ərəb, digər dilləri çox yaxşı bilirdi. Sxolastik görüşlərə sahib olan filosof bir müddət Florensiya Akademiyasında platonçularla da dostluq edib. 1486-cı ildə hələ 23 yaşı olarkən din, fəlsəfə, dialektika və magiyaya dair 900 tezisdən ibarət “İnsan ləyaqəti haqqında nitq” əsərini yazıb.
 
İtaliyalı filosofun “Ən böyük möcüzə insandır” başlığı altında toplanmış fikirlərini təqdim edirik.
 
Ərəblərin və hörmətli atalarımızın qeydlərini oxuyarkən gördüm. Saracenli Abdalaydan bu dövrdə dünyada ən çox heyranlıq doğuran şeyin nə olduğunu soruşurlar. O isə bu cavabı verib: “İnsan”. Onun bu fikrinə Hermes Trismegistus da qatılır: “Ən böyük möcüzə insan oğludur”. Bu sözlərin altında yatan səbəbləri fikirləşdikdə insan təbiətinin çoxtərəfli mükəmməlliyinə dair deyilən sözlərin məni qane etmədiyini gördüm. Bütün varlıqların vasitəçisi, tanrıların məhrəmi, aşağı səviyyəli varlıqların kralı, kəskin duyğuları, mühakimə qabiliyyəti və parlaq zəkası ilə təbiətin mütərcimi, farsların dediyi kimi, sabit sonsuzluq ilə uçub gedən zaman aralığı və rabitə, Davuda görə mələklərdən bir az aşağıda olan varlıq və s.
 
Bunlar əsas səbəblər deyil, çünki insanın ən böyük heyranlıq doğuracaq varlıq olduğuna dair iddianı haqlı çıxartmırlar. Məsələn, niyə mələklərə və göydəki müqəddəs ahəngə də böyük heyranlıq duymayaq? Belə görünür ki, insanın niyə ən bəxti gətirən və dolayısı ilə heyran olmağa dəyər bir varlıq olduğunu, bəşəri mövcudluq zəncirində öz payına düşəni və hansı mərtəbədə olduğunu (Bu, ulduzların və dünyadan kənar zehinlərin belə qısqanacağı bir mərtəbədir.) nəhayət, tam olaraq başa düşdüm. Əslində, bu möcüzəvi bir şeydir və qədim inanclara söykənir. Niyə də olmasın? İnsanın böyük möcüzə, möhtəşəm varlıq adlandırılmağa, həqiqətən də, haqqı çatır.
 
Məni eşidin. Bu mərtəbənin tam olaraq nə olduğunu duymağa çalışın, mənə bu yaxşılığı edin. Tanrı, o müqəddəs memar, gördüyümüz bu kosmik evi, ən müqəddəs məbədini, sirli müdrikliyinin məhsulu olan qanunları ilə çoxdan inşa etmişdi. Səmaların da üstündəki bölgəni ağıl ilə təchiz etmiş, səmavi kürələrə əbədi ruhlar vasitəsilə hərəkət qazandırmış və aşağıdakı dünyanın qarışıq bölgələrini hər növdən heyvanla doldurmuşdu. Ancaq Sənətkar işini bitirdikdən sonra kimlərinsə bu əsrarəngiz işi görməsini, üstündə düşünməsini, böyüklüyünə, sonsuzluğuna və gözəlliyinə heyran olmasını istədi. Dolayısı ilə hər şey bitdikdən sonra Tanrı insanı yaratmaq qərarına gəldi. Ancaq əlindəki nümunələr istədiyi kimi yeni bir nəsil yaratmağa uyğun deyildi. Xəzinəsində də bu nəslə miras olaraq bəxş edəcəyi heç nə yox idi. Bundan başqa, dünya üzərində yeni varlığın oturub kainatı seyr edə-edə düşünə biləcəyi yer də qalmamışdı. Hər şey tamamlanmış və hər biri bölünərək ən yüksək, orta və ən aşağıda öz yerlərini almışdı. Ancaq Tanrı son əsərini yaradacaq qədər güclü idi. Müdrikliyi onun əlacsız qalmasına yol verməzdi. İlahi alicənablığa şükür etmək, “O”na təriflər yağdırmaq üçün yaratmağı düşündüyü varlığı, digər varlıqların nəzdində özünü qınamağa məcbur qoyması mərhəmətsizlik olardı.
 
Nəhayət, Sənətkar doğru-düzgün heç nə verə bilmədiyi yeni varlığın digər canlılarda mövcud olan özünəxas və bir-birindən fərqli xüsusiyyətlərinin hamısına sahib olmasını istədi. Dolayısı ilə insanı qeyri-müəyyən bir təbiətə malik varlıq kimi yaradıb dünyanın tam ortasına yerləşdirdi və dedi: “Sənə özünəxas bir quruluş və məkan vermədik, Adəm. Ona görə də ağlının gücü ilə istədiyin məkana, şəklə özün sahib çıx. Digər bütün canlıların təbiətləri sərhədlidir. Onlar bizim qoyduğumuz qadağalarla çərçivələnmiş vəziyyətdədirlər. Heç bir formada məhdudlaşdırılmayan sən, öz azad iradənə təslim edilmisən, sərhədləri sən özün müəyyən edəcəksən. Hər şeyi görə bilmən üçün səni dünyanın tam ortasına yerləşdirdik. Səni nə səmavi, nə dünyəvi, nə ölümlü, nə də ölümsüz etmədik ki, özün özünün yaradanın imiş kimi azad şəkildə seçim edə biləsən. Özünə istədiyin şəkli ver. Sənə ən alt səviyyədə vəhşi heyvan kimi yaşama gücü verəcəyik. Sən ağlın və ruhunla etdiyin mühakimələrlə yenidən doğa biləcək və daha yüksək səviyyələrə, ilahi həyata qədər yüksələ biləcəksən”.
 
Ah, o Tanrının alicənablığı, insanlığın ən uca və ən möhtəşəm sevinci! İnsana necə istəyirsə, elə olmaq, nə istəyirsə, onu edə bilmək gücü bəxş edib. Heyvanlar analarının bətnindən çıxarkən sahib ola biləcəkləri şeylərin hamısını özləri ilə bərabər gətirirlər. Ruhani varlıqlar ya ən başdan etibarən, ya da doğulduqdan sonra sonsuzadək nə olacaqlarsa, ona dönüşürlər. Tanrı insanın içinə gündəlik yaşam üçün lazım olan toxumları hələ doğulmamışdan əvvəl qoyar. İnsan bu toxumlardan hansını əkib-biçər, yetişdirərsə, həmin toxum da böyüyüb meyvə verəcək. İnsan oğlu, bunlar bitki toxumlarıdırsa, bitki kimi, duyğudursa, qaba və şəhvətli, ağıldırsa, səmavi bir varlıq olaraq böyüyəcək və əgər intellektualdırsa, Tanrının oğlu, yəni mələk olacaq. Öz mərkəzinə çəkilib ruhunu Tanrı ilə bütünləşdirərsə, Tanrının kimsəsiz qaranlığında digər bütün yaradılanların olmadığı qədər xoşbəxt olacaq. O, dəyişkən kimliyi və özü-özünü dəyişdirə bilən təbiəti ilə Afinalı Asklepiyin haqlı olaraq dediyi kimi Proteyin simvolizə etdiyi varlıqdır. Bu çevrilmə ibranilər və pifaqorçular arasında da yayğın idi.
 
İbranilərin inancında Həzrəti İdris bəzən Malakh Adonay Shebaoth adını verdikləri ilahi mələyə çevrilir və bəzən də digərləri başqa şeylərə çevrilir. Pifaqorçular təqva sahibi olmayanları vəhşi heyvanlara, hətta biri Empedokla inanacaq olsa, onu da bitkiyə çevirirlər. Onları özünə nümunə götürən Həzrəti Məhəmməd də bu sözləri heç vaxt dilindən düşürməyib: “Allahın buyruğuna tabe olmayanlar heyvana dönüşəcək”. Haqlıdır. Bitkini bitki edən qabığı deyil, hissiyyatsız təbiətidir. Heyvanı heyvan edən postu deyil, hissiyyatlı, amma ağılsız ruhudur. Eynilə göyləri göy edən kürə formasında olması deyil, dəyişməz nizamıdır. Mələyi mələk edən bədənindən əl çəkmiş olması deyil, ruhani ağlıdır. Özünü fiziki həzzə qapdırıb yerlərdə sürünən birini görsəniz, bilin ki, o, insan deyil, bitkidir. Özünü Kalipso kimi xəyallara qapdırıb heç bir şey görməz olan birini görsəniz, bilin ki, o, insan deyil, heyvandır. Əgər hər şeyi mühakimə nəticəsində açıqlayan bir filosof görsəniz, qabağında əyilin, çünki o, səmavi varlıqdır. Əgər bədənini unudub zehnin dərinliklərinə çatmaq üçün təfəkkürə dalmış birini görsəniz, bilin ki, o, nə bu dünyaya, nə də səmalara aiddir. O, insan dərisinə bürünmüş möhtərəm bir varlıqdır.
 
Ətini, yəni özünü hər şəklə salıb dəyişən və hər məxluqun xüsusiyyətlərinə büründüyü üçün Musanın və xristianların müqəddəs yazılarında haqlı olaraq bəzən “ət yığını”, bəzən də “hər məxluq” olaraq xarakterizə etdikləri bir adama heyranlıq edəcək biri var? Buna görə də Euantes Babilli sehrbazların, insanların xarici görünüşlərinin doğuşdan sahib olduqları ilə uyğun gəlmədiyini, yaradılışa tərs düşdüyünü bildirərək Xaldei üçün belə deyib: “Hanorish tharah sharinas”. Yəni “insanın təbiəti çox dəyişkən və əsassızdır”. Niyə bunun üstündə dururuq? Çünki yaradılışımız elədir ki, necə istəyiriksə, elə də ola bilərik. Bunu yaxşı başa düşməliyik. Xüsusi imtiyazlarla təchiz olunmuş formada dünyaya gələn bizlər, ağılsız heyvanlar kimi davranmaq yerinə, öz idrakımızla Asaf peyğəmbərin dediyi kimi davranmalıyıq: “Hamınız bir mələk və “Ən Uca Olan”ın övladlarısınız”. Tanrının alicənablığını istismar etməməli, bizə bəxş etdiyi azad iradəni şər yolunda deyil, xeyir yolunda istifadə etməliyik. Qoy ruhlarımızı azad arzular və duyğular sarsın ki, sıradan olanla kifayətlənməyək. Bütün gücümüzlə ən yüksəkləri hədəfləyək. Çünki biz buna qadirik.
 
Dünya nemətlərini ciddiyə almayıb, səmavi şeylərlə marağımızı azaldaq və sonda dünyaya dair hər şeyə daha az etibar etmiş olaraq o biri dünyaya, Tanrıya ən yaxın yerə doğru irəliləyək. Serafim, Kerubim və Tronesin orda ən ön sırada olduqlarını deyirlər. Onların iradəsinə təslim olmayan və daha aşağı mövqedə olmağa dözməyən bizlər, onlara oxşamağa və onlar qədər hörmətli olmağa çalışaq. Əgər istəsək, ikinci sıradakı yerimizi ala bilərik.
 
Milli.Az 


Xəbərin orijinal ünvanı: http://news.milli.az/interest/321656.html

Şahid olduğunuz hadisələrin video və ya fotosunu çəkərək bizə göndərin:
0552252950 (Whatsapp)

BU KATEQORİYADAN DİGƏR XƏBƏRLƏR